Mobil versiya
Eltun Süleymanov: "Azərbaycan dilinin dövlət dili kimi tanınması Ulu Öndər Heydər Əliyevin milli iradəni əks etdirən tarixi mövqeyidir"
Tarix: 18-04-2025 | Saat: 16:16
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: "Azərbaycan dilinin dövlət dili kimi tanınması Ulu Öndər Heydər Əliyevin milli iradəni əks etdirən tarixi mövqeyidir"

Dövlət dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mədəni irsinin təməl sütunlarından biridir. Azərbaycanın müasir dil siyasətinin formalaşmasında və hüquqi əsaslarının yaradılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu xidmətlərin başlanğıcı, heç şübhəsiz ki, 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit edilməsi ilə qoyulmuşdu. Bu qərar sadəcə siyasi jest və ya texniki düzəliş deyildi – o, dərin strateji düşüncənin, milli iradənin və vətənpərvər mövqeyin ifadəsi idi.

Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.


Müsahibimiz deyib ki, 1970-ci illərin ortalarından etibarən SSRİ-də milli dillərin sıxışdırılması siyasəti daha sərt xarakter aldı. SSRİ Konstitusiyasının qəbulundan sonra "vahid sovet xalqı" ideologiyası çərçivəsində milli dillər tədricən arxa plana keçməyə başladı. Belə bir atmosferdə Azərbaycan dilini dövlət dili kimi tanıtmaq təşəbbüsü təhlükəli və böyük cəsarət tələb edən addım idi. 1930-cu illərdə bu cür təşəbbüslərə görə repressiyalara məruz qalan ziyalıların, sürgün edilən rəhbərlərin aqibəti hələ də unudulmamışdı. Lakin Heydər Əliyev bu təhlükələrin fərqində olaraq belə tarixi addımı atdı. Bu, onun siyasi qətiyyətini, xalqına bağlılığını və milli dəyərlərə sadiqliyini nümayiş etdirən misilsiz nümunə idi. O, ana dili məsələsini yalnız mədəni aspektdə deyil, milli təhlükəsizlik və gələcək suverenliyin təminatçısı kimi dəyərləndirirdi. Bu tarixi təşəbbüs həm də gələcəyə hesablanan qərar idi. 1978-ci il aprelin 27-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə əsasən, “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” ifadəsi hüquqi qüvvəyə mindi. Bu təşəbbüs, Ümummilli Liderin siyasi uzaqgörənliyinin və milli özünüdərk prosesinə verdiyi töhfənin zirvə nöqtələrindən biri idi. Bu qərar yalnız o gün üçün deyil, gələcək müstəqilliyin ideoloji və hüquqi dayaqları üçün atılmış strateji bir addım idi. Ulu Öndərin təklifi ilə həmin maddənin layihəyə daxil edilməsi, gələcəkdə dilin müstəqil dövlətdə milli rəmz kimi qəbul edilməsinə zəmin yaratdı. Axı dil bütün zamanlarda milli-mənəvi dəyərlərin qoruyucudur. Ulu Öndər Heydər Əliyevin siyasətində dil təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın mənəvi və tarixi varlığının əsası idi. Ana dili xalqın özünüdərkinin, milli şüurunun və mənəvi bütövlüyünün əsas təməlidir. O, ana dilini dövlət atributları – himn, gerb və bayraqla bir sırada müqəddəs sayırdı. Bu baxış Heydər Əliyevin ideologiyasının mərkəzində duran əsas prinsipə söykənirdi: millətin ruhu yalnız dil vasitəsilə yaşaya və gələcəyə ötürülə bilər. Heydər Əliyevin dil uğrunda mübarizəsi yalnız bir təşəbbüslə məhdudlaşmadı. O, xalqı, ziyalıları və dövlət strukturlarını bu prosesə cəlb etdi. Dil məsələsində yalnız rəhbər deyil, həm də ideoloji lider funksiyasını üzərinə götürdü. SSRİ Konstitusiyasının verdiyi hüquqlara istinad edərək ana dilində təhsilin, mətbuatın və inzibati dilin qorunmasını israrla müdafiə etdi. Ümummilli Lider Azərbaycanda dilçi alimlərə, ana dilində nəşrlərə, terminologiyanın təkmilləşdirilməsinə xüsusi diqqət yetirdi. Onun təşəbbüsü ilə nəşriyyatlar, dərsliklər, ədəbi dillə bağlı işlər dəstəkləndi, milli dilin zənginliyi qorundu. Müstəqillik dövründə dil məsələsi yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə hazırlanan yeni Konstitusiya layihəsində dövlət dilinin necə adlandırılması müzakirə mövzusu idi. Bu mərhələdə Heydər Əliyev bir daha prinsipial mövqeyini ortaya qoyaraq “Azərbaycan dili” ifadəsinin qeyd olunmasını israrla müdafiə etdi. Onun bu addımı dilə verilən dəyərin təkcə tarixi deyil, həm də siyasi əhəmiyyətə malik olduğunu göstərdi. Ulu Öndər dilin yalnız hüquqi statusunu təsbit etməklə kifayətlənmədi. 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman müasir dil siyasətinin inkişafında əsas sənədlərdən birinə çevrildi. Həmin fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və bu sahədə sistemli işlər aparılmağa başlandı. Eyni zamanda, 2001-ci ildə imzalanan digər bir fərmanla 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi təsis olundu. Bu qərar dilin milli şüurda daimi olaraq yaşadılması və nəsillər arasında körpü qurulması baxımından əhəmiyyətli idi. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu sənəd dilin hüquqi statusunu dəqiq müəyyənləşdirdi, tətbiqi və qorunması üçün dövlətin öhdəliklərini təsbit etdi. Qanun həm də dünya azərbaycanlılarının ana dilində özünüifadə hüququnu təmin etməklə, Azərbaycan dilini qlobal miqyasda birləşdirici faktor halına gətirdi. Bu gün biz bu cəsarət və qətiyyətə tarixdə izi qalan strateji əlaqə kimi baxırıq. Heydər Əliyevin Azərbaycan dilinə münasibəti təkcə emosional bağlılıqdan ibarət deyildi. Bu, milli dövlətçilik konsepsiyasının ayrılmaz hissəsi idi. Onun cəsarəti və siyasi uzaqgörənliyi nəticəsində bu gün Azərbaycan dili təkcə ölkə daxilində deyil, dünya azərbaycanlıları üçün də milli kimliyin əsas simvoluna çevrilmişdir. Dil uğrunda mübarizə, əslində dövlət uğrunda mübarizə idi. Bu baxımdan, 1978-ci ildə Konstitusiyaya edilən düzəlişdən başlayaraq 2002-ci ildə qəbul olunan Qanuna qədər uzanan xətt, milli iradənin, tarixi məsuliyyətin və strateji liderliyin təntənəsidir-deyə E. Süleymanov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025