Mobil versiya
Lerikdə bələdiyyələrin “ailə biznesi”nə çevrilməsinə rəvac verilir
Tarix: 04-07-2015 | Saat: 23:21
Bölmə:Gündəm / Seçilənlər | çapa göndər



"Bələdiyyələr bir növ icra hakimiyyətlərinin filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. Mən o fəaliyyəti görmürəm"- Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında demişdir. Dövlət başçısı həmin iclasda qeyd etmişdir ki, bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə aparılan işlər dövlət büdcəsi hesabına görülür: "Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu onun bilavasitə işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin Ehtiyat Fondunun hesabına biz tikirik. Bələdiyyə sadəcə olaraq, bir möhür idarəsidir. Buna son qoyulmalıdır".

Amma bu “möhür idarələri” xalqın “möhürünü düzüb-qoşmasalar “ da, həmin qurumlara sədrlik edənlərin və onları öz filiallarına çevirənlərin işinə yarayırlar. Yerli özünüidarəetmə qurumları necə “matah tikə”dirlərsə, onların sükanını ata öz oğluna, ər öz arvadına verir və s. Götürək elə Lerik rayonunun Almu, Bibiyani, Cəngənəvud, Hamarmeşə, Haran, Kıncıvo, Kornədi, Peştətük, Sipyəreqon, Sivəkəran, Təbrizli və Vizəzəmin kəndlərini əhatə edən Vizəzəmin Bələdiyyəsini. Sonuncu bələdiyyə seçkilərinə qədər bu qurumun sədri vəzifəsini hazırda Hamarmeşə kənd orta məktəbinə direktorluq edən Fərman Haşımov icra edirdi. Keçən il aparılan yoxlama nəticəsində Fərman bəyin fəaliyyətində təkbaşına qərarvermə, hüquqpozmalar, bələdiyyə vəsaitindən və əmlakından səmərəsiz və təyinatdan kənar məqsədlərə istifadə etmə faktları aşkarladığından, o, mənimsənilmiş pulları bələdiyyə büdcəsinə ödəməyə məcbur edilərək, vəzifəsindən kənarlaşdırıldı. Amma Fərman o postda nə görmüşdüsə, idarəetməni əlindən buraxmadı. Quruma ildırım sürətilə əvvəlcə üzv, sonra isə sədr “seçilən” kəs kim olsa yaxşıdır? – həmin o Fərman Haşımovun arvadı İradə Haşımova! Elə bil adları çəkilən 12 kənddə İradə xanımdan başqa bələdiyyəni idarə edəcək bir adam tapılmırdı…

Aydın məsələdir ki, bu cür yerdəyişmələr Fərman Haşımovu idarəetmədə saxlamaq üçündür, kimlərəsə məhz onunla işləmək sərf eləyir. Əgər məsələyə möhtərəm Prezidentimizin məntiqi ilə yanaşsaq və qəbul etsək ki doğrudan da bələdiyyələr icra hakimiyyətlərinin filialllarına çevriliblər, o halda belə nəticə hasil olur ki, Fərmanın Vizəzəzmin Bələdiyyəsində de-fakto hakimiyyətdə qalması Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov üçün əlverişlidir. Hasil olan başqa bir nəticə də ondan ibarətdir ki, bələdiyyə qanunsuzluqları sırasında maliyyə vəsaitinin səmərəsiz və təyinatından kənar istiqamətlərə xərclənməsindən, başqa sözlə, yeyilməsindən də “əhəmiyyətli” məsələlər varmış. Belə olmasaydı, yerli özünüidarəetmə orqanının “ailə biznesi”nə çevrilməsinə nə RİH, nə də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan rəvac verməzdi. “Əhəmiyyətli” məsələlərdən söz düşəndə isə ağıla gələn ilk və ən üzdə olsan faktor Vizəzəmin bələdiyyəsinin əhatə etdiyi kəndlərin gözəl istirahət məkanları olmasıdır. Artıq yetişmiş olan yay mövsümündə bu zonaya yerli və xarici turist axını güclənir, ərazidəki torpaq, meşə sahələrinin, iaşə obyektlərinin istifadə haqları, qiymətləri “kəlləçarxa” qalxır. Görünür, belə vəziyyətdə Fərman özünü “suda balıq kimi” hiss edir ki, bu da başbilənlərə sərf eləyir.

Bu mövzuda yazacağımız növbəti məqalədə Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin məsələyə münasibətini öyrənib oxucularla paylaşmağa çalışacağıq.
(Aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə