Mobil versiya
Prezident Sumqayıt Kimya Sənaye Parkında - FOTO
Tarix: 15-12-2017 | Saat: 12:43
Bölmə:Manşet / Ölkə | çapa göndər

Prezident Sumqayıt Kimya Sənaye Parkında - FOTO


Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə səfərə gəlib.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və şəhərdə görülən işlər barədə ətraflı məlumat verdi.

Prezident Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə də tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verdi.

Bu layihə Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Fərmana uyğun olaraq həyata keçirilib. Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 505,64 hektardır. Ərazidəki köhnə binalar və qurğular sökülüb, parkın müasir tələblərə cavab verən infrastrukturunun birinci mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb. Sumqayıt Kimya Sənaye Parkında, həmçinin inzibati binanın, laboratoriyaların, texniki peşə məktəbinin, işçilər və tələbələr üçün yataqxana binasının, sərgi-konfrans və logistika mərkəzlərinin, gömrük, tibb, dəmir yolu və yanğınsöndürmə məntəqələrinin, anbarların, yükləmə-boşaltma mərkəzlərinin və digər obyektlərin yaradılması işləri davam etdirilir.

Diqqətə çatdırıldı ki, parkın rezidenti olan "STP” Məhdud Məsuliyyətli Cəmiyyət müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. "SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək. Bu, son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında "Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyət də var. Burada il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetikada istifadə olunan müxtəlif növ yüksək keyfiyyətli 30 min ton sürtgü yağlarının istehsalı nəzərdə tutulub. Almaniya texnologiyası əsasında yaradılan müəssisədə 100 nəfər daimi iş yeri ilə təmin olunacaq.

"MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var.

"Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İtaliya texnologiyası əsasında yaradılacaq. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.

Silisium və Kalsium İstehsalat Müəssisəsində ildə 5 min ton tikinti qatqıları istehsal olunacaq. "Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətində ildə 6 milyon kvadratmetr fibro-sement lövhələr istehsal ediləcək. "Tabaterra” Qapalı Səhmdar Cəmiyyətində isə ildə 7 milyard ədəd siqaret istehsalı nəzərdə tutulub. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında 67 MVt gücündə 110/35/6.3 kV-luq yarımstansiyanın inşası da başa çatdırılıb.

Sonra Prezident İlham Əliyev parkın ərazisində "AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoydu.

Məlumat verildi ki, "AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Almaniyanın bu sahədə böyük təcrübəsi olan "HORN Glass İndustries AG” şirkətinin texnologiyası əsasında yaradılacaq. Müəssisədə il ərzində termoformasiya metodu ilə 8 milyon kvadratmetr şüşə istehsal olunacaq. Zavodda istehsal ediləcək məhsulların yüksək keyfiyyəti ilə yanaşı, rəqabətqabiliyyətli olmasına da xüsusi diqqət yetiriləcək. Müəssisənin istifadəyə verilməsi ilə Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək. Zavodun məhsullarının Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır. Burada 180 nəfər işlə təmin olunacaq.

Dövlətimizin başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoydu. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək.

Daha sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Gilan Sənaye Qrupu”na daxil olan "Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak etdi.

Məlumat verildi ki, ümumi ərazisi 18,3 hektar olan zavodun istehsal sahəsi 21,4 min kvadratmetrdir. Kompleks 5 istehsal, 4 qablaşdırma, 5 məhsul və xammalsaxlama bölmələrindən ibarətdir. Müəssisənin birinci mərhələsinin illik istehsal gücü 20 min tondur. Burada 145 çeşiddə pestisid istehsal ediləcək və məhsulun keyfiyyəti zavodun daxilində beynəlxalq standartlara uyğun qurulmuş laboratoriyada müəyyən ediləcək. Bu müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9,5 milyon manat güzəştli kredit verilib. Zavod İtaliya və Türkiyənin aparıcı şirkətlərinin ən son texnologiyalarından istifadə olunmaqla qurulub. İstehsalda gələcəkdə yerli xammaldan daha çox istifadə edilməsi nəzərdə tutulur. İdxal olunan məhsullarla müqayisədə yerli istehsalın üstünlüyü 35-40 faiz təşkil edir. Perspektivdə isə bir sıra məhsul növlərinin xammal təminatı yerli istehsal hesabına təmin olunacaq və ixrac potensialı yaranacaq.

Bunlardan əlavə, zavodun ərazisində inzibati bina, yeməkxana, laboratoriya, qazanxana və su anbarları var. Zavodda 100 yeni iş yeri yaradılıb. Layihənin ikinci mərhələsində bəzi məhsulların xammalının və yarpaq gübrəsi istehsalının təşkil olunması nəzərdə tutulur. Hazırda ölkənin pestisidlərə olan tələbatı 9,1 min ton təşkil edir. Bununla yanaşı, 182 min hektar ərazidə yaradılmaqda olan aqroparkların, 463 hektar sahədə istixana təsərrüfatlarının və əlavə 36 min hektarda əkilməsi nəzərdə tutulan şəkər çuğunduru sahələrinin pestisidlərə olan tələbatı 681 ton proqnozlaşdırılır. Beləliklə, ölkənin pestisidlərə olan ümumi tələbatı 9,8 min ton təşkil edəcək. Zavodun fəaliyyətə başlaması bu məhsullara olan daxili tələbatın tam ödənilməsinə imkan verəcək.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Sonra Prezident İlham Əliyev parkın ərazisində "STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak etdi.

Bildirildi ki, burada ABŞ texnologiyasından istifadə olunacaq. Bu layihə yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Belə ki, müəssisədə ilkin mərhələdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Data Mərkəz işə düşdükdən sonra Azərbaycanda "blockchain”in tətbiqi artacaq.

Sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə