Mobil versiya
Komitə: "Uşaqlara qarşı cinsi zorakılıq əməlinə görə..."
Tarix: 08-01-2018 | Saat: 09:37
Bölmə:Manşet / Ölkə | çapa göndər

Komitə: "Uşaqlara qarşı cinsi zorakılıq əməlinə görə..."


Azərbaycanda uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslərin məsuliyyəti məsələsinə yenidən baxılmalıdır.

aia.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə olan cinayətlər zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ona qarşı əxlaqsız hərəkətlər etmə sayılır.

T.İbrahimova ümumilikdə, yetkinlik yaşına çatmayanlara qarşı hər hansı cinayətin, o cümlədən cinsi toxunulmazlıq əleyhinə olan cinayətlərin törədilməsinin qanunvericilikdə ağırlaşdırıcı hal kimi müəyyən edildiyini bildirib.

O qeyd edib ki, 2015-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu cinayət əməlləri ilə bağlı hazırladığı təkliflər əsasında qanunvericlik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına catmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib.

Komitə rəsmisi deyib ki, qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən isə uşaq 14 yaşadək olduqda bu müddət 3 ildən 6 ilədək müəyyən edilib.

Buna baxmayaraq, T.İbrahimova hesab edir ki, yetkinlik yaşına çatmayanların zorlanması əməlinə görə təyin edilən cəzanın sərtləşdirilməsinə ehtiyac var:

"Biz bir çox ölkələrin qanunvericiliyini araşdırmışıq. Məsələn, Rusiyada 14 yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı təkrar cinayət törədilməsinə görə, ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Hesab edirik ki, CM-nin zorlama ilə bağlı olan 149-cu maddəsində bir qədər təkmilləşdirmə işləri aparılmalı, yetkinlik yaşına çatmayanın, xüsusilə də 14 yaşına çatmayanın cinsi toxunulmazlığına qarşı zorlama cinayətinin təkrar törədilməsinə görə, cəza sərtləşdirilməlidir".

T.İbrahimova əlavə edib ki, kimyəvi axtalanma proseduru bir çox ölkələrdə cəza tədbiri kimi tətbiq edilir:

"ABŞ, Kanada, İngiltərə, Almaniya, Fransa, Qərbi Avropa ölkələri, İsrail kimi ölkələrin qanunvericiliyində bu əsas və yaxud əlavə cəza tədbiri kimi müəyyən edilib. Bəzi ölkələrdə şəxs özü azadlıqdan məhrum etmə müddətinin azaldılması üçün könüllü şəkildə onun üzərində kimyəvi axtalanma prosedurlarının aparılmasına razılıq verir. Yəni, həmin ölkələrin qanunvericiliyi buna imkan verir. Bəzi ölkələrdə isə cəza daha sərt olur və bu proseduru əsas cəza tədbiri kimi tətbiq edirlər. Əsasən, bu prosedurdan cinsi zorakılıqla bağlı cinayətlərin residivinin, yəni təkrarlanmasının qarşısının alınması məqsədilə istifadə edilir”.

Komitə səlahiyyətlisi hesab edir ki, bu prosedurun ölkəmizdə tətbiqi ilə bağlı qərarın verilməsi üçün ilk öncə xüsusi bir araşdırma aparılmalı və onun məqsədyönlüyü öyrənilməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə