Mobil versiya
NATO-nun şərq cinahına qarşı dəhşətli ssenari: Rusiya Qərb ölkəsini "üç gündə xəritədən silmək"lə hədələdi
Tarix: 19-09-2026 | Saat: 20:00
Bölmə:Dünya | çapa göndər

NATO-nun şərq cinahına qarşı dəhşətli ssenari: Rusiya Qərb ölkəsini "üç gündə xəritədən  silmək"lə hədələdi


Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevin “Rusiya böyük dövlət olmalıdır, əks halda, ümumiyyətlə, mövcud olmayacaq” mesajı Avropada savaş xofunu dərinləşdirir... Və Rusiyanın hərbi təhdidləri Avropa ölkələrini yaxınlaşan savaş təhlükəsinin təsiri altında yeni "müharibə dövrünün idarəçilik modeli"nə keçməyə məcbur buraxır...
Avropa məkanında təhlükəsizlik gündəliyi Rusiyanın getdikcə, daha sərt məzmun alan təhdidlərindən qaynaqlanan qorxunc hərbi ssenarilərə hazırlıq prosesi ilə formalaşır. Belə ki, Rusiya və Qərb arasında Ukrayna müharibəsinin dayandırılması üzrə siyasi-diplomatik kanallar hələ tamamilə bağlanmayıb. Ancaq bununla belə, tərəflərin son açıqlamaları mövcud qarşıdurmanın artıq siyasi çərçivədən çıxaraq, daha genişmiqyaslı Avropa təhlükəsizliyi probleminə çevrildiyini göstərir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iddia edib ki, əgər, ABŞ “Alyaska anlaşmaları”ndan geri çəkilməsəydi və Avropa Birliyi Ağ Evi həmin razılaşmalardan uzaqlaşdırmasaydı, dünya son bir ildə artıq müharibəsiz şəraitdə yaşayacaqdı. Kreml 2025-ci ildə Alyaskada keçirilmiş Tramp-Putin görüşünün nəticələrini artıq dəfələrlə "real anlaşma" kontekstində təqdim edib. Ancaq ABŞ rəsmiləri də bunun qarşılığında belə bir formal razılaşmanın əldə olunmadığını bildiriblər.

Ona görə də, Sergey Lavrovun bu barədə iddiaları hazırda təsdiqlənmiş siyasi-diplomatik fakt hesab olunmur. Yəni, bu, Kremlin həmin görüşə yönəlik siyasi manipulyasiyası kimi qiymətləndirilir. Bununla belə, rus nazirin mesajının özü də bəzi məqamları nəzərə aldıqda, əhəmiyyətli görünür. Çünki Rusiya Ukrayna savaşının uzanmasına görə əsas məsuliyyəti yalnız rəsmi Kiyev və Ağ Evin deyil, Avropa dövlətlərinin də üzərinə qoymağa çalışır.


Ona görə də, Sergey Lavrovun açıqlaması həm də Rusiya və Avropa ölkələri arasında münasibətlərin mümkün normallaşmasının belə, təhlükəsizlik sahəsində əvvəlki əməkdaşlıq modelinə qayıdış anlamına gəlməyəcəyinə işarə edir. Çünki onun sözlərinə görə, Rusiya münasibətlər yaxşılaşsa belə, dövlət təhlükəsizliyinə aid sahələrdə Avropa ölkələri ilə müqavilələr bağlamayacaq. Bu yanaşma tərzi Rusiyanın Avropa ölkələri ilə münasibətlərə yalnız iqtisadi və siyasi-diplomatik deyil, həm də uzunmüddətli strateji etimadsızlıq prizmasından baxdığını göstərir.

Bu baxımdan, Sergey Lavrovun Avropa ölkələrinin Rusiyaya hücum ehtimalı ilə bağlı açıqlaması Kremlin Qərbə daha sərt mesajı kimi qəbul olunur. Çünki rus nazir belə bir ssenari üzrə baş verəcək müharibənin əvvəlkindən fərqli və “çox qısamüddətli” olacağını bildirib. Belə təhdidkar mesajlar isə Kremlin Qərblə birbaşa hərbi qarşıdurma ehtimalını Rusiyanın strateji planlarında getdikcə, daha açıq şəkildə nəzərdən keçirdiyini göstərir.

Məsələ ondadır ki, Rusiyanın təhlükəsizlik ritorikasında bu sərt xətt prezidentin köməkçisi Nikolay Patruşevin Polşa ilə bağlı açıqlaması ilə daha da ön plana çıxır. Çünki o, bildirib ki, Polşa Rusiya ilə hərbi qarşıdurmaya girərsə, Kreml bütün mövcud qüvvə və vasitələrindən istifadə edə bilər. Nikolay Patruşev bu halda, Polşa dövlətçiliyinin cəmisi “iki-üç gün” ərzində öz mövcudluğunu dayandıracağını da iddia edib. Və o, bu iddianı məhz Polşanın xarici işlər naziri Radoslav Sikorskinin NATO-nun Rusiya üzərindəki hərbi üstünlüyü barədə açıqlamalarına cavab olaraq, səsləndirib.Burada əsas önəmli məqam ondan ibarətdir ki, Radoslav Sikorski sonradan öz fikirlərinə düzəlişlər etmək məcburiyyətində qalıb. Yəni, bildirib ki, onun açıqlaması Polşa-Rusiya savaşına deyil, məhz NATO-Rusiya müharibəsi ilə bağlı ehtimallara aiddir. Ona görə də, Nikolay Patruşevin verdiyi cavabda Qərblə hərbi münaqişə ilə bağlı ehtimalın ağırlıq mərkəzinin məhz “Polşa-Rusiya” ssenarisinə keçirilməsi də ayrıca diqqəti çəkir. Və Kremlin Polşaya yönəlik “iki-üç gün” təhdidi də qətiyyən təsadüfi görünmür.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın bu təhdidlərinin əsas hədəfi yalnız Polşa deyil. Belə ki, bu xəbərdarlıq mesajının eyni zamanda, həm də digər NATO ölkələrinə, eləcə də, bütövlükdə Avropa ictimaiyyətinə yönəldiyini düşünmək olar. Yəni, qarşı tərəfə, Şərqi Avropada hərbi potensialın artırılması və Rusiyaya qarşı daha sərt siyasət Kremlin cavabsız buraxmayacağı addımlar kimi təqdim edilir. Və bununla da Kremlin hərbi təhdidləri yalnız real savaş potensialı barədə mübahisə deyil, həm də qarşı tərəfin siyasi iradəsinə təsir göstərmək vasitəsinə də çevrilmiş olur.

Digər tərəfdən, bütün bunlara paralel olaraq, elə Avropa məkanında da təhlükəsizliklə bağlı verilən mesajların sərtləşdiyi müşahidə olunur. Belə ki, Almaniya kansleri Fridrix Mertz hazırda Avropanın qarşısında “azadlıq və sülh uğrunda mübarizədə ən həlledici həftələrin və ya ayların” dayanmış ola biləcəyini bildirib. Almaniya kansleri son vaxtlar Avropanın təhlükəsizliyini məhz ölkədaxili siyasi müzakirələrdən belə, üstün tutduğunu vurğulayır. Və Avropa Birliyinin Ukrayna siyasətində daha genişmiqyaslı Avropa təhlükəsizlik çərçivəsini müdafiə edir.

Bütün bunları nəzərə aldıqda, Rusiyanın Avropa ölkələrinə yönəlik hərbi təhdidlərinin "qoca qitə"də gələcəyə yönəlik ehtiyat ssenarilərinə yol açması da qətiyyən təsadüfi görünmür. Belə ki, Litvada Rusiya ilə mümkün hərbi böhran halında, paytaxt Vilnüsün əhalisinin Polşa istiqamətində köçürülməsini nəzərdə tutan planın hazırlandığı bildirilir. Bu, NATO-nun şərq cinahındakı ölkələrin artıq yalnız ehtimal olunan müharibə ssenarilərini müzakirə etmədiyini, üstəlik, mülki müdafiə və köçürülmə mexanizmlərini də nəzərdən keçirdiyini göstərir.Bu baxımdan, Avropa məkanının təhlükəsizlik arxitekturasında artıq daha fundamental dəyişikliklər baş verməkdədir. Belə ki, Ukrayna savaşının nəticələri hazırda NATO-nun şərq cinahının müdafiəsi, Polşa və Baltikyanı ölkələrin hərbi hazırlığı, Almaniyanın silahlanması, eləcə də, ABŞ-ın Avropadakı hərbi roluna qədər genişlənib. Üstəlik, NATO daxilində ABŞ-ın Avropanı müdafiə etmə potensialı da artıq yenidən qiymətləndirilir. Çünki Ağ Ev hələ də israrla avropalı müttəfiqlərdən qitənin müdafiə yükünün daha böyük hissəsini öz üzərinə götürməsini tələb edir.

Belə bir situasiyada isə Rusiya və Avropa ölkələri arasında siyasi dialoqun perspektivi də müəmmalı görünür. Çünki Sergey Lavrovun “təhlükəsizlik sahəsində Avropa ilə müqavilə olmayacaq” mesajı qarşıduran tərəflər arasında yaxın gələcəkdə münasibətlərin inkişaf istiqamətlərini təxmin etməyə imkan verir. Yəni, bu, onu göstərir ki, hətta Ukrayna savaşı dayandırılsa belə, Rusiya və Avropa ölkələri arasında əvvəlki qarşılıqlı etimadın bərpası daha uzunmüddətli problem olaraq qalacaq.

Çünki Rusiya “qısa müharibə” və “bütün arsenal” barədə xəbərdarlıqlar edir. Almaniya “həlledici aylar”dan danışır və Polşa NATO-nun hərbi potensialına sığınır. Baltikyanı ölkələr isə mümkün savaş ssenarisinə yönəlik praktiki hazırlıq görür. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Rusiya böyük dövlət olmalıdır, əks halda, ümumiyyətlə, mövcud olmayacaq” məzmunlu açıqlaması Avropada savaş xofunu dərinləşdirir. Və bu, Avropa ölkələrini yaxınlaşan savaş təhlükəsinin təsiri altında yeni "müharibə dövrünün idarəçilik modeli"nə keçməyə sürükləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2026