Mobil versiya
Dəcəl dovşan balasının nağılı
Tarix: 23-05-2017 | Saat: 14:39
Bölmə:Yazar1 / Seçilənlər | çapa göndər

Dəcəl dovşan balasının nağılı



Şəcahan Ramazanova


Biri vardı , biri yoxdu , bir dovşan vardı. O, meşənin kənarında kolun dibində, torpağın altında özünə rahat bir yuva düzəlt mişdi. Düşmənlərindən qorunmaqçın yuvasına bir neçə yerdən qapı qoymuşdu. İçərisinə müxtəlif otlardan xalça toxuyub sərmişdi..

Dovşanın beş balaca balası var idı.Onlar çox xoşbəxt yaşayırdılar. Bütün günü yuvanın içində oynayır,atılıb-düşürdülər.

Ana dovşan hər gün gedib yaxın kənddəki bostandan kök, kələm gətirərdi. Uşaqlarına da tapşırardı ki, çölə çıxmayın, hələ balacasınız. Qurda –quşa rast gələrsiniz.

Anaları gedəndən sonra bala dovşanlar yuvada oynaya-oynaya analarının yolunu gözləyərdilər. Beləcə günlər, aylar ötürdü. Dovşan balaları yavaş-yavaş böyüyürdülər.

Bir gün yenə ana dovşan yemək dalınca getmişdi. Uşaqlar yuvada sakitcə oynayırdılar. Balalardan ən balacası yuvada darıxmağa başladı. O birisi bacılarına dedi:

-İçəri darıxdırıcıdır, gəlin çölə çıxaq oynayaq, anamız gəlincə qayıdıb yuvaya girərik, anamızın da bundan xəbəri olmaz.

Böyük bacı:

- Yox, anamız qəzəblənər, bizi cəzalandırar.

-Anamız haradan biləcək. O gec qayıdır . O qayıdana qədər mən də yuvada darıxıram. Maraqlıdır, görəsən ətrafda nələr var? Nə qədər yuvada oturmaq olar? Mən hər şeyə baxmaq, hər şeyi

görmək istəyirəm. Həm də yəqin ki, çöldə daha yaxşı qaçmaq, hoppanmaq olar-balaca dovşan dedi:

Bacılar onunla razılaşmadılar.

-Anamız bilir nəyə görə icazə vermir. Sən balacasan, hər şeyi düzgün anlamırsan. Böyüyərsən daha yaxşı anlayarsan. O vaxt anam sənə azad gəzməyə icazə verər.

Balaca dovşan balası heç kəsin sözünə məhəl qoymadı. O, qapını açıb çölə qaçdı.

-Ayya , buralar nə gözəldir! Heyrətindən donub qaldı. Hər tərəf əlvan güllərlə dolu idi. Kəpənəklər ora-bura uçurdulr. Cırcıramaların səsi hər yanı bürümüşdü. Arılar o güldən bu gülə, bu güldən o gülə qonurdular. Quşların şən nəğmələri ətrafı bürümüşdü.

Dovşan balası sevindiyindən atılıb düşdü. Heç bilmirdi hansı gülü dərsin, hansı kəpənəyin dalınca qaçsın. O qədər ora-bura qaçdı ki, birdə gördü ki, yuvadan çox aralanıb. Artıq yorulmuşdu. Geri dönmək istədi. Nə qədər axtardı yuvanı tapa bilmədi. Qorxdu. Ona belə gəldi ki, ətrafda hər şey ona doğru gəlir. Onu yemək istəyir. Möhkəmdən ağlamağa başladı.

Elə bu vaxt buradan bir acgöz tülkü keçirdi. Birdən onun qulağına dovşan balasının səsi gəldi. Diqqətlə qulaq asıb yerini təyin etdi.Yavaşca yaxınlaşıb gördü ki, bir balaca dovşan balası kolun dibində oturub ağlayır.Tülkü çox sevindi. Düşündü ki, necə olur olsun balaca dovşanı yeməlidir, çünki acından lap ürəyi gedir. Şirin dilini işə saldı:

-Balaca , niyə ağlayırsan?

-Xala, mənə kömək edərsiz, mən evimizin yerini itirmişəm.

-Əlbəttə, mənim balam, gəl , səni evinizə aparım.

Tülkünün ağzının suyu axırdı. Fikirləşirdi ki, dovşan balası lap onun ağzının içindədir. Sevuncindən ürəyi döyünürdü. Gözləri parıldayırdı. Bir bəhanə edib dovşan balasını yemək istəyirdi.

Elə bu zaman ana dovşan bostandan qayıdırdı. Bir əlində kök, o birisi əliində kələmlə dolu çanta. Birdən balaca balasının tülküyə doğru getdiyini gördü. Gözlərinə inanmadı. Axı o,balalarını evdə qoymuşdu, bərk-bərk tapşırmışdı ki, çölə çıxmasınlar. Bir anlıq yerində quruyub qaldı. Nə edəcəyini bilmədi. Az qaldı ki, qorxudan ürəyi getsin.

Balasının təhlükəli bir düşmənlə üz-üzə dayandığını görüncə ananın qollarına qüvvət gəldi.Tez arxadan yaxınlaşıb kələmlə dolu çantanı tülkünün başına vurdu. Tülkü yerə uzandı. Ağrıdan ürəyi getdi. Ana dovşan cəld balasının əlindən tutub yuvaya qaçdı. Qapını bərk-bərk bağladı. Balalarını başına yığıb doyunca yemək yedilər. Ana dovşan balaca qızının başını sığallayıb dedi:

-Qızım, sən səhvini anladınmı, başa düşdünmü ki, həyatın necə təhlükədə idi?

Bala dovşan ancaq indi anladi ki, tülkü onların düşməni imiş və çox qorxdu.

-Əzizim, sən hələ çox balacasan.Tələsmə, nə vaxt ki, böyüyərsən, dostunu, düşməni seçərsən, özünü müdafiə etməyi bacararsan,bax onda mən sənə müstəqil davranmağa, meşəni gəzməyə icazə verərəm. İndi isə hara getsən anandan icazə almalısan. Ananın sözünə sözsüz itaət etməlisən. Sən hələ öz təhlükəsizliyini qoruya bilmirsən. Dünyaya nabələdsən. Sənə sağ-salamat böyümək lazımdır. Ona görə də çalış böyüklərin sözündən çıxma.

Balaca dovşan balası öz səhvini anladı. Anasına söz verdi ki, bir də onun icazəsi olmadan heç bir yana getməyəcək. O, anasının üzündən, əllərindən öpdü. Anasının necə də qayğıkeş, mehriban, ağıllı olduğunu başa düşdü.

Beləliklə, dovşan balalarını sağ-salamat böyüdüb təbiətin qoynuna buraxdı.

Siz də əziz balalar, böyüklərin həyat təcrübəsinə güvənin, onların sözlərinə sözsüz əməl edin.

Hər şeyin bir sonu olduğu kimi nağılın da sonu gəlib çatdı.

Göydən üç alma düşdü. Biri nağılı oxuyanın, biri dinləyənlərin, biri də dostların.

Hələlik, dostlar!

Yeni nağıllarda görüşənədək.

Şəcahan Gün.

S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024