Mobil versiya
Əsrə bərabər bir gün - 19 sentyabr...
Tarix: 19-09-2026 | Saat: 17:14
Bölmə:Ölkə | çapa göndər

Əsrə bərabər bir gün - 19 sentyabr...


Azərbaycanın dövət suverenliyinin və tarixi ədalətin bərpası
2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycan Ordusunun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaratdı.

2016-cı ilin Aprel döyüşləri – Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü. 2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərindən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

Qeyd etmək vacibdir ki, 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında 2 min hektar ərazini düşməndən azad etmiş, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırdı. Bunun davamı olaraq, 2018-ci ilin may ayının 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Nəticədə minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi Azərbaycanın nəzarətinə keçdi. Qeyd etmək vacibdir ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü.

Azərbaycan Prezidenti tərəfindən Ermənistanın işğalçılıq
siyasətinin dünyaya çatdırılması
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa etdi.

Mühüm beynəlxalq toplantılarda “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirdi ki, bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda beynəlxalq hüquqa əsaslanır və heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində diqqətə çatdırıldı ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsassızdır, tarixi faktların və beynəlxalq hüquq prinsiplərinin ermənisayaq təfsirindən başqa bir şey deyil. Bu baxımdan Azərbaycan Prezidenti Ermənistanın Baş Nazirinin diqqətinə çatdırdı ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib, onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

Nəticədə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 gün ərzində reallığa çevrildi.

Azərbaycanın hərbi və diplomatik uğurları
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə, Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və tarixi ədalətin bərpası2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışında demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.

Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Bununla yanaşı, 1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxışı zamanı demişdir: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd etdi və müasir tariximizin yeni dövrünün də məhz sentyabrın 20-dən (2023-cü il – E.Ə.) sonra başladığını diqqətə çatdıraraq vurğuladı ki, istər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi.

Azərbaycan Prezidenti İlham Əliyevin iki il əvvəl - 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu mühüm və əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Nəticədə, bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən və tarixi ədalətin bərpasından artıq üç il keçir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamda vurğulanır ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir: “Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Elçin Əhmədov
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
professoru, siyasi elmlər doktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2026