Mobil versiya
Eltun Süleymanov: "III Şuşa Qlobal Media Forumu regional qlobal dialoq platformasına çevrilib"
Tarix: 20-07-2025 | Saat: 21:58
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: "III Şuşa Qlobal Media Forumu regional qlobal dialoq platformasına çevrilib"

2025-ci ilin iyulunda Azərbaycanın tarixi və strateji şəhəri Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu həm mahiyyəti, həm də formatı baxımından regional media tədbiri olmaqdan çıxaraq qlobal dialoq platformasına çevrildi. Cənab Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi və birbaşa suallara cavab verdiyi Forum, 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndəsinin iştirakı ilə dünyanın diqqətini bir daha Qarabağa yönəltdi.

Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, bu ilki Forumun əsas mövzusu — “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” — həm müasir dövrün çağırışlarına cavab verir, həm də medianın dəyişən dünya düzənindəki rolunu yenidən düşünməyə çağırırdı. Forumun moderatoru – “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspunun sözləri ilə desək, bu tədbir “fikri formalaşdıran rəhbərləri, media peşəkarlarını və dünyanın müxtəlif yerlərindən gəlmiş insanları dialoq və şəffaflıq prinsipləri əsasında bir araya gətirməyi hədəfləyib.” Əslində bu həm də media diplomatiyası və strateji yumuşaq güc kimi də önəmlidir. Artıq üçüncü ildir ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc alətlərindən biri kimi, həm informasiya müharibəsində, həm postmünaqişə reallıqlarının tanıdılmasında, həm də media diplomatiyasının inkişafında mühüm rol oynayır. Cənab Prezident İlham Əliyev bu baxımdan haqlı olaraq Forumun artıq “ənənəvi xarakter aldığını” və coğrafi əhatəsinin ildən-ilə genişləndiyini qeyd etdi. Şuşadan Xankəndiyə daşınan media tribunası — özlüyündə Azərbaycanın real sülh gündəliyinin və qələbə diplomatiyasının informasiya müstəvisində təsdiqidir. Forumun Xankəndidə, Zəfər Meydanının yaxınlığında yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi, həm də simvolik xarakter daşıyır. Burada əvvəllər “separatçılığın beyni” hesab edilən binaların yerində indi Vətən Qələbəsini, Azərbaycan dövlətçiliyinin suveren rəmzlərini əks etdirən müasir infrastruktur yüksəlməkdədir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “burada keçirilən tədbirlər həyatın geri döndüyünü sübut edir və dünya ictimaiyyətinə verilən aydın mesajdır.” Bu Forumu qlobal gündəmin qovşağa kimi və Şuşada siyasi etimad platforması kimi də qiymətləndirmək olar. Forumda təqdim olunan suallar və Prezident İlham Əliyevin verdiyi açıq, birbaşa cavablar göstərdi ki, bu tədbir təkcə media məsələlərinin deyil, həm də qlobal siyasət, enerji təhlükəsizliyi, ekoloji transformasiya, süni intellekt və geosiyasi gərginliklər fonunda kommunikasiya etikasının dərin müzakirə olunduğu meydandır. Söhbət artıq təkcə informasiya vasitələrinin inkişafından getmir. Söhbət qlobal təsir, strateji informasiya axınının tənzimlənməsi, jurnalistikanın obyektivliyi və yeni çağırışlara adaptasiyasından gedir. Və bu funksiyaları yerinə yetirmək üçün Azərbaycan artıq öz modelini – Şuşa modelini təqdim edir. III Şuşa Qlobal Media Forumu təkcə media sektoruna deyil, eyni zamanda Azərbaycanın böyük strateji vizyonuna dair mühüm mesajların verildiyi bir platformaya çevrildi. Prezident İlham Əliyevin cavablarında COP29-un Bakıda keçirilməsi ilə bağlı fikirlər, Azərbaycanın ekoloji məsuliyyətli dövlət imicini daha da gücləndirdi. Bu Forum, eyni zamanda COP29-un irsi və Azərbaycanın Yaşıl Keçid Siyasətinin informasiya blokuna çevrildi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan artıq dünyada yaşıl enerji ölkəsi kimi tanınır və bu sahədə liderliyə doğru inamla irəliləyir.” Bu, bir tərəfdən ekoloji diplomatiya, digər tərəfdən isə “yaşıl brendin” informativ təsdiqidir. Forumda süni intellektin media sahəsinə təsiri də geniş müzakirə olundu. “Media 5.0” adlandırıla biləcək bu yeni dövrdə jurnalistikanın təbiəti dəyişir — informasiyanın istehsalı, yayımı və qəbul olunması süni intellekt vasitəsilə optimallaşdırılır. Cənab Prezidentin bu mövzuya xüsusi diqqət yetirməsi göstərdi ki, Azərbaycan bu texnoloji transformasiyaya hazırdır və süni intellektin etik istifadəsi ilə bağlı normativ çərçivələr üzərində düşünür. Media artıq yalnız “insan mənbəyi” ilə deyil, həm də “alqoritmik şüur”la fəaliyyət göstərir. Eyni zamanda, Forumda Zəngəzur dəhlizi və geostrateji bağlantılarla bağlı Prezidentin söylədiyi fikirlər də mühüm mesaj idi. “Zəngəzur Dəhlizi reallaşarsa, bu, nəinki Azərbaycan üçün, bütün bölgə üçün ciddi bir bağlantı layihəsinə çevriləcək,” — deyə Prezident bildirib. Bu ifadə, eyni zamanda Forumun geopolitik mesaj daşıdığını, informasiya və kommunikasiya sferasında da inteqrasiya siyasətini təşviq etdiyini göstərir. Rusiya-Azərbaycan münasibətləri ilə bağlı Prezidentin verdiyi cavabların sətiraltı mənası isə aydın şəkildə nümayiş etdirdi ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir. Cənab Prezidentin ritorikasında ani emosiyalardan uzaq, strateji sabitliyə və uzunmüddətli əməkdaşlığa əsaslanan diplomatik üslub ön planda idi. “Biz Rusiya ilə qarşılıqlı hörmət və strateji tərəfdaşlıq çərçivəsində münasibətlərimizi davam etdiririk,” — fikri bu baxımdan həm regional sabitliyin qorunmasına yönəlmiş mesaj, həm də informasiya diplomatiyasının tərkib hissəsi kimi oxunmalıdır. Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu təkcə medianın gələcəyindən deyil, həm də Azərbaycanın gələcəyindən bəhs edən, strateji mesajlarla zəngin, qlobal informasiya arenasında ölkəmizin intellektual və siyasi çəkisini göstərən bir platforma oldu. COP29-un irsi, rəqəmsallaşma və süni intellekt, geostrateji əlaqələr və kommunikasiya təhlükəsizliyi fonunda bu Forum Azərbaycanın informasiyada suverenlik prinsipini təbliğ edən unikal modelinə çevrildi-deyə E. Süleymanov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-07-2025