Mobil versiya
"AZƏRAVTOYOL" ZAMANIN SINAĞINDAN ÜZÜAĞ ÇIXACAQ
Tarix: 02-03-2017 | Saat: 11:34
Bölmə:Gündəm / Manşet / Aia TV / Seçilənlər | çapa göndər

"AZƏRAVTOYOL" ZAMANIN SINAĞINDAN ÜZÜAĞ ÇIXACAQ



"Büst məsələsi" həm cənab Saleh Məmmədovun başçılıq etdiyi kollektivin uğurlarına kölgə salmaq istəyən qüvvələrin, həm də köhnə qınaqlardan "duruya çıxmaq" istəyən Mədəniyyət və Turizm Nazirliyi mənsublarının əlinə fürsət vermişdir


Mikayıl Müşfiqin Bakıda Dövlət Statistika Komitəsinin binası ilə üzbəüz ərazidəki abidəsinin “Azəravtoyol” ASC tərəfindən müvəqqəti olaraq götürülməsi məsələsi bir neçə gündür ki, gündəmi zəbt edib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov məsələni ictimailəşdirərək mətbuata açıqlamasında bildirdi ki, “Azəravtoyol” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan bu addımı atıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfov məsələ ilə bağlı açıqlaması da özünü çox gözlətmədi: “Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq Füzuli meydanı ətrafında və “Təzəpir” məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işləri aparılır. Bu işlər çərçivəsində “Statistika dairəsi”ndə dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklər çərçivəsində ərazidə yerləşən və tanınmış heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayeva tərəfindən 1968-ci ildə yaradılan görkəmli şairimiz Mikayıl Müşfiqin büstü müvəqqəti olaraq, yerləşdiyi ərazidən götürülüb. Yəni mətbuatda və sosial mediada abidənin dağıdılması kimi xəbərlərin tirajlanması əsassızdır və həqiqəti əks etdirmir. “Azəravtoyol” ASC apardığı yenidənqurma işləri zamanı Mikayıl Müşfiqin büstünü uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb. Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər də parça və xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır. Quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazinin 5-6 metr sağ hissəsində, 5 dəfə böyük yaşıllıq parkı salınacaq, büst də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq".

Lakin bu açıqlama narazılığı səngitmədi. Daha doğrusu, bəzi qüvvələr məsələni daha yüksək səviyyələrdə müzakirə masasına yatırmağa müvəffəq oldular. Bu yerdə xatırlatmağa dəyər ki, əvvəllər də başqa idarə, müəssisə və təşkilatlar tərəfindən məqsədəuyğunluq əsas götürülərək Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən vasitələrin yerlərinin dəyişdirilməsi, hətta tam olaraq götürülməsi halları olub. Məsələn, götürək elə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın keçən il təzə vəzifədə işə başlar-başlamaz universitet binasının fasad hissəsindən mozaikaları sökdürməsini. Həmin məsələ ilə bağlı ictimai narazılıqlar hələ də davam etməkdədir. Qəribədir ki, Mədəniyyət və Turizm naziri o işin üstünə indiki qədər getmədi. Cənab Zakir Sultanov da o vaxt açıqlama vermədi ki, xanım rektora mozaikaları sökməsi üçün icazə verilib, ya yox. Yaxud da, verilibsə, niyə verilib. Buradan aydınlaşır ki, "Azəravtoyol" ASC-nin “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin "Statistika dairəsi"ndə fəaliyyət göstərən iş icraçılarının hadisələri qabaqlayaraq, yəni rəhbər qurumlar (ASC - Məd. və Turizm Nazirliyi, ASC - Bakı ŞİH) arasında rəsmi yazışmaları gözləmədən tələsik iş görmələri həm cənab Saleh Məmmədovun başçılıq etdiyi kollektivin uğurlarına kölgə salmaq istəyən qüvvələrin, həm də köhnə qınaqlardan "duruya çıxmaq" istəyən Mədəniyyət və Turizm Nazirliyi mənsublarının əlinə fürsət vermişdir.




Yol inşaatçılarımız qürur duyurlar ki, Prezident İlham Əliyev onların ən yaxın dostudur. Təsadüfi deyil ki, dövlət başçısı təkcə keçən ildə 17 dəfə avtomobil yolu, körpülər və yol qurğularının açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. Prezidentin birbaşa göstərişi ilə 2013, 2014 və 2015-ci illərdə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının inşasının başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən etibarən “Azəravtoyol” ASC-yə həvalə edilmişdir. Bu etimada cavab olaraq "Azəravtoyol"çular yol infrastrukturunu dəyişmək, müasir tipli yollar çəkmək üçün var qüvvələrini əsirgəmirlər.

Çox hörmətli cənab Saleh Məmmədovun rəhbərlik etdiyi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin kollektivi keçən il 115 kilometrlik Muğanlı-Yevlax, 29 kilometrlik Qaraməryəm-İsmayıllı, Qobustan rayonunda 17 kilometrlik Təklə-Sündü-Xilmilli, Yardımlı rayonunda 46 kilometrlik Yardımlı-Deman-Arvana, Qəbələ rayonunda 122 kilometrlik Nohurqışlaq-Tüntün-Yengicə, Biləsuvar rayonunda 6 kilometrlik Əsgərəbad-Muğan-Çaylı, Qusar rayonunda 24,7 kilometrlik Qusar-İmamqulukənd-Quxuroba, Xaçmaz rayonunda 24,8 kilometrlik Xudat-Yalama-Zuxuloba, Qazax rayonunda 8 kilometrlik Kosalar yollarını tamamilə yenidən qurmuşdur. Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd avtomobil yolunun 23,4 kilometrlik, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhəd avtomobil yolunun 87,8 kilometrlik Kürdəmir-Ucar-Yevlax hissələrinin tikintisi də başa çatmışdır. Eyni zamanda, Salyan rayonunda Babazanan yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən, uzunluğu 200, eni 14,5 metr olan müasir tipli körpü tikilib istifadəyə verilmişdir. Bununla, Babazanan yaşayış massivində yaşayan 6 mindən artıq əhalinin Salyan rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşmışdır. Kollektiv ölkə üzrə ümumi istifadədə olan 12 yeni avtomobil körpüsü tikmiş, 5 körpünü isə təmir etmişdir. Həmçinin Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində piyada keçid salınmışdır.

Hazırda kollektiv dövlət başçısının imzaladığı 46 sərəncama əsasən, 34 rayon və şəhərdə uzunluğu 823,5 kilometr olan avtomobil yollarının tikintisini və 2 körpünün bərpası ilə məşğuldur. İndiyəcən isə şəhər tipli məntəqələrdə yaşayan 1,5 milyon əhalinin gediş-gəlişi asanlaşdırılıb. 20 kəndlərarası və qəsəbələrarası avtomobil yollarının tikintisini artıq başa çatdırılıb. Ümumi uzunluğu 370 kilometr olan bu yollar 147 yaşayış məntəqəsini birləşdirir. Daha 610 min əhalinin yaşadığı 47 yaşayış məntəqəsini birləşdirən 6 kənd və qəsəbələrarası 120 kilometrlik yolların tikintisi və bir avtomobil körpüsünün bərpası isə yekunlaşmaq üzrədir. Bütövlükdə ölkə ərazisində 84 kəndlərarası avtomobil yolu layihələrini həyata keçirmək planlaşdırılıb. Həmin yolların uzunluğu 2101 kilometrdir ki, onun da 1149 kilometri yeni tikiləcək. Həmin layihələrin həyata keçirilməsi 1,6 milyon əhalinin yaşadığı 859 yaşayış məntəqəsini əhatə edəcək. Bu da həmin kəndlərin əhalisinin təzə avtomobil yollarından rahatlıqla istifadə etməsi, tədarük etdikləri kənd təsərrüfatı məhsullarını qısa vaxt ərzində istədikləri ünvanlara çatdıra bilmələri deməkdir.




Paytaxtın avtomobil yollarına da yüksək xidmət göstərilir. Keçən il dekabrın 8-də dövlət başçısının iştirakı ilə Ramana-Maştağa və Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yollarının açılışları olmuşdur. Bununla, Sabunçu rayonunun 85 min, Suraxanı rayonunun isə 63 min əhalisinin gediş-gəlişi xeyli asanlaşmışdır. Bundan əlavə, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində paytaxtda ümumi uzunluğu 63,2 kilometr olan 30-dan çox avtomobil yolu, prospekt və küçə yenidən qurulmuş və təmir edilmişdir. 9 kilometrlik Maştağa-Bilgəh, Nardaran qəsəbəsində 3,4 kilometrlik Abşeron və Nəsrullah Əsgərov küçələri, Nizami rayonunda 4 kilometrlik Qara Qarayev prospekti yenidən qurulmuşdur. Həmçinin Bakının bir çox prospekt və küçələri də əsaslı təmir olunmuşdur. Ümumiyyətlə, Bakının bütün inzibati rayonlarının ərazisində 247,2 min kvadratmetr sahədə cari təmir işləri aparılmışdır. Bu zaman 708 min ton asfalt beton istehsal edilmiş, 40,4 min ton bitum və 3,5 min ton mazutdan istifadə edilmişdir. İstifadə edilən asfalt-beton qarışıqlarının keyfiyyətinə xüsusi diqqət yetirilir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutunun əməkdaşlarının tövsiyələri nəzərə alınaraq 62,2 ton bituma adgeziya qatqısından və İtaliyadan gətirilmiş xüsusi polimerdən istifadə edərək asfalt-beton örtüyünün üst aşınma layının daha keyfiyyətli tikintisinə nail olunur. Əlavə olaraq digər yeniliklərdən və qabaqcıl təcrübədən də daim istifadə edilir.



ASC-nin öhdəliklərindən ən əsası hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Məsələn, bir müddət əvvəl Bakıdan ölkəmizin şimal və şimal-qərb istiqamətlərinə çıxış və girişini fasiləsiz təmin etmək məqsədilə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarının müxtəlif hissələrində nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerləri aşkar etdik. Həmin maneələr daxili imkanlarımız hesabına qısa müddətdə aradan qaldırıldı. Bu kimi işlərdən əlavə, 2016-cı ildə yollarda 2985 yol nişanı və məlumatverici lövhə, 1115 siqnal dirəyi, 3860 siqnal bayrağı, 25137 paqonmetr əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, yollar xətlənmişdir.

Son vaxtlar “Azəravtoyol” ASC-də maddi-texniki bazanı gücləndirmək məqsədilə 3 buldozer, 14 tonluq 1 vərdənə və 10 hidrovlik çəkic alınıb. ASC-nin tabeliyindəki Bakı 2 nömrəli Yol İstismarı MMC-nin nəzdində Almaniyadan alınmış “Linteks 3000” markalı, məhsuldarlığı 240 ton-saat olan asfalt-beton və emulsiya zavodları quraşdırılaraq istismara verilmişdir. Zavodun ərazisində hər biri 100 ton 11 bitum çəni qoyulmuşdur ki, bunun da 2 çəni xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt-beton qarışığı istehsal edir. Zavod həm dizel, həm də təbii qazla işləyir. Elə buna görə də ərazidə 35 ton dizel çəni quraşdırılmış, qaz təminatı üçün 4 kilometrlik yüksək təzyiqli qaz xətti çəkilmişdir. Bundan əlavə, elektron xidmət bölməsi yaradılıb və hazırda ondan da səmərəli istifadə edilir.
ASC həmçinin ümumilikdə 3424 kilometr avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət edir. Hazırda magistral və respublika əhəmiyyətli yolların mühafizə zolağında 1,1 milyon, o cümlədən 956,6 min çoxillik ağac mövcuddur. Bu məqsədlə ASC-nin yol yaşıllaşdırma MMC-lərinin yetişdirdikləri müxtəlif növ ağac və kollardan istifadə edilir.

İnanırıq ki, hörmətli cənab Saleh Məmmədov və onun rəhbərlik etdiyi kollektiv zamanın bu sınağından üzüağ çıxacaq və daha şövqlə çalışaraq nailiyyətlərinin sırasını artırmağa nail olacaqlar.

Azər MƏMMƏDOV

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə