Mobil versiya
Manaf Manafov: Şuşa Bəyannaməsi və qardaşlıqdan müttəfiqliyə uzanan yol
Tarix: 11-06-2025 | Saat: 12:58
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Manaf Manafov: Şuşa Bəyannaməsi və qardaşlıqdan müttəfiqliyə uzanan yol

2021-ci ilin 15 iyun tarixi Azərbaycan və Türkiyə münasibətlərində dönüş nöqtəsi oldu. Həmin gün Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” tarixin yaddaşına, gələcəyin yol xəritəsinə çevrildi. Bu Bəyannamə sadəcə siyasi sənəd deyil, bu sənəd bir millətin, iki dövlətin rəsmi olaraq dünya birliyinə verdiyi böyük mesajdır.

Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Müsahibimiz deyib ki, bu Bəyannamə tarixi əsaslar və liderlərin vəsiyyəti kimi də çox önəmlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Şuşada imzalanan Bəyannamənin dərin tarixi köklərinə toxunaraq demişdi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Həqiqətən də, bu sənəd XX əsrdə Atatürkün səsləndirdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamının, Ulu öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ideyasının XXI əsrdə real siyasi baza üzərində təsdiqi oldu. Şuşa Bəynnaməsi dünyaya strateji mesaj olmaqla qardaşlıdan müttəfiqliyə yol kimi də tarixi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyini rəsmiləşdirən siyasi akt olmaqla yanaşı, eyni zamanda Ermənistan və ona dəstək verən revanşist qüvvələrə açıq bir mesaj idi. Bu sənədlə dünya bir daha gördü ki, Türkiyə Azərbaycanın təkcə diplomatik tərəfdaşı deyil, ərazi bütövlüyünün təminatçısıdır. Cənab Prezident İlham Əliyev bu tarixi sənədi imzalayarkən demişdi:
“Bu Bəyannamə ilə Türkiyə açıq şəkildə Azərbaycanın yanında olduğunu dünya ictimaiyyətinə nümayiş etdirdi.” Bəyannamədə əhatə olunan əməkdaşlıq sahələri demək olar ki, iki ölkə arasında heç bir boşluq qoymur. Siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu kimi sahələrdə qarşılıqlı dəstək və əməkdaşlıq iki qardaş dövlətin ümumi inkişafına xidmət edir. Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan yalnız müttəfiq deyil, həm də inteqrasiya olunmuş tərəfdaşlar oldular. Bəyannamənin ən mühüm strateji elementlərindən biri Zəngəzur Dəhlizidir. Bu dəhliz vasitəsilə Azərbaycan və Türkiyə birbaşa birləşəcək, Şərqdən Qərbə yeni iqtisadi arteriya açılacaq. Bu, təkcə Türkiyə-Azərbaycan layihəsi deyil, eyni zamanda bütün türk dünyasının qovuşma nöqtəsinə çevriləcək. Bəyannamədə nəzərdə tutulan müdafiə, iqtisadi və siyasi əməkdaşlıq ölkələrin beynəlxalq nüfuzunu yeni mərhələyə yüksəldir. Azərbaycanın diplomatik uğurları və Türkiyə ilə birgə regional təşəbbüslər artıq Qafqazda və Avrasiyada yeni güc balansı yaradıb. Cənab Prezident İlham Əliyev imzalanma mərasimində xüsusi olaraq vurğulamışdı: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində imzalanan bu Bəyannamə gələcək işbirliyimizin istiqamətini göstərir.” Bu rəmzi bağlılıq Azərbaycan və Türkiyə münasibətlərinin əsrlərdən gələn etibarlı təməllər üzərində yüksəldiyini bir daha təsdiq edir. Şuşa Bəyannaməsi təkcə iki ölkənin deyil, bütün türk dünyasının birliyinin, həmrəyliyinin hüquqi sənədidir. Bu sənəd ilə Azərbaycan və Türkiyə dünyaya bəyan etdilər ki, gələcəkdə birgə sülh, inkişaf və təhlükəsizlik naminə fəaliyyət göstərəcəklər. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi ksini tapıb – deyə M. Manafov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2025