Mobil versiya
Novruzəli Aslanov: “Ana dilimizin qorunması və inkişafı məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir”
Tarix: 29-07-2025 | Saat: 09:21
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Ana dilimizin qorunması və inkişafı məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir”

“Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Zəngin imkanlara malik olan Azərbaycan dilinin bu gün dünya dilləri sırasında özünəməxsus yeri var. Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə, o cümlədən ölkəmizin ayrı-ayrı imperiyaların tərkibində olduğu dönəmlərdə öz doğma dilini qoruyub saxlamış, inkişaf etdirmiş və bugünkü səviyyəsinə gətirib çıxarmışdır. Etiraf olunmalıdır ki, ana dilimizin ən çox sıxışdırıldığı tarixi mərhələlərdən biri də Azərbaycanın sovet imperiyasının tərkibində mövcud olduğu illərə təsadüf edir. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. SSRİ rəhbərliyi tərəfindən təbliğ olunan vahid xalq-vahid dil siyasi-ideoloji konsepsiyası bütün müttəfiq respublikalarda milli dillərin, o cümlədən də Azərbaycan dilinin tədricən öz nüfuzunu itirməsinə, ictimai-siyasi həyatın bütün sahələrində sıxışdırılaraq tənəzzül etməsinə və son nəticədə dövlət dili kimi mövcud olmaq imkanlarının tamamilə itirilməsinə hesablanmışdı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, 1969-cu ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gəlməsi SSRİ rəhbərliyinin milli-mədəni irsimizin, doğma dilimizin məhvini nəzərdə tutan bütün planlarını alt-üst edən bir tarixi hadisə oldu: “Ulu Öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi və ana dilimizin qorunmasına, inkişafına, statusunun yüksəlməsinə hesablanmış siyasəti qısa bir zamanda öz məqsədlərinə nail oldu, Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Məhz həmin illərdə Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi fazasına qədəm qoydu. Ulu Öndər Azərbaycan dilinin respublikanın ictimai-siyasi həyatında bütün sahələrdə tam hüquqlu tətbiqi istiqamətində qətiyyətli addımlar atdı. Azərbaycan dilində təhsilin inkişafı, yeni ədəbiyyat nümunələrinin yaradılması və bütün digər istiqamətlərdə əhatəli işlər görüldü. Əlbəttə ki, mərkəzi hökumətin iradəsinin ziddinə olaraq rəhbərlik etdiyi respublikada milli siyasət yürüdən Ulu Öndər sözün əsl mənasında həm karyerası, həm də həyatı ilə risk edirdi. Lakin bütün ömrünü öz xalqına xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevi bu kimi təhlükələr öz məqsədlərindən heç zaman çəkindirə bilməyib. Nəhayət, 1978-ci ildə Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə daha bir cəsarətli və bəlkə də həlledici addım ataraq Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması təşəbbüsünü irəli sürdü. Ulu Öndərin gərgin səyləri nəticəsində bu təşəbbüs həyata keçdi və Azərbaycan dili respublikada dövlət dili statusuna sahib oldu.”

Daha sonra N.Aslanov bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyevin ana dilimizin inkişafı istiqamətində müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirildiyini vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin qorunması məsələsində də Heydər Əliyev siyasi kursuna sadiqlik özünü tam dolğunluğu ilə göstərir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsinə hər zaman böyük həssaslıqla yanaşan Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar xüsusi əhəmiyyət kəsb edən sənədlərdir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan dövlət başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə oldu. Xüsusi olaraq qeyd etmək laımdır ki, cənab Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir və ana dilimizin müasir çağırışlara uyğun inkişafında önəmli rol oynayır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2025