Mobil versiya
Məktəbli forması: milli dəyərlər, dünyəvilik və həmrəylik
Tarix: 12-10-2026 | Saat: 12:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

Məktəbli forması: milli dəyərlər, dünyəvilik və həmrəylik

Məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir: sosial statusdan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşağın eyni şərtlərdə təhsil alması, eyni fürsətlərə malik olması. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil - məktəb dini, siyasi və ya ideoloji təbliğatdan uzaq, bütün şagirdlər üçün neytral və inklüziv mühit olmalıdır. Vahid məktəbli forması şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir. Vahid məktəbli geyimi şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Bu baxımdan məktəbdə müəyyən edilən qaydalar yalnız təhsil prosesinin təşkili deyil, həm də cəmiyyətin gələcəyinə təsir edən mühüm amildir.

Bu fikirləri aia.az-a açıqlamasını Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, vahid məktəbli geyim formasının tətbiqi ilə əlaqədar son günlər yaranan müzakirələr məktəbli geyiminin mahiyyəti və bu sahədə müəyyən edilən tələblərin məqsədi barədə müxtəlif fikirlərin səslənməsinə səbəb olub. Xüsusilə geyim qaydalarının dini atributlarla əlaqələndirilməsi məsələyə fərqli yanaşmaların ortaya çıxmasına gətirib. Halbuki burada söhbət yalnız konkret geyim elementindən deyil, dövlət ümumi təhsil müəssisələrində vahid geyim tələblərinin, dünyəvilik prinsipinin və şagirdlərin hüquqlarının necə uzlaşdırılmasından gedir. “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərlə milli xarakter və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilib. Bu yanaşma milli və ümumbəşəri dəyərlərin qorunması, onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılmasını nəzərdə tutur. Deməli, məktəbin dünyəvi xarakteri milli-mənəvi dəyərlərdən uzaqlaşmaq deyil. Əksinə, söhbət milli dəyərləri ümumbəşəri prinsiplərlə uzlaşdıran, bütün şagirdlər üçün neytral və bərabər təhsil mühiti yaratmaqdan gedir.

Bu baxımdan mühüm məqam milli kimliklə dini mənsubiyyətin eyniləşdirilməməsidir. Milli kimlik xalqın dili, tarixi, mədəniyyəti, ədəbiyyatı, dövlətçilik təcrübəsi və ictimai yaddaşı ilə formalaşır. Dini mənsubiyyət isə insanın inancını və dini etiqadını ifadə edir. Bu anlayışların ayrı-ayrı insanların həyatında üst-üstə düşməsi onların mahiyyətcə eyni anlayış olması demək deyil. Ona görə də milli-mənəvi dəyərlərin qorunmasını məktəbdə dini atributların nümayişi ilə birbaşa əlaqələndirmək məsələnin mahiyyətini daraldır. Milli dəyərlər, ilk növbədə, ana dilinə münasibətdə, tarixi irsin öyrənilməsində, ədəbiyyat və mədəniyyətə bağlılıqda, dövlətçilik şüurunda və ictimai məsuliyyətdə özünü göstərir. Milli kimliyin qorunması üçün dini atributların vahid məktəbli formasının ayrılmaz hissəsinə çevrilməsi zəruri şərt deyil.

Konstitusiyanın 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Konstitusiyanın 42-ci maddəsi isə hər bir vətəndaşın təhsil hüququnu, o cümlədən pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Bu müddəalar birlikdə dövlət təhsil sisteminin dünyəvi, bərabər və hamı üçün əlçatan əsaslar üzərində qurulmasını nəzərdə tutan hüquqi çərçivə yaradır. Dövlət ümumi təhsil müəssisələrində həm şagirdlərin, həm də müəllimlərin müəyyən edilmiş geyim tələblərinə riayət etməsi də məhz bu ümumi qaydalar çərçivəsində qiymətləndirilməlidir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə vahid məktəbli formasının bütövlüyünü pozan və ya ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə yol verilməməsi müəyyənləşdirilib.

Burada vahid forma tələbinin sosial mahiyyəti də diqqətdən kənarda qalmamalıdır. Uşaqların eyni məktəb mühitində sosial və maddi fərqləri mümkün qədər hiss etmədən təhsil alması, geyim üzərindən ayrı-seçkilik və qruplaşma risklərinin azalması, hər bir şagirdin özünü məktəb kollektivinin bərabər üzvü kimi hiss etməsi təhsil mühitinin sağlamlığı baxımından əhəmiyyətlidir. Geyim kodeksinə riayət olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə töhfə verir. Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə dəstək verən vasitə kimi dəyərləndirilir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir. Məktəbli geyimi məsələsi yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir.

Digər tərəfdən, məktəb ictimai və ortaq məkandır. Burada müəyyən edilmiş qaydaların ayrı-ayrı şəxslərin dini və ya ideoloji mövqeyindən asılı olaraq dəyişməsi məktəbin neytrallığı ilə bağlı əlavə suallar yarada bilər. Dini mənsubiyyətin zahiri atributlarla ifadəsinin ümumi normaya çevrilməsi isə məktəbin təhsil müəssisəsi kimi əsas funksiyasını kölgədə qoyaraq, hələ dünyagörüşü formalaşmaqda olan uşaqların müxtəlif ideoloji və sosial təsirlərin qarşıdurma mühitinə cəlb olunması riskini artıra bilər. Bu səbəbdən məktəbdə ümumi qaydaların müəyyənləşdirilməsi və həmin qaydaların hamıya bərabər tətbiqi xüsusi əhəmiyyət daşıyır. Hicab məsələsinə gəldikdə isə yanaşma xüsusilə həssas olmalıdır. “Uşaq hüquqları haqqında” Qanun valideynlərin uşaqlarını öz dini əqidələrinə uyğun tərbiyə etmək hüququnu tanımaqla yanaşı, uşağın dini etiqada məcbur edilməsini yolverilməz hesab edir. Bu baxımdan əsas məsələ valideynin dini tərbiyə hüququ ilə uşağın sərbəst formalaşan dünyagörüşünə hörmət arasında düzgün balansın qorunmasıdır. Eyni zamanda, vahid forma tələbi milli mədəni özünüifadəni istisna etmir. Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə həsr olunan tədbirlərdə pedaqoji şuranın qərarı ilə milli geyimdən və onun elementlərindən istifadə imkanının nəzərdə tutulması bunu açıq şəkildə göstərir. Deməli, standart məktəbli forması ilə milli-mədəni özünüifadə eyni anlayış deyil. Vahidlik tələbi milli kimliyin ifadəsini deyil, məktəbin gündəlik təhsil mühitində ümumi qaydanın qorunmasını nəzərdə tutur.

Nəticə etibarilə, məktəbli forması ətrafında yaranan müzakirələrdən cəmiyyətdə qarşıdurma yaratmaq, dini və milli kimlik anlayışlarını bilərəkdən üz-üzə qoymaq və milli həmrəyliyimizi zəiflətmək üçün istifadə etmək yolverilməzdir. Məktəbli geyimi ilə bağlı fikir ayrılıqları dövlətin və cəmiyyətin əsas dəyərlərini hədəfə alan siyasi və ideoloji qarşıdurma predmetinə çevrilməməlidir. Azərbaycan cəmiyyətinin gücü məhz müxtəlifliyimizi ortaq milli kimlik, dövlətçilik və həmrəylik ətrafında birləşdirə bilməyimizdədir. Heç bir geyim məsələsi bizi bu ümumi dəyərlərdən uzaqlaşdırmamalıdır. Milli birliyimizi sarsıtmağa, cəmiyyətdə dini və sosial zəmində qarşıdurma yaratmağa çalışan yanaşmalara qarşı ən doğru mövqe isə məsələyə emosiyalarla deyil, qanun, sağlam düşüncə və dövlətçilik məsuliyyəti ilə yanaşmaqdır. Məktəb uşaqları ayıran deyil, birləşdirən məkandır, məktəbli forması da məhz bu birlik və bərabərlik anlayışına xidmət edir. Millət vəkili Tamam Cəfərova belə deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-11-2026