Mobil versiya
“Dindən siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir” - Şeyx
Tarix: 21-12-2017 | Saat: 16:42
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Dindən siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir” - Şeyx


"Tarix boyu Azərbaycan multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayıb”.

Bunu QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün də multikultural Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar:

"Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Möhtərəm konfrans iştirakçıları, dini və milli zəmində ekstremizm, terrorizm, islamofobiya, radikalizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycan dövlətinin başçısı Zati-aliləri Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə istinadən 2017-ci ili "İslam Həmrəyliyi İli” elan etməklə dilindən, dinindən asılı olmayaraq dünyamızı ümumbəşəri önəm kəsb edən sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırır”.

Şeyx bildirib ki, Azərbaycan liderinin İslam həmrəyliyi çağırışı bəşəriyyətin ehtiyac duyduğu insan həmrəyliyinə aparan müqəddəs yolun başlanğıcıdır. Dünyaya yeni siyasi mədəniyyət nümunəsi təqdim edən dövlətimizin başçısının çağırışları həm siyasət, həm də din xadimləri tərəfindən yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyətin rəğbətini qazanır: "Bugünkü beynəlxalq konfransımıza təşrif buyurmuş dəyərli qonaqlarımızın coğrafiyası – dünyanın müxtəlif qitələrindən gəlmiş mötəbər şəxsiyyətlərin tədbirimizdə təmsil olunması buna bariz nümunədir. İlham Əliyev həzrətlərinin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri ümumi, bəşəri məramlara xidmət edən missiyadır və Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir.

Bizim dövlətimiz bu uğurlara multikulturalizm və dini həmrəyliyin bünövrəsini qoyan ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsi sayəsində nail oldu. Zati-aliləri Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrətinə malikdir. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın beynəlxalq müstəvidə fəaliyyəti ölkəmizin bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət edir.

Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri çərçivəsində dünyanın müxtəlif nöqtələrində - Böyük Britaniyada, İspaniyada, İsveçdə, Finlandiyada, Özbəkistanda, Rusiyada, Türkiyədə, İranda keçirdiyimiz beynəlxalq tədbirlərdə dövlətimizin başçısının irəli sürdüyü ideyaların mənəvi əzəmətinin, həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığının bilavasitə şahidi olduq”.

Allahşükür Paşazadə deyib ki, insan həyatının qorunub saxlanılması, sülhün və sabitliyin bərqərar edilməsi yönündə addımların atılmasının zəruri olduğu narahat dünyamızda dini hisslərdən siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir: "Qüds ətrafında son günlər cərəyan edən hadisələr BMT-nin Qüdsə dair tarixi qərarının yerinə yetirilməsi vacibliyini bir daha gündəmə gətirdi. Necə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin dörd qətnaməsinin zamanında yerinə yetirilməməsi səbəbindən Azərbaycanın 20 faiz ərazisi indiyədək Ermənistanın işğalı altındadır. Biz dünyada bütün münaqişələrin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə ədalətli həllində israr edirik.

Zati-aliləri, İslam həmrəyliyinin bariz nümunəsi olan İstanbul Zirvə görüşündə Qüdsi-Şəriflə bağlı çıxışınızı bütün müsəlman dünyası olduqca yüksək dəyərləndirir. Yeri gəlmişkən, həmin mötəbər tədbirdə İslam həmrəyliyinə dair Bakı konfransını xatırlatmanız bugünkü tədbirimizə verdiyiniz önəmin və qiymətin ali göstəricisi oldu. Zati-aliləri, Siz bizlərə - Azərbaycan xalqına və bütün dünyaya "İslam Həmrəyliyi İli”ni bəxş etdiniz. Əslində, Siz "İslam Həmrəyliyi İli” elan etməklə miqyasına və əhəmiyyətinə görə Azərbaycanın sərhədlərinə sığmayan, zaman baxımından il çərçivəsi ilə məhdudlaşmayan bir ideya irəli sürmüş oldunuz”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə