Mobil versiya
Ayaz Mütəllibov Əbülfəz Elçibəyi təhqir etdi
Tarix: 10-12-2015 | Saat: 12:07
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


"Heydər Əliyev mənə dedi ki, "Ayaz, özünü qoru!””

Aia.az-in məlumatına görə, bu barədə Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun modern.az saytına müsahibəsində bildirib. Həmin müsahibəni təqdim edirik:

- Heydər Əliyev 1969-cu ildən 1982-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışıb. Həmin vaxtlar siz də müxtəlif vəzifələrdə işləmisiniz. 1979-cu ildə yerli sənaye naziri təyin olunmağınız necə baş vermişdi?

- Mən nazir olmazdan qabaq bu qurumda yeyinti, vaxtaşırı korrupsiya halları olurdu. Mən nazir vəzifəsinə təyin olunmazdan qabaq Heydər Əliyevlə təkbətək görüşlərim olub. Bu barədə bir qədər sonra bəhs edəcəyəm. Amma istəyirəm ki, ondan əvvəlki illərlə bağlı yadımda qalanları danışım. (Uzun bir pauza).

- Ayaz müəllim, bu qədər pauza verdiyinizə görə, yəqin ki, hansısa xatirələri yada salmağa çalışırsınız.

- (Gülür). 1970-ci illərin əvvəllərində mən Bakı Soyuducular Zavodunun direktoru vəzifəsindəydim. Bu zavodun bazasında istehsalat birliyi yarandı. Sumqayıtda yapon avadanlıqları ilə zavod tikilmişdi. Mən Bakı Soyuducular Zavodunu uçurumdan çıxarmışdım, inkişaf etdirmişdim.

1974-cü ildə Moskvadan mənə zəng etdilər və dedilər ki, məni maşınqayırma birliyinə müdir təyin edirlər. Bu, Azərbaycanda ilk maşınqayırma birliyi idi. Bakı Maşınqayırma Birliyini Sumqayıtdakı zavod avadanlıqla təmin etməli idi. Amma Sumqayıtdakı zavodu elə yerdə tikmişdilər ki, ordan baş çıxarmaq mümkün deyildi.

Kadr siyasətini də düzgün aparmırdılar, bu zavodun fəaliyyəti axsayırdı. Axırda boğaza yığılan ittifaqdakı nazirlik mənə bildirdi ki, ya bu zavoda görə məsuliyyəti ya üzərimə götürməliyəm, ya da o zavodu sökəcəklər. Mənə bildirildi ki, məsuliyyəti üzərimə götürməsəm, zavodu söküb materiallarını Litvaya göndərəcəklər. Orda da belə bir zavod var idi.

- Yəqin ki, söhbəti Heydər Əliyevlə görüşlərinizin üzərinə gətirmək üçün o tarixi yada salırsınız.

- Əlbəttə ki! Sözümü Heydər Əliyevlə görüşümə gətirəcəyəm. Amma bunun bazası elə bu hadisələrdən qaynaqlanır. Mənə qulaq asın, siz dediyiniz suala cavab verəcəyəm. Mənim vicdanım yol vermədi ki, Sumqayıtdakı həmin zavodu söküb Litvaya aparsınlar.

Beləliklə, nəhayətdə Bakı Maşınqayırma Birliyinin müdiri kimi Heydər Əliyevlə görüşüm baş tutdu. Çox yaxşı görüş idi. Məni Heydər Əliyevə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri təqdim etdi. Onunla səmimi söhbətimiz oldu. Məndən hal-əhval tutdu, işlərimin necə olduğunu soruşdu.

Sumqayıtdakı zavodu nəzərdə tutaraq dedi: "Mənə de görüm, bu zavod nə zaman işləyəcək?”. Mən isə bildirdim ki, kadr problemi var. O da mənim sözümə qüvvət olaraq dedi: "Deməli, problem kadrlardadır”.

Təsəvvür edin, Sumqayıtdakı dediyim zavod dəniz kənarında yerləşir, xlor zavodu da böyründə. O zavoddan atılan tullantıları atmosferə buraxırdılar. Bu, mənim tabeliyimdə olan zavoda da təsir edirdi. Gəlirdin, görürdün ki, bütün zavod pas içərisindədir. Bu problemi Moskvada da qabardırdılar. Heydər Əliyevə dedim ki, zavodun tam gücü ilə işləməsi üçün 5 il vaxt lazımdır. O da, məni başa düşdü. Heç nə demədi. Dərhal söhbətin mahiyyətini tutdu. Bu, mənim çox xoşuma gəldi. O boyda vəzifə sahibi özünü çox sadə aparırdı, deyilənləri də başa düşürdü. Çox səmimi idi. Mənə bir kəlmə dedi: "Sənə mütləq kömək etmək lazımdır. Mən başa düşürəm ki, o zavod münasib yerdə deyil”.

Belə oldu ki, bu zavodda mən gözəçarpacaq dərəcədə islahatlar həyata keçirməyə başladım. Bu da müəyyən kabinetlərdə öz əksini tapdı. Sanki bu, mənim üçün bir sınaq idi. Mən böyük bir sınaqdan keçdim.

- Belə başa düşdüm ki, bu ağır sınaqdan keçdiyinizə görə, nazir postuna gətirildiniz. Nəsə məndə elə təəssürat yaratdınız ki, sanki bu vəzifə ürəyinizcə olmayıb. Məncə, bu sirr pərdəsini qaldırsaydınız, yaxşı olardı.

- (Araya bir müddətlik sükut çökür). Bir gün məni Mərkəzi Komitənin Maşınqayırma məsələləri üzrə şöbəsinə çağırdılar.

Ramiz adlı şöbə müdiri ilə tanış idim. Məni görən kimi dedi: "Təbrik edirəm səni”. Soruşdum ki, xeyirdirmi? Söylədi ki, artıq nazir gedirəm. Təəccübləndim, sual elədim ki, nə nazir, hansı quruma nazir? Şöbə müdiri "yerli sənaye naziri” cavabını verdi. Bunu, heç gözləmirdim. Sual etdim ki, bu məsələ rəhbərliyə çatdırılıb?

Cavab isə "bəli” oldu. Bilirsiniz ki, mən həm eyni zamanda Nərimanov Rayon Partiya Komitəsinin II katibi idim. Məni bu vəzifədən nazirliyə götürdülər.

Qoymadılar ki, əməlli-başlı istirahət edəm (gülür). Açığı, bu vəzifəyə təyin olunduğumu eşidəndə, qorxudan sinəmdə ağrı əmələ gəldi. Rəhmətlik atam həkim idi. Atama deyirdim ki, elə bil sinəmdə nəsə qalıb. O da dedi ki, çox qorxduğumdan belədir. Doğrudan da belə bir böyük məsuliyyətin altına girəcəyimi gözləmirdim.

Atam dedi ki, belə fikirləri çalışım başımdan çıxarım, sonra hər şey öz yoluna düşəcək. Qərara gəldim ki, bu məsuliyyət ağır da olsa, altına girməliyəm. Artıq özüm üçün iş planı da tərtib etdim.

Amma Yerli Sənaye Nazirliyində çox böyük korrupsiya, rüşvətxorluq hökm sürürdü. Burada necə səliqə-sahman yaradacağımı düşünürdüm. İlk atdığım addım, qəbula gələn kiminləsə təklikdə görüşməmək oldu. Hərdən bəzilərinə əl də uzatmırdım. Çünki elələri var idi ki, əl verəndən sonra bunu yozmağa başlayırdılar.

Birinci növbədə məqsədim, o oldu ki, Mərkəzi Komitənin qərarını təmin edim. Yerdə qalan məsələlər isə ikinci dərəcəli idi. Heydər Əliyev də rüşvət və korrupsiyaya qarşı güclü mübarizə aparırdı. Bu da mənə əlavə stimul verirdi, ruhlandırırdı.

- Hər halda bu, daha çox ikinci görüşünüzdən sonra belə olmuşdu. Bu görüşünüz haqqında da danışmağınız müsahibəmizim predmetinə uyğun olardı.

- Nazirliyin fəaliyyəti ilə əlaqədar Heydər Əliyevin qəbulunda idim. O, mənə dedi: "Sən yeganə adamsan ki, Rayon Partiya Komitəsinin II katibi vəzifəsindən birbaşa nazir postuna qədər gəlib çıxmısan”. Amma bir-iki ildən sonra bir qüsur ortaya çıxsaydı, Heydər Əliyevin etibarını itirərdim. Həm də sistem özü problemi idi, mən onu təkbaşına dağıda bilməzdim. Heydər Əliyevə mənə göstərdiyi etimada görə öz təşəkkürümü bildirdim. 3 il bu vəzifədə qaldım.

1982-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin sədri təyin edildim. Həm də Nazirlər Sovetinin sədr müavini oldum. Heydər Əliyev çox işgüzar, tələbkar, həm də sadə şəxsiyyət idi. Onun stimulu ilə mən nazirlikdə çox böyük işlər gördüm. Gələcəkdə isə bunun bəzilərini narahat edəcəyi sonradan mənə məlum oldu. Elə belə də oldu.

- Nə baş vermişdi?

- Bir dəfə 1979-cu ildə, növbəti ilin planları müzakirə edilirdi. Dövlət Plan Komitəsinin sədri bizim nazirliyi tənqid etdi. Bildirdi ki, növbəti il üçün istehsalat artımını az götürmüşük. Halbuki, bizim nazirlik respublika üzrə normanı götürmüşdü, bu, 4-5 faiz idi. Amma bu, artımsız idi.

Mən yüngül sənaye naziri Ənvər Məlikovun yanında oturmuşdum. Plan komitəsinin sədri məruzəsini edəndən sonra yerində əyləşdi. Heydər Əliyev Ənvəri də tribunaya dəvət etdi, o da öz hesabatını verdi. Bu zaman onu iclasda əyləşənlər sorğu-suala tutdular. Onu elə "əzişdirdilər” ki, adamın lap yazığı gəldi. Gördüm ki, Ənvər Məlikov tər tökür. Əsəbiləşdim. Ondan sonra tribunaya məni çağırdılar.

Heydər Əliyev bu zaman yanındakı şəxslə (adını unudub-red.) nəsə danışırdı. Mən də Heydər Əliyevin danışığını bitirməsini gözləyirdim. Nəhayət o, üzünü mənə tərəf çevirdi və dedi: "Gördüz, Dövlət Plan Komitəsinin sədri sizi tənqid etdi. Mənim yadıma gəlir ki, bu nazirlik 14-15 faiz artımla çalışıb”. Mən də çıxış etməyə başladım. Bildirdim ki, nazirliyin istehsal tempini bilərəkdən azaltmışıq.

Dedim ki, bizim əsas məqsədimiz Mərkəzi Komitənin Bürosunun qərarını təmin etməkdir. Daha sonra əlavə etdim: "Biz bu planı verəcəyik, amma "podvallarda”, anbarlarda olan məhsullar hesabına yox. Yeni müəssisələr hesabına biz bu planı verəcəyik”.

Heydər Əliyev bu məsələ ilə bağlı mənə sual verirdi. "Sən düz edirsənmi?” deyə soruşdu. Mən isə cavabında bildirirdim ki, düz edirik.

Çünki Mərkəzi Komitənin qərarı əsas idi. O, məni başa düşdü, heç nə demədi. Mənim çıxışım onun da xoşuna gəlmişdi. Çünki Heydər Əliyev özü də korrupsiya, rüşvətxorluğa qarşı güclü mübarizə aparırdı. Elə bilirsiniz, onun düşmənləri az idi? Çox idi. Moskvada ona paxıllıq edənlər çox idi.

- 1982-ci ildə Plan Komitəsinin sədri siz oldunuz. Yəqin buna görə də Heydər Əliyevlə ayrıca bir araya gəldiniz.

- Elədir ki var! Bu komitəyə sədr təyin ediləndə təklikdə onunla söhbətim oldu. Çox səmimi idi. O, adamın gözünün içinə baxa-baxa danışırdı. Mənə dediyi bu söz hələ də yadımdan çıxmır: "Ayaz, sənin yaxşı gələcəyin var! Özünü qoru!”. Mən də "təşəkkür edirəm” dedim.

- Elə sizin üçüncü görüşünüz olan il Heydər Əliyev Azərbaycan rəhbərliyindən getdi və fəaliyyətini Moskvada davam etdirməyə başladı. Sonradan onunla görüşməyə nail oldunuzmu?

- Bilirsiniz ki, 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra mən Mərkəzi Komitənin I katibi seçildim. Fevral ayının 2-si ya da 3-ü olardı, mən Moskvaya getdim. Moskvada Heydər Əliyevlə görüşdüm.

1990-cı ilin yay ayları olardı. Mən artıq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi idim. Moskvada SSRİ Kommunist Partiyasının plenumunda iştirak edirdim. Heydər Əliyev təqaüddə olsa da, həmin iclasda oturmuşdu. Fasilədə ona yaxınlaşdım, söhbətləşdim. Bir-birimizdən hal-əhval tutduq. Azərbaycana rəhbərlik etdiyimə görə mənə dedi: "Yadındadır, sənə nə demişdim?”.

- 1988-ci ildə erməni separatçıları etnik mübarizəyə başlayanda siz Nazirlər Soveti sədrinin müavini idiniz. Maraqlıdır, o zaman istefada olan Heydər Əliyevdən separatçılığın aradan necə qaldırılması yolları barədə məsləhətlər alırdınız?

- Mərhum prezident Dağlıq Qarabağ münaqişəsinin tarixini çox yaxşı bilirdi. Ancaq mən özümə rəva görmürdüm ki, ona ağırlıq verim. Çünki, ermənilər hər şeyi izləyirdilər. Ermənilər bilirdilər ki, Heydər Əliyev Siyasi Büronun üzvü ola-ola, onlar heç bir şey edə bilməyəcəklər. Həm də onun ürəyi də xəstə idi, onu yükləmək istəmirdim.

- 1993-cü ildə AXC hakimiyyəti devriləndən sonra Heydər Əliyev iqtidara gəldi. Onunla sizin yaxın təmaslarınızı, işgüzar əlaqələrinizi, vaxtilə bir yerdə çalışmağınızı nəzərə alıb belə bir sual verim: Bəs siz niyə Moskvada idiniz və Azərbaycana qayıtmırdınız?

- Bu, mənə də təəccüblüdür.

- Yəqin ki, kimlərsə, buna mane olmağa çalışırdı və sizin Heydər Əliyevlə təmasınıza imkan vermirdi.

- Əlbəttə ki, amma adlarını çəkmək də istəmirəm.

- Bayaq dediniz ki, 1990-cı ilin fevral ayında Heydər Əliyevlə görüşdünüz. Bu görüşü məxfi, gizli hesab etmək olardımı?

- Fevral ayında mən I katib kimi Moskvaya getdim. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Zöhrab İbrahimov məni aeroportda qarşıladı. Heydər Əliyevlə də görüşmək istəyirdim.

Mən dedim ki, onunla mehmanxanada görüşmək düzgün olmaz, ağsaqqal adamdır. Mən bildirdim ki, çox böyük məmnuniyyətlə onunla görüşərdim. Sən demə Heydər Əliyev də mənimlə görüşmək istəyirmiş Sanki arzularımız üst-üstə düşmüşdü.

Nə isə. Gəldim mehmanxanaya. Səhər durdum, iclasa getməyə hazırlaşırdım. Gördüm ki, qapının arasında "Pravda” qezeti var. Liftdən düşə-düşə qəzeti vərəqləməyə başladım. Gördüm ki, ikinci səhifədə Heydər Əliyev haqqında böyük bir tənqidi yazı gedib. Dilxor oldum. Mən bilirdim ki, bu, Kremlin işidir. Əsəbi şəkildə Qorbaçovun otağına girdim. Salamlaşan kimi mənə birinci sualı bu oldu:

"Sən "Pravda”nı oxumusan?”. Dedim ki, hə, oxumuşam. Sərt bir tonda dedim ki, "mən Kremlin bu işləri ilə məşğul olmayacağam. Bizim başqa problemlər var. Dağlıq Qarabağ problemi var. Bu adamı sakit buraxın!”. Qorbaçov susdu, heç nə demədi.

"SSRİ-də Eduard Şevardnadze xarici işlər naziri vəzifəsində qaldığı halda, siz Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdınız. Bizim xalq sizi başa düşmür”,-deyə əlavə etdim. Mən Qorbaçov kimilərlə danışanda heç vaxt qabağımdan yeməzdim.

Mən Qorbaçova sözümü deyəndən sonra onun kabinetindən çıxdım. Məni daxili işlər naziri, Boris Puqanın otağına çağırdılar. Puqa mənə Heydər Əliyev haqqındakı kompromat materialları göstərdi və dedi: "Bu kompromatları götürün”. Mən isə bildirdim ki, "indicə Qorbaçova sözümü deyib çıxmışam”. Puqanın da kabinetindən çıxdım.

Sonra Zöhrab mənə zəng etdi. "Heydər Əliyev deyir ki, çox narahatdır! Yəqin ki, "Pravda”dakı məqalədən sonra Ayaz Mütəllibov mənimlə görüşməyəcək” deyə Heydər Əliyevin ona dediklərini mənə çatdırdı. Dedim Heydər Əliyevə zəng edib desin ki, onunla görüşəcəm. Həmin günün axşamı saat 10-un yarısında mən Heydər Əliyevin evində oldum.

Qapını onun yeznəsi Mahmud Məmmədquliyev açdı. Heydər Əliyev ev paltarında qabağıma çıxdı. Onu qucaqladım. Dedim ki, heç narahat olmayın, hər şey yaxşı olacaq. Keçdik otağına. Gecə saat 4-ə qədər onunla söhbət etdim.

Onun Bakıya qayıtması, haqqındakı tənqidi materiallara dair məsələləri müzakirə etdik. Mənə dedi: "Ayaz, sən mənim haqqımda yazılanı oxudun da yəqin ki”. Dedim ki, oxudum. Bildirdi ki, "Pravda”nı məhkəməyə vermək istəyir. Mən isə gülümsədim və bildirdim ki, "Pravda” qəzetini məhkəməyə vermək çətin məsələdir.

Daha sonralar isə onunla bayaq danışdığım, 1990-cı ilin yay ayında görüşdüm. Əl-ələ görüşdük.

- Bu sizinlə onun arasında olan axırıncı görüş idi?

- (Düşüncələrə dalaraq). Daha bundan sonra bir daha görüşümüz olmadı. Mən 1992-ci ildə Azərbaycanı tərk etdim. 1993-cü ilin mart ayında o, Naxçıvan Ali Sovetinin sədri kimi Moskvada səfərdə idi. Mən görüşmək istədiyimi vasitəçi ilə çatdırsam da, bu görüş alınmadı. Çünki Heydər Əliyevin işləri həddindən artıq çox idi. Başa düşdüm ki, bir daha görüşümüz olmayacaq.

- Heydər Əliyev rəhmətə gedəndə siz Moskvada idiniz. Onun ölüm xəbərini hardan eşitdiniz və nə hisslər keçirdiniz?

- Rəhmətlik oğlum Azad bu xəbəri mənə çatdırdı. Dedi ki, belə bir hadisə baş verib. Oğlum siyasətdən uzaq bir adam idi, amma Heydər Əliyevi tanıyırdı. Bizim ailədə böyük kədər oldu. Kiminsə ölümü ümumiyyətlə, bizə çox pis təsir edir.

- Heydər Əliyevlə eyni komandada işləmək istəyirdinizmi?

- Şübhəsiz. Belə bir ehtimal da var idi. Lakin nədənsə bu, reallaşmadı. Sözün doğrusu gözləyirdim ki, Heydər Əliyev bir ağsaqqal kimi məni Azərbaycana çağıracaq və vəzifə verəcək. Mən heç zaman vəzifə həvəsində olmamışam. Moskvada qaldığım illərdə Rusiya vətəndaşlığını da qəbul edə bilərdim, vəzifə də ala bilərdim. Amma bunlara getmədim. Amma bir ağsaqqal kimi Heydər Əliyevdən də belə bir təklif gözləyirdim.

- Müsahibəyə gəlməzdən öncə sizinlə Moskvada müsahibələr götürən bir neçə jurnalistlə də danışdım. Onlar deyir ki, siz o zamanlar Heydər Əliyevi çox tənqid etmisiniz. Bu tənqid bir incikliyin təzahürü idimi?

- Mən əslində dediklərimə tənqid deməzdim. Ancaq nöqsanlardan söz açmışam. Düzdür, həm də incikliyim olmuşdu. Təsəvvür edə bilməzdim ki, Azərbaycanın ilk prezidentinə qarşı axtarış elan edəcəklər. Bu xəbər məni sarsıtdı, mənəvi əzab verdi. Düşünürəm ki, bu olmamalı idi. Amma bunlar bir dövr idi, hamısı keçdi.

- Sizdən sonra Əbülfəz Elçibəy prezident oldu, daha sonra isə Heydər Əliyev. Məncə hər ikisinin Azərbaycan tarixində ayrıca yeri var. Maraqlıdır, ilk prezident kimi bu iki şəxsi necə müqayisə edərdiniz?

- Elçibəyi Heydər Əliyevlə müqayisə etmək düzgün deyil. Onlar arasında yerlə göy qədər fərq var. Heydər Əliyev dahi idi, böyük siyasi təcrübəyə malik idi. Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var.

- Bəs Elçibəylə nəyi isə müzakirə etmisinizmi?

- Mən prezident olanda bir dəfə onunla görüşdüm. Amma heç yadıma gəlmir ki, nəyi müzakirə etmişik. Deyəsən, Vaqif Səmədoğlu ilə yanıma gəlmişdi.

- Eks-prezident kimi Azərbaycanın indiki rəhbəri İlham Əliyevlə hər hansı bir təmasınız olubmu?

- Yox, görüşüm olmayıb. Ancaq mən mətbuat vasitəsi ilə onun siyasətini dəstəklədiyimi bəyan etmişəm. Hər şey göz qabağındadır. Həm də açığı, mən prezident İlham Əliyevlə görüşə cəhd etməmişəm. Çünki sabah elə bir söz-söhbət qoşarlar ki, heç bunun altından çıxmaq olmaz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024