Mobil versiya
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı eyni zamanda regionların sosial-iqtisadi inkişafı siyasətinin davamlılığını təmin edir
Tarix: 24-09-2026 | Saat: 19:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı eyni zamanda regionların sosial-iqtisadi inkişafı siyasətinin davamlılığını təmin edir

Azərbaycan iqtisadiyyatının qarşıdakı mərhələdə inkişaf prioritetləri sırasında qeyri-neft sektorunun şaxələndirilməsi, təbii resurslardan səmərəli istifadə və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də keçirilən “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında qarşıdakı illər üçün iqtisadi inkişafın mühüm istiqamətlərindən biri kimi dağ-mədən və metallurgiya sənayesinin sistemli şəkildə inkişaf etdirilməsi ilə bağlı konkret hədəflər müəyyənləşdirildi. Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsas xüsusiyyətlərindən biri iqtisadiyyatın dayanıqlılığının daha da artırılması və qeyri-neft sektorunun potensialından tam istifadə olunmasıdır. Dağ-mədən və metallurgiya sənayesi bu strategiyanın mühüm istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sahə ölkə iqtisadiyyatı üçün böyük perspektivlər vəd edir. Maliyyətutumlu sahə olmasına baxmayaraq, onun inkişafı Azərbaycanda yeni və müasir sənaye istiqamətinin formalaşmasına imkan yaradacaq. Eyni zamanda, beş mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur ki, bu da iqtisadi layihələrin sosial mahiyyətini və məşğulluğun artırılmasına töhfəsini göstərir.

Bu fikirləri aia.az açıqlamasında Milli Məclisin üzvs Tamam Cəfərov deyib.

Deputat bildirib ki, burada əsas məqsəd yalnız ayrı-ayrı mədənlərin istismara verilməsi deyil. Söhbət xammalın hasilatından başlayaraq onun emalına, son məhsul istehsalına və ixracına qədər uzanan bütöv istehsal zəncirinin yaradılmasından gedir. Belə yanaşma təbii resursların daha səmərəli istifadəsinə, ölkə daxilində əlavə dəyərin formalaşmasına və Azərbaycanın sənaye potensialının genişlənməsinə şərait yaradacaq. Dövlət Proqramının qarşıya qoyduğu hədəflərin konkret zaman çərçivəsinə malik olması da xüsusi diqqət çəkir. Proqram 2027–2030-cu illəri əhatə edir və dörd il ərzində tam icra olunmalıdır. Bu isə qarşıdakı mərhələdə layihələrin planlı, ardıcıl və nəticəyönümlü şəkildə həyata keçirilməsini, icra və monitorinq mexanizmlərinin səmərəli işləməsini tələb edir. Prezidentin çıxışında vurğulandığı kimi, qəbul edilən dövlət proqramlarının qısamüddətli və konkret nəticələrə hesablanması dövlət idarəçiliyində hədəf əsaslı yanaşmanın mühüm göstəricisidir. Yeni proqram eyni zamanda regionların sosial-iqtisadi inkişafı siyasətinin davamlılığını təmin edir. Azərbaycanın regionlarının inkişafına dair ilk Dövlət Proqramının 2004-cü ildə qəbul edilməsindən sonra ölkənin bütün bölgələrində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, sahibkarlıq və məşğulluq imkanları genişlənib. Bu proses bu gün də davam edir. Çünki əhali, iqtisadi fəallıq və sosial tələbat artdıqca regional inkişaf siyasəti də yeni çağırışlara uyğun şəkildə yenilənməlidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusilə resurs potensialı olan bölgələrdə yeni iqtisadi fəallığın yaranmasına, xidmət və istehsal sahələrinin genişlənməsinə imkan verəcək.
Bu baxımdan Dövlət Proqramının işğaldan azad edilmiş ərazilərlə bağlı istiqaməti xüsusi əhəmiyyət daşıyır. İşğal illərində Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və təbii ehtiyatların talan edilməsi ölkənin iqtisadi və ekoloji potensialına ciddi zərər vurub. Prezident İlham Əliyev çıxışında Kəlbəcər, Laçın və Zəngilan rayonlarında işğal dövründə 60 min hektar meşə fondunun məhv edildiyini qeyd edib. Bu fakt işğalın Azərbaycan torpaqlarının yalnız ərazi bütövlüyünə deyil, həm də təbii sərvətlərinə və ekosisteminə vurduğu zərərin miqyasını göstərir. İşğaldan azad edilmiş ərazilərdə yerləşən qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi isə artıq yeni reallığın mühüm istiqamətlərindən biridir. Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində yerləşən yataqların istismara hazırlanması həm həmin ərazilərin iqtisadi potensialının üzə çıxarılması, həm də Böyük Qayıdış prosesinin iqtisadi dayaqlarının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Ağdərədə artıq işlərə başlanılması, Kəlbəcər və Zəngilanda isə müvafiq layihələrin həyata keçirilməsinin nəzərdə tutulması bu istiqamətdə ardıcıl fəaliyyətin aparıldığını göstərir.
Azərbaycanın qarşısında duran digər mühüm vəzifə mövcud yataqların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsidir. Sovet dövründə aparılmış kəşfiyyat işlərindən uzun illər keçib və həmin dövrdə istifadə olunan texnologiyalarla müqayisədə bu gün geoloji tədqiqat imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu səbəbdən mövcud ehtiyatların müasir metodlarla dəqiqləşdirilməsi və yeni yataqların aşkar olunması Azərbaycanın mineral-xammal bazasının genişləndirilməsinə mühüm töhfə verə bilər.
Dövlət Proqramının təqdimatı zamanı səsləndirilən rəqəmlər də qarşıya qoyulan hədəflərin miqyasını göstərir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə proqramın icrası üçün ümumilikdə 5,3 milyard manat investisiya qoyuluşu planlaşdırılır.
Bu göstəricilər göstərir ki, yeni mərhələdə məqsəd yalnız mədən sənayesini genişləndirmək deyil, Azərbaycan iqtisadiyyatında daha yüksək əlavə dəyərə malik sənaye zəncirinin formalaşdırılmasıdır. “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması, “Filizçay”da mis, sink və qurğuşunun emalı, “Söyüdlü”də qızılın emalı, “Daşkəsən” layihəsində isə isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması bu yanaşmanın praktiki ifadəsidir. Xüsusilə dəmir və əlvan metallar üzrə yeni istehsal imkanlarının yaradılması Azərbaycanın ixrac coğrafiyasının və məhsul portfelinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, dağ-mədən sənayesinin inkişafı onunla əlaqəli xidmət sahələrinin, logistikanın, texniki xidmət və digər istehsal istiqamətlərinin də inkişafına təkan verə bilər. Beləliklə, bir sektor ətrafında daha geniş sənaye ekosisteminin formalaşması üçün imkan yaranır.
Əslində, Dövlət Proqramının fəlsəfəsini bir cümlə ilə ifadə etmək mümkündür: Azərbaycanın yeraltı sərvətləri yalnız xammal kimi deyil, yüksək əlavə dəyər yaradan milli iqtisadi resurs kimi qiymətləndirilməlidir. Bu yanaşma ölkənin təbii ehtiyatlarının səmərəli idarə olunması ilə yanaşı, sənayeləşmənin yeni mərhələsinə keçidi də şərtləndirir. Azərbaycanın iqtisadi inkişaf tarixində neft-qaz sektorunun xüsusi rolu danılmazdır. Lakin müasir mərhələdə əsas hədəflərdən biri əldə edilmiş iqtisadi potensialdan istifadə etməklə qeyri-neft sektorunun daha da gücləndirilməsidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı bu baxımdan həm iqtisadi şaxələndirməyə, həm ixracın artırılmasına, həm də yeni sənaye və məşğulluq imkanlarının yaradılmasına xidmət edə bilər.
Dövlət Proqramının 2027–2030-cu illərdə icrası Azərbaycanın sənaye siyasətində yeni səhifənin açılmasına hesablanıb. Təbii sərvətlərin müasir texnologiyalar əsasında öyrənilməsi, yataqların istismara hazırlanması, xammaldan son məhsula qədər dəyər zəncirinin qurulması və regionların iqtisadi potensialının hərəkətə gətirilməsi qarşıdakı illərin mühüm vəzifələri olacaq. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycanın iqtisadi siyasətində əsas məqsəd mövcud resurslardan yalnız istifadə etmək deyil, həmin resurslar əsasında uzunmüddətli və dayanıqlı iqtisadi dəyər yaratmaqdır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da məhz bu strategiyanın tərkib hissəsi kimi Azərbaycanın yeni, müasir və şaxələndirilmiş sənaye modelinin formalaşmasına xidmət edəcək. Millət vəkili Tamam Cəfərova belə deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2026