Mobil versiya
Novruzəli Aslanov: “Vətən müharibəsi zamanı Azərbaycan Ordusu həm peşəkarlığı, həm də texnoloji üstünlüyü ilə seçildi”
Tarix: 26-09-2025 | Saat: 10:51
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Vətən müharibəsi zamanı Azərbaycan Ordusu həm peşəkarlığı, həm də texnoloji üstünlüyü ilə seçildi”

“Azərbaycanın Qarabağ bölgəsi əsrlər boyu xalqımızın ata-baba yurdu olmuşdur. Lakin XIX əsrdə çar Rusiyasının planlı şəkildə erməniləri bu ərazilərə köçürməsi bölgədə gərginliyin əsasını qoydu. Sonrakı illərdə ermənilər Azərbaycanın müxtəlif bölgələrində separatçılıq meylləri nümayiş etdirməyə və düşmənçilik siyasəti aparmağa başladılar. Bu siyasət XX əsrdə daha da gücləndi və nəticədə Qarabağ münaqişəsi alovlandı. Rəsmi İrəvan 1990-cı illərin əvvəllərində ərazilərinin 20 faizindən çoxunu işğal etdiyi Azərbaycanın ərazi bütövlüyünü uzun illər boyu tanımamaqla, münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışırdı. Lakin Azərbaycan xalqı bu ədalətsizliyə heç vaxt razı olmadı və haqlı mübarizəsini davam etdirdi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili daha sonra erməni işğalının acı nəticələrindən bəhs edib: “Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı. Bu, təkcə insanların evsiz-eşiksiz qalması demək deyildi — mədəniyyət, tarix və iqtisadiyyat da böyük zərbə aldı. Qarabağda əsrlərlə formalaşmış maddi və mənəvi irs ya dağıdıldı, ya da mənimsənildi. İşğal altındakı şəhər və kəndlər xarabalığa çevrildi. Ağdam, Füzuli, Cəbrayıl və digər bölgələrdə infrastruktur tamamilə məhv edilmiş, yaşayış üçün yararsız hala salınmışdı. Bu mənzərə Ermənistanın təkcə torpaq deyil, mədəniyyətə qarşı da müharibə apardığını sübut edirdi.”

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı genişmiqyaslı əks-hücum əməliyyatlarının tezliklə Vətən müharibəsinə çevrildiyini vurğulayan Novruzəli Aslanov bildirib ki, bu, xalqımızın 30 illik gözləntisinin, haqq savaşının başlanğıcı idi: “Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində böyük uğurlar qazandı, işğal altında olan ərazilər mərhələli şəkildə azad edildi. Düşmənə sarsıdıcı zərbələr endirildi, şəhidlərimizin qanı yerdə qalmadı. Bu müharibə zamanı Azərbaycan Ordusu həm peşəkarlığı, həm də texnoloji üstünlüyü ilə seçildi və dünyaya göstərdi ki, Azərbaycan torpaqlarını heç vaxt güzəştə getməyəcək. Bu, həm də milli birlik və vətənpərvərlik nümunəsi idi. Qeyd olunmalıdır ki, 44 gün davam edən Vətən müharibəsi təkcə cəbhədə yox, soydaşlarımızın yaşadıqları xarici ölkələrdə də diqqətlə izlənilirdi. Xaricdə yaşayan milyonlarla azərbaycanlı internet və sosial şəbəkələr vasitəsilə döyüşləri izləyir, qələbə xəbərlərinə sevinirdi. Həmin günlərdə dünya azərbaycanlıları bir yumruq kimi birləşdi. Aksiyalar, dəstək kampaniyaları, informasiya müharibəsində aktiv iştirak bu həmrəyliyin bariz nümunələri idi. Uzaqda olsalar da, onların birliyi və mənəvi dəstəyi xalqımıza güc verirdi. Müharibə göstərdi ki, Azərbaycan təkcə coğrafi ərazi deyil, bütün azərbaycanlıların birləşdiyi, ruhən bağlı olduqları Vətəndir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2025