Mobil versiya
Bakı Slavyan Universitetində təhsil islahatları yüksək səmərəliliklə tətbiq olunur
Tarix: 02-03-2018 | Saat: 12:32
Bölmə:Manşet / Təhsil / Seçilənlər-2 | çapa göndər

Bakı Slavyan Universitetində təhsil islahatları yüksək səmərəliliklə tətbiq olunur

Rektor Nurlana Əliyevanın şəxsi təcrübəsi və təşəbbüskarlığı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın fəaliyyəti Azərbaycan ictimaiyyətinə kifayət qədər yaxından məlumdur. Həm də bu yaxınlıq sadəcə ali məktəb rektorunun və yaxud da partiya fəalının fəaliyyəti olaraq, ölkənin küləvi informasiya vasitələrində işıqlandırılan məqamların çoxluğu ilə təmin olunmur. Əslində bu yaxınlıq Nurlana xanımın çoxşaxəli fəaliyyətinin mahiyyətində mövcuddur. Onun istər elmi-pedaqoji, istərsə də ictimai-siyasi fəallığı hər zaman ilk növbədə Azərbaycan xalqının maraqlarının təminatına yönəldilmiş olub. Məhz elə bu səbəbdən də, yeni tədris metodlarının hazırlanması, eksperimentlərin keçirilməsi, əldə edilən nəticələrin uğurlu tətbiqi sahəsində Nurlana Əliyevanın şəxsi təcrübəsi və təşəbbüskarlığı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi ali təhsil müəssisəsi isə, təhsil islahatlarının yüksək səmərəliliklə tətbiqi işində əsil baza müəssisəsi kimi digər universitetlərə də örnək ola bilər.
Müxtəlif vaxtlarda kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Nurlana xanımın özünün də qeyd etdiyi kimi, Bakı Slavyan Universitetinin özünəməxsus fəaliyyəti ilk növbədə onun yaranma tarixi ilə bağlıdır. Belə ki, 1946-cı ildən fəaliyyət göstərən Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universiteti yaradılmışdır. Bu gün Bakı Slavyan Universitetinin Bolqarıstan, Yunanıstan, Polşa, Çexiya, Belarus, Ukrayna, Rusiya və digər ölkələrin universitetləri ilə sıx əlaqələri, o cümlədən, tələbə-müəllim mübadiləsi mövcuddur. Bu gün universitet rəhbərliyi tərəfindən daha çox slavyan dilli ölkələrin universitetləri ilə birgə beynəlxalq tədbirlərin keçirilməsinə, idarəetmə və tədrisdə elektron fəaliyyətin tətbiqi məsələlərinə xüsusi diqqət verilir. Heç şübhəsiz, həyata keçirilən bu tədbirlərin əsas məqsədi bugünkü gəncliyi kamil vətəndaşlar kimi formalaşdırmaq, onların yiyələnəcəkləri peşəyə dərindən bələd olmalarına şərait yaratmaqdır.
Diqqətəlayiq haldır ki, bu gün Bakı Slavyan Universiteti burada tətbiq olunan ən müxtəlif yeniliklərlə də digər ali təhsil müəssisələrindən seçilir. Universitetin rəhbərliyi və professor-müəllim heyəti çalışırlar ki, tələbələrin yüksək hazırlıq səviyyəsinə müasir təlim texnologiyalarının, yeni yanaşma və innovasiyaların geniş tətbiqi hesabına nail olsunlar. Bu gün BSU-da elə bir şəffaflıq təmin olunub ki, artıq imtahanlarda qiymətləndirilmənin yeganə meyarının bilik olduğuna heç bir tələbənin şübhəsi yoxdur. Məsələn, obyektivliyi, ədalətli qiymətləndirməni təmin etmək məqsədilə imtahanlar video-kameralarla, ağıllı lövhələrlə təchiz edilmiş xüsusi auditoriyalarda keçirilir. Hətta valideynlər evdən övladlarının imtahanlarını onlayn izləyə bilirlər. İmtahanların cavabları isə, elə həmin gün universitetin saytına yerləşdirilir.



Xüsusilə vurğulamaq lazımdır ki, Nurlana xanımın rəhbərlik etdiyi bu ali təhsil müəssisəsində sadəcə gənclərimizə müəyyən ixtisaslar verməklə kifayətlənmirlər. Burada
məzunların əmək bazarında yer tutması üçün mütəxəssis hazırlığı məsələlərinə kompleks yanaşma tətbiq olunur. Universitet rəhbərliyi bu qənaətdədir ki, təkcə tədris prosesinin müasir tələblər baxımından yüksək səviyyədə qurulması ilə iş bitmir. Bu səbəbdən də Keçən tədris ilindən Tədris şöbəsinin bazasında Təcrübə və məzunların karyera inkişafı şöbəsi fəaliyyət göstərməyə başlayıb. Bunda isə, məqsəd əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı proqramlarını hazırlamaq, pedaqoji və istehsalat təcrübələrini yüksək səviyyədə təşkil etmək, baza müəssisələri, bizə maraqlı olan təşkilatlarla sıx əlaqələr formalaşdırmaqdır.
Etiraf olunmalıdır ki, Nurlana Əliyeva ölkəmizin təhsil işçiləri sırasında ən nüfuzlu mütəxəssislərdən biri kimi tanınır. Digər tərəfdən isə, Nurlana xanım ölkənin ictimai həyatında da yaxından iştirak edir. Onun mənəvi-siyasi cəhətdən yetkin ziyalı sözü respublika müəllimlərinin, qadınlarının və YAP-ın qurultaylarında, nüfuzlu yığıncaqlarda həmkarları və ictimaiyyət arasında həmişə rəğbətlə qarşılanır. Qulluq etdiyi ideyaların və onu ruhlandıran amillərin mahiyyəti barədə ən doğru və səmimi fikirləri də elə Nurlana Əliyevanın öz ifadələrində tapmaq olar: “Bu gün Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan – qurmaq, yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb. Ölkə iqtisadiyyatında, səhiyyəsində, təhsilində çalışanların üstün mövqeyinə cəmiyyət çoxdan alışıb. Azərbaycan qadını dövlət başçısının dövlətçilik, sabitlik, sülh, birlik siyasətinin müqəddəs və xoşbəxt gələcəyinə inanır”.

Elxan Quliyev

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024