Mobil versiya
Sahibə Qafarova 2027-ci ilin dövlət büdcəsi layihəsi barədə çıxışı edib
Tarix: 16-11-2026 | Saat: 12:11
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Sahibə Qafarova 2027-ci ilin dövlət büdcəsi layihəsi barədə çıxışı edib

Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!


Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz mühüm qlobal və regional proseslərin mərkəzində qalmaqda davam edir.
Bu il Azərbaycan dünyanın aparıcı dövlətləri ilə münasibətlərin inkişafı yolunda önəmli addımlar atmışdır.

Amerika Birləşmiş Ştatları ilə Strateji tərəfdaşlıq haqqında Xartiya, Almaniya ilə İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə, habelə Birləşmiş Krallıq ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltmiş, uzunmüddətli əməkdaşlıq üçün əlavə imkanlar açmışdır.

May ayında Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını, oktyabr ayında isə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşünü qəbul etmişdir. Bu tədbirlərdə Azərbaycan şəhərlərin bərpası ilə bağlı təcrübəsini təqdim etmiş, eləcə də regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsinə töhfə vermişdir.

Oktyabr ayında Bakıda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qarşılıqlı anlaşmanı möhkəmləndirmək və ümumi çağırışlara cavab tapmaq üçün müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrini bir araya gətirən ölkə kimi Azərbaycanın rolunu yenidən təsdiq etmişdir.
Noyabrın 8-də biz Vətən müharibəsində tarixi Zəfərimizin 6-cı ildönümünü qeyd etdik. Həmin gün Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın görüşü keçirildi. Həmin görüş Azərbaycanla Türkiyənin müttəfiqliyinin möhkəm təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirdi.

Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!


Bu il ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr arasında Yeni Azərbaycan Partiyasının 8-ci qurultayı xüsusi yer tutur. Dövlət başçısı, partiyanın sədri cənab İlham Əliyev qurultayda söylədiyi proqram xarakterli nitqdə ölkəmizin tarixinin mühüm bir mərhələsinə yekun vurdu və yeni dövrdə dövlətimiz və cəmiyyətimiz qarşısında dayanan vəzifələrə nəzər saldı.

Cənab Prezidentin çıxışında ölkəmizin öz qüvvələrinə arxalanmaqla gələcək inkişafının prioritetləri müəyyən edildi.

Hörmətli xanımlar və cənablar!

Bildiyiniz kimi, bu il regionumuz ciddi sınaqlara məruz qalmışdır. Ölkəmizin yaxın ətrafında münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycan təmkinli və məsuliyyətli davranış nümayiş etdirmiş, öz maraqlarını ardıcıl surətdə müdafiə etmişdir.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!

Hörmətli deputatlar!

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkə iqtisadiyyatının dayanıqlığını qorumağa imkan vermişdir. Bununla əlaqədar bir neçə faktı qeyd etmək kifayətdir. 10 ay ərzində dövlət büdcəsi 4,8 milyard manat profisitlə icra olunmuşdur.

Oktyabr ayının sonuna olan məlumata görə, ölkəmizin strateji valyuta ehtiyatları 89 milyard dollara yaxınlaşmışdır. Bu isə xarici dövlət borcundan təqribən 20 dəfə çoxdur.

İlin mühüm yekunlarından biri Böyük Qayıdışın davam etməsidir. Yaşayış məskənləri və infrastruktur bərpa edildikcə doğma yurduna qayıdan ailələrin sayı da artır.

Sosial sahəyə də böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!

Hörmətli deputatlar!

Bu il əldə edilən nəticələr 2027-ci ilin büdcəsinin formalaşdırılması üçün əlverişli ilkin şərtləri təmin etmişdir. Məmnunluqla qeyd olunmalıdır ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırılmışdır.
Bu, cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur.

Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat olacaqdır. Bu da cari illə müqayisədə təqribən 696 milyon manat çoxdur.

Hörmətli həmkarlar!

Büdcənin digər göstəriciləri barədə məruzə və məlumatlarda lazımi bilgilər veriləcək.
Mən isə yalnız onu qeyd etmək istərdim ki, gələn il büdcə xərclərinin prioritetləri arasında iqtisadi artımın dəstəklənməsi və əhalinin sosial müdafiəsinin, xüsusən həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi əsas yer tutur. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, sərhədlərinin toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması yenə də diqqət mərkəzində olacaqdır.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpa olunması, habelə əhalinin doğma yurdlarına qaytarılması davam etdiriləcəkdir. Süni intellekt texnologiyalarının tətbiqi, təmiz ətraf mühitin və “yaşıl artım”ın təmin olunması da büdcənin prioritetləri sırasındadır.

Əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasını təmin edəcək.
Hörmətli deputatlar!

2027-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir.
Qeyd etmək lazımdır ki, son illərdə yaranmış ənənəyə uyğun olaraq, parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına da dəvət olunmuşlar.

İclasda onların hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılmışdır.

Hesablama Palatası büdcə zərfi barəsində müsbət rəyini bildirmişdir.

Hesab edirəm ki, bizim aparacağımız müzakirələr, hörmətli həmkarlar, səmərəli olacaq, burada deputatların fikirləri və təklifləri də səslənəcək. Bununla əlaqədar mən millət vəkillərini müzakirələrdə fəal iştiraka dəvət edirəm.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2026