Mobil versiya
Bünövrəsi möhkəm qurulan musiqi təhsilimiz
Tarix: 18-02-2019 | Saat: 15:44
Bölmə:Təhsil / Seçilənlər-5 | çapa göndər

Bünövrəsi möhkəm qurulan musiqi təhsilimiz



Şabran rayon Uşaq Musiqi Məktəbinin fəaliyyətə başlamasından artıq 52 il ötür

Bu gün Azərbaycanda təhsil, mədəniyyət və incəsənət kimi sahələrin inkişafı ilə bağlı məsələlər həqiqətən də dövlətimizin xüsusi diqqətində saxlanılır və bu sahələr hər zaman böyük qayğı ilə əhatə olunurlar.

Çıxışlarının birində ölkənin Mədəniyyət naziri cənab Əbülfəs Qarayev də bu barədə öz fikirlərini bildirərək demişdi: “Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqi təhsilinin inkişafı ilə bağlı bir sıra tədbirlər reallaşdırılır. Bu da təsadüfi deyil. Ölkə başçısı daima bu sahəyə xüsusi diqqət göstərir, Mədəniyyət Nazirliyinə musiqi və incəsənət təhsilinin keyfiyyətinin artırılması ilə bağlı tapşırıqlar verir. Bütün musiqi kollektivlərinin, bəstəkarların, incəsənət xadimlərinin taleyində, sözsüz ki, bir bünövrə var. Bu bünövrə də musiqisi təhsili ilə qoyulur. Əgər bu iş zamanında düzgün qurulmasaydı, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov və başqalarının yollarının davamçıları olmasaydı, onda fəxr doğuran hissləri bu gün yaşaya bilməzdik...”



Hörmətli nazirin də dediyi kimi, bütün incəsənət adamlarının taleyində məhz musiqi təhsili ilə qoyulan bir bünövrə vardır. Bu bünövrənin bilavasitə qoyulduğu ilkin məkanlar izə sözsüz ki, uşaq musiqi və incəsənət məktəbləridir. Məhz bu müəssisələrdə gələcəyin görkəmli incəsənət xadimləri sənət aləmində ilk addımlarını atır, musiqinin sehrini notlara köçürmək bacarığına yiyələnir, seçdikləri alətin sirlərini öyrənməyə başlayırlar.

Belə uşaq musiqi təhsili müəssisələrindən biri də Şabran şəhərində yerləşir. Bu gün Şabran rayon Uşaq Musiqi Məktəbinin fəaliyyətə başlamasından artıq 52 il ötür. Belə ki, bu müəssisə 1967-ci ildə Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında yaradılmışdır. Hazırda Şabran rayon Uşaq Musiqi Məktəbində Fortepiano, Nağara, Klarnet, Tar, Kamança, Qarmon və Xanəndəlik ixtisasları üzrə tədris aparılır. Qeyd etmək lazımdır ki, 2017-ci ildə bu qocaman musiqi təhsili müəssisəsinin fəaliyyətinin 50 illiyi Şabranda xüsusi təntənə ilə qeyd olunub. Yubileylə bağlı keçirilən tədbirə Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi də qatılmışdı. Həmin tədbirdə çıxış edən rayon mədəniyyət şöbəsinin rəhbərliyi tərəfindən isə, bilavasitə Şabran rayon Uşaq Musiqi Məktəbinin direktoru, hörmətli Bahadur müəllim Xamedovun da fəaliyyəti qeyd olunaraq, yüksək qiymətləndirilmişdi. Vurğulanmışdı ki, Şabran rayon Uşaq Musiqi Məktəbi Azərbaycan mədəniyyətinə, musiqisinə, incəsənətinə dərin töhfələrini bəxş edən təhsil müəssisələrindən biridir.



Dediyimiz kimi, 1967-ci ildən fəaliyyət göstərən bu məktəbə artıq uzun müddətdən bəri rəhbərlik edən Bahadur Xamedov hər zaman məktəbin bütün şagirdlərinə ilk növbədə milli mədəniyyətimizə, xalq və bəstəkar musiqimizə, folklorumuza qarşı sevgi hissi aşılamağa çalışıb. Ola bilsin ki, məhz elə bu sevginin sayəsində də məktəbin müəllim və şagirdləri şəhər və respublika səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar.

Məlumdur ki, dövlət başçısının müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasına uyğun olaraq, Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən bir sıra bədii təhsil müəssisələri indiyədək əsaslı təmir olunmuşdur və bu proses indi də davam edir. Hər yeni tədris ilində isə, musiqi məktəblərinin istifadəyə verilməsi artıq bir ənənə halını alıb. Məhz bu tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanın musiqi sədaları dünyanın ən mötəbər konsert salonlarından gəlir, mədəniyyətimizin tanınma coğrafiyası getdikcə genişlənir. Dövlətin uğurlu siyasəti, görülən işlər musiqi mədəniyyətimizin inkişafına xidmət edir

İnanırıq ki, Bahadur Xamedovun rəhbərliyi altında Şabran rayon Uşaq Musiqi Məktəbinin həm müəllim, həm də şagird kollektivi bundan sonra da daha yüksək nəticələri ilə seçiləcəklər.

Qoşqar Umudoğlu
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024