Mobil versiya
Eltun Süleymanov : " 20 Yanvar faciəsi müstəqillik uğrunda aparılan milli azadlıq hərəkatının zirvəsi idi"
Tarix: 14-01-2025 | Saat: 10:47
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov : " 20 Yanvar faciəsi müstəqillik uğrunda aparılan  milli azadlıq hərəkatının zirvəsi idi"

1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix milli müstəqilliyin və azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib. Bu gün qürurla deyə bilərik ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 35 il ötür. Bu faciə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayətlərdən biridir. 20 Yanvar və Azərbaycan tarixində daha əvvəl baş vermiş digər faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə Qarabağda baş qaldıran separatizm, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha dünyaya nümayiş etdirdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakıya soxulması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunurdu. Bu vəhşiliyin miqyasını görmək üçün təkcə bir fakta baxmaq kifayətdir. Belə ki, fövqəladə vəziyyətin tətbiqi elan olunanadək 82 dinc insan amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı. Həmin gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik qoşun hissələri, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə girdi. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, fərqinə varmadan hər kəsi atəşə tuturdular. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu. Həmin qanlı hadisə ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Şit” ekspertlərinin hesabatında deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu. Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var; “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir”. Xalqımızın başına gətirilən həmin amansız müsibətin bu gün on minlərlə canlı şahidi var. İmperiya qoşunlarının Azərbaycanda törətdiyi hərbi cinayətin dəhşətli nəticələrini, eyni zamanda, xalqın yenilməzliyini əks etdirən dəlil-sübutlarından biri də fotoşəkillərdir. Qanlı Bakı gecəsinin, günahsız insanların küçələrə səpələnmiş cəsədlərinin, şəhidlərin dəfnində yaşanan izdihamın və digər epizodların əks olunduğu fotolara baxdıqca həmin günlər bir daha göz önündə canlanır. 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazılıb. Şəhidlərin dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının böyük kədəri ilə yanaşı, mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini nümayiş etdirirdi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri indi daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə azadlığa gedən yolda xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biri də odur ki, xalqın birliyi və milli ləyaqət hissi imperiyanın top-tüfənginə qalib gəldi. Tarixi bir məqamı da qeyd etmək yerinə düşər. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır-deyə E.Süleymanov fikrini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025