Mobil versiya
Göyçay reallıqları – dinamik iqtisadi inkişaf, dayanıqlı ictimai sabitlik
Tarix: 25-10-2018 | Saat: 11:13
Bölmə:Ölkə / Seçilənlər-2 | çapa göndər

Göyçay reallıqları – dinamik iqtisadi inkişaf, dayanıqlı ictimai sabitlik







Təqdim olunan statistik məlumatlar əhalinin maddi rifahının ketdikcə yüksəldiyinə, sosial-məişət problemlərinin sürətli həllinə dəlalət edir


Bu gün sürətlə inkişaf edən bölgələrimizdən biri də Göyçay rayonudur. Təsadüfi deyildir ki, bu bölgədə indiyədək görülmüş və hal-hazırda da böyük ruh yüksəkliyi ilə həyata keçirilməkdə davam edən quruculuq işləri həm yerli ictimaiyyət, həm də ölkə rəhbərliyi tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Sakinlərin böyük əksəriyyətinin yekdil rəyinə görə, Göyçayın iqtisadi inkişafı, əhalinin rifah səviyyəsinin getdikcə artması ilk növbədə Göyçay RİH-nin başçısı Mehdi Səlimzadənin ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası yönümündə həm özünə, həm də digərlərinə qarşı son dərəcə yüksək tələbkarlıq nümayiş etdirməsi, işə məsuliyyətlə yanaşması və ən əsası da həmin vəzifələrin icrasını bilavasitə rayon sakinləri ilə sıx əməkdaşlıqda, vəhdətdə həyata keçirə bilməsi ilə təmin olunur.



Aydındır ki, hər hansı bölgənin inkişaf səviyyəsi ilk növbədə həmin rayonun iqtisadi göstəriciləri ilə xarakterizə olunur. Məhz bu baxımdan Göyçay Rayon İcra Hakimiyyəində iyul ayının 12-də keçirilmiş və 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş, eləcə də oktyabr ayının 16-da keçirilmiş və cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqlarda təqdim edilən fakt və rəqəmlər xüsusi maraq kəsb edir.

Məhsul və xidmətlərin ümumi həcmi artıb




Birmənalı olaraq demək olar ki, Göyçay rayonunda cari ilin birinci yarısında sosial-iqtisadi sahələrdə bir çox uğurlu nəticələr qazanılıb. İqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz və ya 3,2 milyon manat artaraq 129,4 milyon manat olub. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 17,5 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da əvvəlki ilin birinci yarısındakı göstəricidən 2,6 faiz çoxdur.

Aqrar sektorda yüksək nəticələr əldə olunub

Bu mövsümdə 14,7 min hektar sahədən 42,7 min ton mühüm strateji məhsul olan taxıl istehsal edilib ki, bu da əvvəlki ildəkindən 721,6 ton çoxdur. Taxılın məhsuldarlığı 0,8 sentner artaraq 29 sentner təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən ət, süd, yumurta istehsalı, mal-qaranın və qoyunların baş sayı artıb. Bütövlükdə hesabat dövründə kənd təsərrüfatında ümumi məhsul istehsalı 89,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çoxdur.Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin hesabat məruzəsində, eləcə də çıxışlarda kənd təsərrüfatının digər sahələrində, o cümlədən tərəvəz, barama, meyvə istehsalında əldə edilən nəticələr geniş təhlil olunub. Bildirilib ki, faraş tərəvəz istehsalı üçün ümumi sahəsi 277,65 hektar olan 7581 örtülü istixana quraşdırılıb. Doqquz ayda 44 min 725 ton tərəvəz istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4 min ton çoxdur. Fərdi təsərrüfatlarda istehsal edilən faraş tərəvəz əsasən Rusiya bazarlarına ixrac olunub.



Baramaçılığın inkişafı sahəsində də nəticələr uğurludur. Cari mövsümdə ötən ildəkindən 2,4 dəfə çox, 12 min 500 kiloqram barama tədarük edilib.

Tikinti-quruculuq işləri davam etdirilir, əhalinin məişət problemləri həll olunur

Hesabat dövründə Gövçay rayonunda sənayenin inkişafı, tikinti-quruculuq və abadlıq işləri, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması və sair sahələrdə də xeyli işlər görülüb. Qeyd etmək lazımdır ki, cari ilin ilk 6 ayı ərzində rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 6,4 milyon manat vəsait yönəldilib. Tikinti təşkilatları tərəfindən 6,3 milyon manat tikinti-quraşdırma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon manat və ya 18 faiz çoxdur.




Həmçinin ötən dövr ərzində Göyçayda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı ilə əlaqədar konkret tədbirlər həyata keçirilib. Belə ki, rayonun Mallı-şıxlı, Çərəkə, Alxasava, Bığır, Şəkili, Ərəbcəbirli, Mollahacılı, Ulaşlı-Şıxlı, Xəlitli kəndlərində güc transformatorları yeniləri ilə əvəz edilib. Çaxırlı, Ləkçılpaq və Çərəkə kəndlərinə mavi yanacağın verilişi bərpa olunub. 6 kənddə modul tipli sutəmizləyici qurğu quraşdırılıb, 101 bulaq çəkilib ki, nəticədə 5132 nəfər sakin içməli su ilə təmin edilib.

Olkədaxili sərnişindaşıma da rayon iqtisadiyyatının bir hissəsidir

Bir müddət əvvəl Göyçayda şəhərin ərazisindən keçən Bakı-Şamaxı-Yevlax magistral yolunun kənarında yeni avtovağzalın inşası işləri başa çatdırılıb. 5300 kvadratmetr ərazidə 240 kvadratmetr binası olan avtovağzalda yüksək səviyyəli xidmət üçün bütün lazımi şərait yaradılıb. Binada 75 nəfərlik gözləmə zalı, tibb, ana və uşaq otaqları, habelə, sürücülərin istirahət otağı, kafe, saxlama kamerası və digər xidməti otaqlar var. Yeni avtovağzal avqust ayının 1-də rayon ictimaiyyətinin iştirakı ilə istifadəyə verilib. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə yeni xidmət sahəsinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, o cümlədən Göyçayda sosial-iqtisadi, tikinti-quruculuq sahələrində böyük uğurların qazanıldığını, yeni-yeni layihələrin reallaşdırıldığını diqqətə çatdıran icra hakimiyyətinin başçısı bütün bunların insanlara göstərilən qayğı və diqqətin nümunəsi olduğunu vurğulayıb.



Qeyd edək ki, avtovağzaldan respublikamızın 10 şəhər və rayonunu, habelə Göyçayın 40 kəndini əhatə edən 17 istiqamətdə avtobus marşrutu işləyəcək. Burada 8 nəfər daimi işçi və sürücülərlə birlikdə 40 nəfərə yaxın rayon sakini çalışacaq.

Göründüyü kimi, Göyçayda 2018-ci il ərzində görülmüş işlər, əldə olunmuş nəticələr sözün əsil mənasında ürək açır. Məlum olur ki, rayon rəhbərliyi cari ildə inkişafı sürətləndirmək, rayonun iqtisadiyyatını, sənaye və kənd təsərrüfatı potensialını gücləndirmək, tikinti-abadlıq, quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minumuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq kimi məsələləri prioritet istiqamətlər olaraq müəyyənləşdirməklə yanaşı, icra orqanlarının fəaliyyətini dövlət başçısının tövsiyə və tapşırıqlarının, Fərman və Sərəncamlarının icrasına yönəltmiş və bu istiqamətdə müsbət nəticələr əldə edə bilmişdir.

Əminliklə demək olar ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin rəhbərliyi altında göyçaylılar bundan sonra da bütün qüvvələrini ölkə başçısının müəyyən etdiyi sabitlik və inkişaf konsepsiyasının uğurla həyata keçirilməsinə, rayon iqtisadiyyatının möhkəmləndirilməsinə, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına səfərbər edəcəklər.

aia.az

Mehman Həsənov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024