Mobil versiya
“Filizçay” – Azərbaycanın yeni sənaye imkanlarının mühüm ünvanı
Tarix: 24-09-2026 | Saat: 15:19
Bölmə:Siyasət | çapa göndər

“Filizçay” – Azərbaycanın yeni sənaye imkanlarının mühüm ünvanı

Azərbaycanın iqtisadi inkişaf strategiyasında təbii ehtiyatlardan səmərəli və məqsədyönlü istifadə, onların ölkə daxilində emalının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin formalaşdırılması mühüm yer tutur. Son illərdə həyata keçirilən ardıcıl sənayeləşmə siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı yeni mərhələyə qədəm qoyub. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramının hazırlanması da məhz bu strateji xəttin mühüm tərkib hissəsidir.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ölkənin mineral resurs potensialının iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi ilə bağlı mühüm məsələlər diqqətə çatdırılıb. Dövlətimizin başçısı çıxışında Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağını xüsusi qeyd edərək onu Avropa qitəsində ən perspektivli yataqlardan biri kimi səciyyələndirib.
“Filizçay” yatağı Azərbaycanın əlvan metal ehtiyatları baxımından böyük potensiala malik strateji obyektlərindən biridir. Yatağın istismara hazırlanması ölkənin dağ-mədən sənayesinin inkişafı ilə yanaşı, yeni istehsal zəncirinin yaradılması baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq bir neçə ildir ki, “AzerGold” tərəfindən yatağın istismara hazırlanması istiqamətində işlər aparılır. Növbəti mərhələdə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və yekun investisiya qərarının qəbul edilməsi nəzərdə tutulur.
Yatağın miqyası onun Azərbaycanın gələcək sənaye inkişafında hansı rolu oynaya biləcəyini aydın göstərir. Dövlət Proqramının təqdimatı zamanı bildirilib ki, “Filizçay” üzrə təxminən 4 milyon qızıl ekvivalentində unsiya resurs müəyyən edilib. Yatağın 34 illik istismar dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat, tələb olunan investisiya isə təqribən 1 milyard manat səviyyəsində qiymətləndirilir.
Bu rəqəmlər “Filizçay” layihəsinin yalnız bir mədən layihəsi olmadığını göstərir. Burada əsas məsələ Azərbaycanın zəngin mineral ehtiyatlarının ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyərə çevrilməsidir. Dövlət Proqramının başlıca prinsiplərindən biri də filizin hasilatından başlayaraq zənginləşdirmə, emal, yarımfabrikat və hazır məhsul istehsalınadək dəyər zəncirinin mümkün qədər ölkə daxilində qurulmasıdır.
Bu yanaşma Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki xammalın yalnız ixrac edilməsi ilə müqayisədə onun ölkə daxilində emalı daha çox əlavə dəyər yaradır, yeni istehsal sahələrinin meydana gəlməsinə, ixtisaslı kadr tələbatının artmasına, xidmət və logistika sektorlarının genişlənməsinə imkan verir. Beləliklə, bir mədən layihəsi ətrafında daha geniş sənaye və iqtisadi ekosistemin formalaşması üçün zəmin yaranır.
“Filizçay”ın Balakən rayonunda yerləşməsi isə layihənin regional inkişaf baxımından əhəmiyyətini artırır. Dövlət Proqramı ümumilikdə regionların sosial-iqtisadi inkişafı gündəliyini də özündə əks etdirir. Dağ-mədən sənayesinin inkişafı regionlarda iqtisadi fəallığın artmasına, yeni iş və xidmət imkanlarının yaranmasına, yerli sahibkarlığın inkişafına və infrastrukturun genişlənməsinə təsir göstərə bilər. Prezident İlham Əliyev də müşavirədə proqramın regionların sosial-iqtisadi inkişafı ilə bağlı gündəliyi əks etdirdiyini vurğulayıb.
Azərbaycanın mineral ehtiyatlarının iqtisadi potensiala çevrilməsi dövlət siyasətində uzunmüddətli xarakter daşıyır. 2026-cı il aprelin 1-də imzalanmış Sərəncamda da dağ-mədən və metallurgiya sənayesinin inkişafının iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyəti xüsusi qeyd olunub. Sənəddə xammaldan son məhsula qədər dəyər zəncirinin inkişaf etdirilməsi və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi qarşıya mühüm məqsədlər kimi qoyulub.
Yeni Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan hədəflər də kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027-2030-cu illərdə bu məqsədlərə nail olmaq üçün ümumilikdə 5,3 milyard manat investisiyanın cəlb edilməsi planlaşdırılır.
Bu genişmiqyaslı hədəflər sırasında “Filizçay” layihəsinin özünəməxsus yeri var. Mis, sink və qurğuşun kimi sənaye üçün mühüm əhəmiyyət daşıyan metalların hasilatı və tamhəcmli emalı Azərbaycanın ixrac portfelinin şaxələndirilməsinə imkan yarada bilər. Eyni zamanda, bu layihənin reallaşdırılması ölkənin əlvan metallurgiya sahəsində yeni istehsal imkanlarının formalaşmasına şərait yaradacaq.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərdən biri də məhz bu məqamın strateji mahiyyətini ortaya qoyur: böyük həcmdə yeni resurslar aşkarlandığı halda onların sadəcə filiz şəklində dünya bazarlarına çıxarılması deyil, zənginləşdirmə və emal zəncirinin yaradılması əsas vəzifələrdən biri olmalıdır. Bu yanaşma Azərbaycanın təbii sərvətlərdən daha səmərəli istifadə etməklə milli iqtisadiyyata daha böyük əlavə dəyər qazandırmaq niyyətini göstərir.
“Filizçay” layihəsinin qarşıdakı mərhələlərdə reallaşdırılması Balakənin iqtisadi həyatında da yeni imkanların yaranmasına səbəb ola bilər. İstehsalın genişlənməsi ilə yanaşı, nəqliyyat, logistika, tikinti, xidmət və təchizat sahələrinə tələbatın artması gözlənilir. Yerli şirkətlərin podratçı və təchizatçı kimi layihələrə cəlb olunması regionda sahibkarlıq fəallığının artmasına əlavə stimul verə bilər.
Beləliklə, Balakəndə yerləşən “Filizçay” polimetal yatağı Azərbaycanın mineral resurs potensialının mühüm hissəsini təşkil etməklə yanaşı, ölkənin yeni sənaye siyasətinin konkret ifadələrindən biri kimi diqqəti cəlb edir. Yatağın istismara hazırlanması ilə bağlı görülən işlər və Dövlət Proqramında müəyyənləşdirilən hədəflər qarşıdakı illərdə bu istiqamətdə daha böyük layihələrin həyata keçiriləcəyini göstərir.
“Filizçay”ın timsalında Azərbaycanın qarşısında duran əsas məqsəd yalnız təbii sərvətlərin hasilatını artırmaq deyil, həmin sərvətləri müasir texnologiyalar əsasında emal edərək iqtisadiyyatın müxtəlif sahələri üçün daha yüksək dəyər yaradan məhsullara çevirməkdir. Bu isə ölkənin sənaye potensialının möhkəmləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və regionların iqtisadi inkişafının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın zəngin mineral resursları, formalaşdırdığı enerji və nəqliyyat infrastrukturu, investisiya imkanları və həyata keçirilən dövlət proqramları qarşıdakı dövrdə dağ-mədən və metallurgiya sənayesinin daha da inkişafı üçün mühüm zəmin yaradır. “Filizçay” layihəsi isə bu böyük strategiyanın Balakəndəki mühüm halqalarından biri olaraq Azərbaycanın yeni sənaye xəritəsində xüsusi yer tutmağa namizəddir.

Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2026