Mobil versiya
Manaf Manafov: "Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi əsaslarını möhkəmləndirir"
Tarix: 26-08-2026 | Saat: 12:27
Bölmə:Siyasət | çapa göndər

Manaf Manafov: "Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi əsaslarını möhkəmləndirir"

Dövlət başçısının Daşkənddə mətbuata açıqlaması baş tutmuş görüşün nəticələrini sadalamaqla kifayətlənmir, daha geniş siyasi məzmun daşıyır. Belə çıxışlar yalnız əldə olunan nəticələri deyil, qarşıdakı dövrün siyasi istiqamətlərini müəyyənləşdirən mühüm mesajları da özündə əks etdirir. Prezident İlham Əliyevin avqustun 23-də Daşkənddə Azərbaycan–Özbəkistan münasibətlərinə dair səsləndirdiyi fikirlər də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.



Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, Azərbaycan Prezidentinin açıqlamasında əsas xətt kimi diqqət çəkən fikir ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan arasındakı əlaqələr artıq yalnız dostluq və qardaşlıq çərçivəsində qiymətləndirilə bilməz. Bu münasibətlər regional və qlobal miqyasda geosiyasi, eyni zamanda geoiqtisadi nəticələr yaradan strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu baxımdan cənab Prezident İlham Əliyevin bəyanatını təkcə iki ölkə arasında əlaqələrin mövcud vəziyyətinə verilmiş müsbət qiymət kimi deyil, Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi siyasətin və yeni regional əməkdaşlıq yanaşmasının mühüm siyasi ifadəsi kimi dəyərləndirmək lazımdır.

Bu yanaşma Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini başa düşmək baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki siyasi iradə nə qədər möhkəm olsa da, onu konkret layihələrə, investisiyalara və iqtisadi nəticələrə çevirəcək potensial olmadıqda strateji tərəfdaşlığın imkanları tam reallaşa bilməz. Prezident İlham Əliyevin bəyanatında da məhz bu məqam aydın görünür. Azərbaycan Özbəkistanın iqtisadi uğurlarına yalnız dost və qardaş dövlətin nailiyyəti kimi deyil, eyni zamanda gələcəkdə həyata keçiriləcək birgə layihələr üçün möhkəm iqtisadi zəmin kimi yanaşır.

Çıxışın diqqətçəkən tərəflərindən biri iki ölkə arasındakı əməkdaşlığın son illərdə keçdiyi böyük yolu nümayiş etdirən müqayisədir. Prezident İlham Əliyev bildirir ki, Şavkat Mirziyoyev Özbəkistanın rəhbəri olmamışdan əvvəl Azərbaycanla Özbəkistan arasında birgə layihələr mövcud deyildi. Bu gün isə qarşılıqlı ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması artıq uzaq gələcəyə aid məqsəd kimi deyil, yaxın perspektivdə reallaşdırılması mümkün olan konkret hədəf kimi təqdim edilir. Bu göstəricinin arxasında iki dövlət arasında siyasi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsi dayanır.

Əgər əvvəl Azərbaycan və Özbəkistan əsasən dostluq və qardaşlıq münasibətləri ilə xarakterizə olunan əlaqələrə malik idilərsə, hazırda hər iki ölkə öz iqtisadi imkanlarını qarşılıqlı inkişaf naminə birləşdirən strateji tərəfdaşlara çevrilib. Ən mühüm məqamlardan biri isə əməkdaşlığın ayrı-ayrı ənənəvi sahələrlə məhdudlaşmamasıdır. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, emal, bankçılıq və neft-qaz sahəsində həyata keçirilən təşəbbüslər iki ölkə arasında əlaqələrin çoxşaxəli iqtisadi əməkdaşlıq sisteminə çevrildiyini göstərir. Prezidentin “bu gün biz artıq perspektivdən danışırıq” fikri də məhz bu yeni mərhələnin mahiyyətini ifadə edir.

Azərbaycan Prezidentinin bəyanatında diqqətdən kənarda qalmamalı digər mühüm məqam iki ölkə münasibətlərinin həm mənəvi, həm də iqtisadi əsaslara söykənməsidir. Bu yanaşma adi diplomatik ifadədən daha geniş siyasi məna daşıyır. Beynəlxalq münasibətlərdə dövlətlər arasındakı əlaqələr çox vaxt iqtisadi maraqlar və ya siyasi-strateji məqsədlər üzərində qurulur. Azərbaycanla Özbəkistan arasında isə bu amillərə xalqlarımızın milli-mənəvi yaxınlığı da əlavə olunur. Eyni dil ailəsinə mənsub olmaq, ortaq tarixi yaddaş, yaxın mədəni dəyərlər və qarşılıqlı qardaşlıq hissləri iqtisadi və siyasi maraqlarla birləşdikdə daha möhkəm və uzunömürlü əməkdaşlıq modeli meydana çıxır.

Fikirlərini davam etdirən müsahibimiz bunu da bildirib ki, cənab Prezident İlham Əliyevin bu münasibətlərdə belə bir sintezə dünya siyasətində nadir hallarda rast gəlindiyini vurğulaması da təsadüfi deyil. Azərbaycan–Özbəkistan əlaqələrində mənəvi yaxınlıq siyasi etimadı gücləndirir, siyasi etimad iqtisadi tərəfdaşlığa yol açır, iqtisadi əməkdaşlıq isə iki ölkənin geosiyasi imkanlarını daha da genişləndirir. Bu baxımdan söhbət artıq sadəcə ikitərəfli əlaqələrdən getmir.

Daşkənd görüşlərinin əsas xüsusiyyətlərindən biri siyasi səviyyədə səsləndirilən fikirlərin elə həmin gün konkret layihələrlə tamamlanması oldu. Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi müxtəlif layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi göstərdi ki, iki ölkə arasındakı əməkdaşlıq artıq yalnız dövlət sənədləri və yüksək səviyyəli görüşlərlə məhdudlaşmır. Bu münasibətlər istehsal, təhsil, bankçılıq, enerji, şəhərsalma və digər real həyat sahələrində özünü göstərən praktiki əməkdaşlığa çevrilib.

Beləliklə, Daşkənddə səsləndirilən “qardaşlıq” anlayışı həmin gün konkret obyektlərdə – zavodlarda, məktəblərdə, banklarda, yanacaqdoldurma məntəqələrində, yaşayış komplekslərində və yeni salınacaq bağlarda real məzmun qazandı. Bu, diplomatik münasibətlərin ən səmərəli nəticələrindən biridir: siyasi iradənin konkret iqtisadi layihələrə çevrilməsi. Prezident İlham Əliyevin bəyanatında vurğulanan “mənəvi və maddi təməl” anlayışının ən aydın nümunəsi də məhz burada özünü göstərir. İki xalq arasındakı mənəvi yaxınlıq siyasi etimad formalaşdırır, siyasi etimad isə investisiyalara, istehsala və yeni layihələrə çevrilir. Deməli, Azərbaycan–Özbəkistan münasibətlərinin gücü yalnız yaxınlıq səviyyəsində deyil, bu yaxınlığın real nəticələr yaratmaq qabiliyyətindədir.

Bəyanatın ən mühüm geosiyasi mesajlarından biri Prezident İlham Əliyevin Azərbaycanı və Mərkəzi Asiyanı vahid geosiyasi və geoiqtisadi məkan kimi təqdim etməsidir. Bu yanaşma xüsusi əhəmiyyətə malikdir. Son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin sürətlə genişlənməsi artıq ayrı-ayrı ikitərəfli münasibətlərin sadə cəmi kimi qiymətləndirilə bilməz. Bakı ilə Mərkəzi Asiyanın müxtəlif paytaxtları arasında formalaşan siyasi, iqtisadi, enerji və nəqliyyat əlaqələri daha geniş regional əməkdaşlıq sistemi yaradır.

Azərbaycanın bu prosesdə iştirakında Prezident Şavkat Mirziyoyevin xüsusi rolunu vurğulayan cənab Prezident İlham Əliyev bununla yanaşı, Özbəkistanın Azərbaycanla Mərkəzi Asiya arasında mühüm əlaqələndirici rolunu da ön plana çəkir. Burada yalnız coğrafi yaxınlıq nəzərdə tutulmur. Söhbət siyasi iradənin, iqtisadi maraqların və nəqliyyat-kommunikasiya imkanlarının bir-biri ilə uzlaşdırılmasından gedir. Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat mərkəzi kimi mövqeyi ilə Mərkəzi Asiyanın sürətlə böyüyən iqtisadi imkanlarının birləşdirilməsi region üçün yeni perspektivlər açır. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş regional inteqrasiya prosesinin əsas dayaqlarından birinə çevrilə bilər.

Özbəkistanın Qarabağın yenidən qurulmasında iştirakı Prezident İlham Əliyevin qeyd etdiyi “mənəvi və maddi təməl” prinsipinin konkret təzahürlərindən biridir. İki ölkə arasındakı münasibətlərin yalnız Bakı və Daşkəndlə məhdudlaşmaması da çıxışda xüsusi vurğulanan məqamlardandır. Regionlararası əməkdaşlıq forumuna göstərilən yüksək maraq və müxtəlif layihələrin Azərbaycanın və Özbəkistanın ayrı-ayrı bölgələrini əhatə etməsi onu göstərir ki, strateji tərəfdaşlığın növbəti mərhələsində əsas məqsədlərdən biri dövlətlərarası əlaqələri regionlar arasında birbaşa iqtisadi münasibətlərə çevirməkdir.

Azərbaycanın turizm infrastrukturu, avtomobil sənayesi, investisiya fondları və digər istiqamətlərinə Özbəkistan kapitalının yönəlməsi yeni iqtisadi əməkdaşlıq modelinin formalaşdığını göstərir. Eyni zamanda Azərbaycan sərmayələrinin Özbəkistanda, Özbəkistan investisiyalarının isə Azərbaycanda müxtəlif layihələrə cəlb edilməsi hər iki ölkənin iqtisadiyyatlarını daha sıx şəkildə bir-birinə bağlayır. Belə əməkdaşlıq modelində tərəflər artıq sadəcə məhsul və xidmət alıb-satan dövlətlər deyil, bir-birinin iqtisadi inkişafında birbaşa iştirak edən strateji tərəfdaşlar kimi çıxış edirlər.

Bəyanatda neft və qaz yataqlarının kəşfiyyatı ilə bağlı layihələrin artıq yekun mərhələyə yaxınlaşması və gələn il istismar quyularının qazılmasına başlanmasının gözlənilməsi də enerji əməkdaşlığında yeni mərhələnin formalaşdığını göstərir. Bu, Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız qeyri-enerji sahələrində deyil, strateji əhəmiyyət daşıyan enerji sektorunda da daha dərin xarakter aldığını nümayiş etdirir.

Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlərin ümumi mahiyyəti belədir: Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız keçmişdən gələn dostluq ənənələri üzərində qurulan əlaqələr deyil, gələcəyin iri miqyaslı layihələrinə və regional imkanlarına hesablanan strateji tərəfdaşlıqdır. Bu səbəbdən Azərbaycan Prezidentinin bəyanatını yalnız Daşkənd görüşlərinin siyasi yekunu kimi deyil, həm də qarşıdakı mərhələnin istiqamətlərini göstərən yol xəritəsi kimi qiymətləndirmək mümkündür.

Avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin Ali Dövlətlərarası Şuranın üçüncü iclasını keçirməsi və münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində daha da inkişaf etdirilməsi məsələlərini müzakirə etməsi də bu siyasətin institusional əsaslarının möhkəmləndiyini göstərir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dövlət səfərini tarixi hadisə kimi qiymətləndirməsi də iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinə verilən yüksək qiymətin ifadəsidir.

Daşkənddə keçirilən təltif mərasimi isə 23 avqust görüşlərinin siyasi və mənəvi məzmununu tamamlayan mühüm hadisələrdən biri oldu. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi. Bu ali dövlət mükafatının təqdim olunması onun Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafına verdiyi xüsusi töhfələrin qiymətləndirilməsi baxımından mühüm hadisədir.

Bu təltifi yalnız dövlət mükafatının təqdim olunması kimi dəyərləndirmək düzgün olmazdı. “Heydər Əliyev” ordeninin Özbəkistan Prezidentinə verilməsi Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin siyasi irsinin iki ölkə arasındakı münasibətlərdə yaratdığı mənəvi xəttin davam etdirilməsinin də rəmzi ifadəsidir. Burada xüsusi simvolik məna mövcuddur. Azərbaycanın ən yüksək dövlət mükafatlarından birinin Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafına böyük töhfələr verən qardaş ölkənin Prezidentinə təqdim edilməsi iki dövlət arasında formalaşmış münasibətlərin tarixi, bu günü və gələcəyi arasında mənəvi bağ yaradır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycan və Özbəkistan öz münasibətlərini artıq sırf ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxararaq daha geniş regional strategiyanın mühüm hissəsinə çevirirlər. Bu strategiyanın bir tərəfində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, digər tərəfində isə Özbəkistanın Mərkəzi Asiyada yüksələn iqtisadi və siyasi mövqeyi dayanır. İki ölkənin siyasi iradəsinin, iqtisadi imkanlarının, milli-mənəvi yaxınlığının və regional maraqlarının bir araya gəlməsi isə Azərbaycan–Özbəkistan münasibətlərini yalnız ikitərəfli əlaqələr üçün deyil, bütövlükdə Türk dünyasının və daha geniş Avrasiya məkanının gələcək əməkdaşlıq arxitekturası baxımından mühüm amilə çevirir- deyə, Manaf Manafov açıqlamasını tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026