Mobil versiya
Sözün İncə dərəsi: Məmməd İlqar poeziyasının ruh coğrafiyası və fəlsəfi qatları
Tarix: 02-03-2026 | Saat: 16:15
Bölmə:Gündəm / Özəl | çapa göndər

Sözün İncə dərəsi:

4-cü YAZI


Əvvəlki yazıları bu linklərdən dən oxuya bilərsiniz:

https://aia.az/120303-sozun-ince-deresi.html
https://aia.az/120307-sozun-ince-deresi.html
https://aia.az/120433-sozun-ince-deresi.html

Vicdanın Səsi: satira və yumorun hikməti


Məmməd İlqar yaradıcılığında satira və yumor şairin ictimai vicdanının bədii təzahürüdür. O, cəmiyyətdə gördüyü ədalətsizlikləri, mənəvi aşınmaları və süni həyat tərzini klassik xalq yumoru ilə müasir ironiyanın sintezi vasitəsilə ifşa edir. Ustadın satirası heç vaxt təhqirə söykənmir; o, daha çox "iynələmək" və düşündürmək məqsədi daşıyır. Onun ən kəsərli satiralarından biri müasir medianın və televiziyanın xalqın yaddaşını "kifləndirməsinə" qarşı yönəlmişdir. "Bizə qibləmizi göstər" şeirindəki o məşhur müraciət, əslində, bütöv bir sistemin və saxta əyləncə mədəniyyətinin satirasıdır. Şair televizionçulardan "duzsuz şouları" yox, millətin ağrısı olan Şuşanı, Xocalını tələb edərkən, sənətin ictimai missiyasını ironik bir dillə xatırladır.
Onun yumoru bəzən çox səmimi və milli çalarlarla zəngindir. "Kəndçi kişilərə şəhər sovqatı" şeirində biz Qazaxın o mərd, sadə və zarafatcıl insanlarının obrazını görürük. Şairin "Kepqası əyri kişilər" bənzətməsi sadəcə bir geyim təsviri deyil, şəhərin "qalstuklu" saxtakarlığına qarşı kəndin səmimiyyətinin yumoristik tərənnümüdür. Bu şeirdə gülüş həm də bir ehtiram formasıdır. Məmməd İlqar kəndçi kişilərin hər nisgili bölməsini, hər müşkülü bilməsini elə bir dillə vəsf edir ki, burada yumor milli qürurla birləşir. Lakin ustadın bəzi şeirlərində biz xalqın kollektiv psixologiyasına yönəlmiş acı bir ironiya ilə də qarşılaşırıq. Onun "Niyyəti bir olur, işi bir olmur" misrası ilə başlayan Tanrıya müraciəti, millətin birlik ola bilməməsinin fəlsəfi-satirik təhlilidir:

Heç bilmir ki, niyə baş əyməlidi? -
Böyükdən-kiçiyə baş əyməlidi!
Hamı bir kişiyə baş əyməlidi -
Biri baş əymirsə - başı bir olmur!


Burada şair "baş əymək" və "başın bir olması" (birlik olmaq) arasındakı ziddiyyəti cinasla elə vurğulayır ki, oxucu həm bu acı həqiqətə gülür, həm də dərindən sarsılır. Məmməd İlqar eyni zamanda insani münasibətlərdəki yalanları və "belə-belə" işləri də satirik bir süzgəcdən keçirir. Onun "Pantomim təcnis"indəki "Məni sən yanıltdın, ay beləfilan" xitabı, əslində, sözü üzə birbaşa deməkdən çəkinən, amma ironiya ilə hədəfi darmadağın edən bir xarakterin səsidir. Ustadın satirasında "gidi dünya" və "saxta dostluqlar" hər zaman hədəfdədir. O, "Mənəm - Məmməd İlqar - indi mənə 'bə'?" deyəndə, öz sənətkar qürurunu yumoristik bir "meydan oxuma" ilə qoruyur. Məmməd İlqarın yumoru – Azərbaycan dilinin o şirin, həm də kəsərli ləhcəsindən süzülüb gələn, insanı ağrıda-ağrıda güldürən bir hikmət xəzinəsidir. Onun satirası sükuta qarşı üsyandır; o, gülüşün gücü ilə cəmiyyətin pasını silməyə çalışan bir söz sərrafıdır.

Sükutun o tayındakı əbədiyyət: yaddaşın İlqar sədaqətii


Məmməd İlqar yaradıcılığına həsr olunmuş bu səhifələri vərəqlədikcə, bir həqiqət bütün çılpaqlığı ilə aydın olur: Şairin taleyi onun misralarının taleyinə bənzəyir. O, ömrü boyu "Qıl körpü" üstündə yeridi, dərdi "ən gözəl" libasda vəsf etdi və nəhayət, 2013-cü ildən başlayaraq böyük bir sükuta qərq oldu. Bu gün ustadın ağır xəstəlik səbəbindən yaddaşını itirməsi, öz yazdığı təcnisləri, qoşmaları, hətta doğma Aslanbəylinin dağ yollarını unutması sadəcə bir tibbi fakt deyil, bütöv bir poetik dramdır. Sanki təbiət özü ustadı dincəlməyə səsləyib, onun yaddaşındakı o ağır dərd yükünü silərək, onu bir uşaq saflığına, bir sufi sükutuna qovuşdurub.

Lakin Məmməd İlqar fəlsəfəsi bizə pıçıldayır ki, şairin yaddaşı onun beynində deyil, xalqın qan yaddaşındadır. O, öz misralarını unutsa da, Azərbaycan dili o misraları heç vaxt unutmayacaq. Şair yaddaşını itirə bilər, amma söz öz yaddaşını heç vaxt itirmir. Bu kitabın hazırlanması, ustadın hər bir kəlməsinin zərgər dəqiqliyi ilə toplanması və təhlil edilməsi, bizim ulu sözə və Məmməd İlqara olan ən böyük vəfa borcumuzdur.

Məmməd İlqar bu gün sükutdadır. Amma bu sükut boşluq deyil; bu, hər şeyin deyildiyi, sözün bitdiyi və artıq hikmətin danışdığı bir məqamdır. O, "Dəfnimə yığışır diri vaxtlarım" deyəndə bəlkə də məhz bu günləri – öz ruhunun diriliyi qarşısında duran o uca sükutu nəzərdə tuturdu. Nə qədər ki, Aslanbəylidən duman çəkilməyib, nə qədər ki, İncə Dərəsində sazın səsi kəsilməyib və nə qədər ki, sazın, sözün qədriniu bilənlər var, Məmməd İlqar həmişə yaddaşın ən uca zirvəsində olacaq.

Şair sükuta gedə bilər, amma onun sözü əbədi bir sədəf kimi tarixin və dilin dərinliyində parlamağa davam edəcək. Bu kitab ustadın sükutu ilə bizim sevgimiz arasında qurulmuş o əbədi körpüdür.



Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2026