Mobil versiya
Ağsu – sosial-iqtisadi inkişaf sürətlənir
Tarix: 17-10-2018 | Saat: 11:07
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Ağsu – sosial-iqtisadi inkişaf sürətlənir




Ağsu Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyəti yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

Birmənalı olaraq demək olar ki, bu gün respublikanın bütün bölgələrində abadlıq-quruculuq işləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməkdədir. Azərbaycanın rayonları günü-gündən simasını dəyişir, inkişaf edir, müasir dövrün tələblərinə uyğun tikinti-quruculuq, yenidənqurma işləri həyata keçirilir. İnsanların sosial-rifah halının yaxşılaşdırılması ilə bağlı dövlət qayğısı getdikcə artır.

Geniş tikinti meydanına, abadlıq, quruculuq məkanına çevrilən rayonlardan biri də Ağsudur. Bu rayonda son illər çox işlər görülüb. Daha çox özəl sektorun genişləndirilməsi hesabına sosial-iqtisadi inkişafa nail olan Ağsu rayonunda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sahəsində uğurlu nəticələr əldə olunub.

Bu gün Ağsunun sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşamasını təmin edir. Məhz bu səbəbdən də Ağsu Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyəti yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən yaradılan imkanlardan düzgün yararlanaraq rayonda davamlı inkişafa nail olmaq baxımından Ağsu RİH-nin başçısı cənab Ənvər Seyidəliyevin səmərəli idarəetmə təcrübəsi və yüksək peşəkarlıq keyfiyyətləri də xüsusi önəm kəsb edir.

Qısa arayış:

Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirmişdir.

1975-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.

1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışmışdır.

1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.

1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində çalışmışdır.

1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışmışdır.

2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləmişdir.

18.12.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir oğlu və iki nəvəsi var.

Bu gün Ağsuda gedən dinamik inkişafı izləmək həqiqətən də insana böyük zövq verir. Hətta cari ilin təkcə son bir ayı ərzində gedən proseslərə nəzər salmaqla rayondakı ümumi mənzərə haqda kifayət qədər ətraflı təsəvvür əldə etmək olar.

Rayonun qazlaşdırılması davam edir



Ağsunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq oktyabrın 9-da Xanbulaq, Hinqar və Nüydü kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumilikdə, 306 fərdi yaşayış evindən ibarət olan kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 22 min 580 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi işi rayon rəhbərliyinin diqqət mərkəzindədir




Oktyabrın 10-da Ağsu rayon Gənclər və İdman idarəsinin tədbirlər planına uyğun olaraq A.Nadirov adına Ağsu şəhər 1 №-li məktəb-liseyində “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə tam orta məktəb komandaları arasında rayon birinciliyi keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi məqsədilə baş tutan birincilikdə çağırışçı gənclərin vətənin müdafiəsinə fiziki, mənəvi cəhətdən hazırlanması, gənclərdə vətənə məhəbbət hissinin aşılanması ilə bağlı işlərə baxış keçirilib, rayonumuzu zona mərhələsində təmsil edəcək komanda müəyyən edilib. Yarışda 13 tam orta məktəb komandasından ümumilikdə 65 nəfər məktəbli iştirak edib. I yerə N.Mirzəliyev adına Ağarx kənd tam orta məktəbinin, II yerə şəhər 4 saylı tam orta məktəbinin, III yerə isə S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbinin komandaları layiq görülüb. Qalib komandalara Gənclər və İdman idarəsinin və Ağsu rayon Təhsil şöbəsinin diplomları təqdim olunub.

Təhsilin inkişafı prioritet istiqamətlərdən biridir




Oktyabrın 11-də Hacıman kəndində ibtidai məktəb üçün 40 şagird yerlik yeni modul tipli tədris ocağı istifadəyə verilib. Açılış mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, təhsil şöbəsinin müdiri Səftər Əlabbasov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar. Çıxışlarda respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda da ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb. Diqqətə çatdırılıb ki, Göydəlləkli kəndində ümumi orta məktəb üçün 80 şagird yerlik modul tipli yeni bina da istifadəyə hazırdır. Tədbirdə Dilman bələdiyyəsinin sədri Tərlan Səmədov, habelə valideynlər çıxış edərək təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda qonaqlar yeni binada müasir inventar və avadanlıqla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri ilə tanış olublar.

Həmçinin bu ay rayonun daha bir yaşayış məntəqəsində - Göydəlləkli kəndində ümumi orta məktəb üçün 80 şagird yerlik modul tipli yeni binanın quraşdırılması başa çatıb. Oktyabrın 12-də kənd sakinlərinin, müəllim və şagirdlərin iştirakı ilə yeni binanın açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, son 15 ildə təkcə Ağsuda ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələr üçün 28 yeni bina istifadəyə verilib. Açılış mərasimində, habelə rayon təhsil şöbəsinin müdiri Səftər Əlabbasov, məktəbin direktoru Heydər Abdullayev, kənd sakini Təşkilat Ağaverdiyev və başqaları çıxış edərək məktəb binasının inşasına görə minnətdarlıqlarını bildiriblər.

Sakinlərin problemləri həll olunur



Artıq dediyimiz kimi, bu gün Ağsuda əldə olunan bütün uğur və nailiyyətlər ilk növbədə rayon rəhbərliyi ilə yerli sakinlərin sıx qarşılıqlı əlaqəsinin, birgə fəaliyyətlərinin nəticəsidir. Bu əlaqələrin möhkəmlənməsi üçün isə, mütəmadi olaraq əhali ilə görüşlər keçirilir. Son belə görüşlərdən biri də oktyabr ayının 11-də baş tutub. Bu dəfə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Çiyni kəndində səyyar qəbul keçirib. Səyyar qəbulda vətəndaşlar tərəfindən həlli qaldırılan məsələlər nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Əminliklə demək olar ki, bu gün Ağsu rayonunun həm əhalisi, həm də rəhbərliyi Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əldə rəhbər tutaraq, doğma rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə bundan sonra da bütün imkanlarını səfərbər edəcəklər.

aia.az

Sərxan Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024