Mobil versiya
Azərbaycan-Gürcüstan münasibətləri bütün bölgə dövlətləri üçün dostluq və strateji tərəfdaşlıq nümunəsidir
Tarix: 23-01-2025 | Saat: 18:37
Bölmə:Özəl | çapa göndər

Azərbaycan-Gürcüstan münasibətləri bütün bölgə dövlətləri üçün dostluq və strateji tərəfdaşlıq nümunəsidir

Hələ qədim tarixi köklərə bağlı olan bu münasibətlər təkcə strateji tərəfdaşlıqla məhdudlaşmır, həm də çox güclü və sarsılmaz dostluğa əsaslanır.
Tarixə nəzər saldıqda Azərbaycanın bir xalq , dövlət kimi mövcudluğu dövrlərdə yerləşdiyi cografi mövqeydə Ermənistan istisna olmaqla digər qonşuları ilə həmişə dostluq , mehribanlıq şəraitində yaşayaraq ,yaxın əlaqələrinin bir daha şahidi oluruq. Təbii ki, Azərbaycan və Gürcüstan arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin davamlı inkişafı sevindirici və önəmli hadisədir.
Yeni formalaşmış Gürcüstan hökumətinin ilk xarici səfərinin Azərbaycana edilməsi bu dostluğun və tərəfdaşlığın gücünü bir daha təsdiqləyir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən və yeni hökumətin təsdiqindən sonra ilk xarici səfərini Bakıya etməsi təsadüfi deyil. Bundan öncə isə Gürcüstanın xarici işlər naziri Bakıya səfər etmişdi. Bu ardıcıl səfərlər göstərir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda və daha geniş regionda sülh və sabitliyin qorunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan və Gürcüstan dünya siyasətində yeni, güclü oyunçulara çevrilir. Bir qədər keçmişə qayıtsaq Azərbaycan - Gürcüstan münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze tərəfindən qoyulmasını tam təsdiq edərik. Bu iki böyük dövlət xadiminin yaratdığı möhkəm təməl üzərində qurulan əlaqələr bu gün də uğurla inkişaf edir və gələcəkdə daha da güclənəcək. Bu münasibətlərin daha da dərinləşməsi və əməkdaşlığın genişlənməsi Gürcüstanda olduğu kimi, Azərbaycanda da məmnuniyyətlə qarşılanır. Bu dostluq və tərəfdaşlıq regionun gələcəyi üçün möhkəm əsas yaradır və hər iki xalqın rifahına xidmət edir. Azərbaycan və Gürcüstanın birgə səyləri, sülh və sabitliyin qorunması istiqamətində atılan addımlar regionun inkişafına və çiçəklənməsinə mühüm töhfə verir.
Strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə səfərinin xüsusi əhəmiyyəti var. Bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının növbəti göstəricisidir. Baş nazir İrakli Kobaxidzenin Bakıya işgüzar səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək .Eyni zamanda bu səfər ölkələrimiz arasında əməkdaşlığının dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bildiyiniz kimi, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə rəhbərlərinin bəyanatlarında da bu aydın görünür.
Bir daha yaxın keçmişimizə qısa nəzər salsaq aydın şəkildə görərik ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.
Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
Onu da xüsusi qeyd etmək lazımdır ki, bu iki dost dövlət həmişə bir-birinin ərazi bütövlüyünü dəstəkləmiş və beynəlxalq tribunalarda daima müdafiə edən bəyanatlar vermişlər.
İnanırıq ki, Prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü humanist, məqsədyönlü siyasət nəticəsində Azərbaycan-Gürcüstan dostluq əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edərək get-gedə möhkəmlənəcək.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatınn sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025