Mobil versiya
Gənclər cılızlaşır - sifətlər vaxtından əvvəl qocalır... - SƏBƏBLƏR
Tarix: 30-05-2017 | Saat: 17:35
Bölmə:Media / Aia TV | çapa göndər

Gənclər cılızlaşır - sifətlər vaxtından əvvəl qocalır... - SƏBƏBLƏR



Ekoloji mühit, ətraf aləm, istifadə etdiyimiz qidalar, elektron avadanlıqlar və s. son illərdə insanların geninə də müəyyən zərbələr vurmağa başlayıb. Xüsusən də son onillikdə yeni nəslin fiziki quruluşundakı cılızlıq, üz cizgilərindəki inkişafsızlıq getdikcə daha çox nəzərə çarpır. Hər halda, hazırda 11-ci sinifdə oxuyan şagirdlərlə, 1970-80-ci illərin məzunlarını müqayisə etsək, bunun açıq-aşkar şahidi ola bilərik. Maraqlı məqamlardan biri də budur ki, ayaqları qısa, boyu bəstə olan insanların üz cizgilərindəki vaxtından əvvəlki yaşlanmanı da hiss etmək mümkündür.

Dünyanın bir çox yerlərində bu cür hallar baş verir. Məsələn, Yaponiya, Sinqapur, Çin, Koreya kimi ölkələrdə üz cizgiləri insanları yaşlarından cavan göstərsə də, müharibənin tüğyan etdiyi Əfqanıstan, İraq, Suriya, aclığın yaşandığı Afrika ölkələrində bunun tam əksi baş verir. İnsanların siması o yerlərdə vaxtından əvvəl qocalır.

Bizdə isə durum yuxarıda dediyimiz kimidir: fiziki göstərici, boy, kürəyin enliliyi getdikcə cılızlaşır. Simada isə paradoksallıq yaşanır: bəziləri uşaq, bəziləri isə “qoca” görünür.

Bütün bu kimi genetik məsələlər barəsində Modern.az saytına danışan Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru, biologiya elmləri doktoru İlham Şahmuradov maraqlı məqama toxunub. Alimin sözlərinə görə, bu elə problemdir ki, ona birmənalı və konkret cavab vermək mümkün deyil. Özü də nəinki bizdə, hətta bütün dünyada:

“Ümumiyyətlə, bu problemin konkret cavabı və elmi araşdırmalara söykənən həlli yoxdur. Siz də buna cavab tapmaq üçün yola çıxsanız, düşünürəm ki, bir nəticə əldə edə bilməyəcəksiniz. Çünki mütəxəssislər faktlarla yox, təfərrüatlarla danışacaqlar. Yaponiyada insanlar boylarına görə balacadırlar, amma üz cizgiləri də fərqlidir. Yaponlar II Dünya Müharibəsindən sonra qida mədəniyyətinə, düzgün qidalanmaya çox böyük önəm verdilər. Mən Yaponiyada yaşamışam, bunun şahidi olmuşam.
Düzgün qidalanmanın dediyiniz məsələyə böyük təsiri var. Amma ən birinci səbəb ətraf mühitdir-ekologiyadır. İnsanlar bu gün həddindən artıq əsəblə yüklənirlər. Yediyimiz qidanın tərkibindən xəbərsiz olmamız da əsas şərtlərdən biridir. Biz heç nə yediyimizi də bilmirik. Elektronikanın da burada müəyyən təsiri var. İnsanların fiziki işlərdən təcrid olunmaları onların orqanizminə də təsirsiz ötüşməyib. Amma vacib faktı deyim: sadaladıqlarım məsələyə ümumi yanaşmadır. Sualınıza konkret cavab tapmaq mümkün deyil. Həm də bunun statistikası da aparılmayıb. Deyək ki, Bakı şəhərində fiziki quruluşunda, üz cizgilərində dəyişikliklər olan insanların sayı nə qədərdir? Bu suala cavab tapmaq mümkün deyil”.

İ.Şahmuradov sözügedən problemlə bağlı radiasiyanın da təsirinə toxunub:

“Bu, əslində, çox maraqlı mövzudur. Amma təəssüflər olsun ki, bizdə radiasiyanın insan orqanizminə vurduğu təsir barəsində hələlik heç bir araşdırma aparılmayıb. Bu cür tədqiqatlar üçün böyük pullar lazımdır. Heç Çernobıl faciəsindən sonra da bu cür tədqiqat işi aparılmadı. Amma təbii ki, radiasiyanın çox yayıldığı ərazilərdə insanın vücud və üz cizgilərinə təsiri yox deyil”.

Tanınmış alim, tibb elmləri namizədi Rəşid Mahmudov isə deyir ki, fiziki baxımdan zəif inkişaf edən uşağı ilk olaraq anası öz bətnində zədələyir:

“Bu, ən çox yediyimiz qida və əhatəsində olduğumuz ekoloji mühitlə bağlıdır. Gənclərdəki bu cılızlaşmanın əsas səbəbi geni dəyişdirilmiş qidalarla bağlıdır. Ölkəyə gətirilən qidalarda genlərin dəyişməsi insan orqanizminə çox pis təsir edirdi. Amma şükür Allaha ki, o cür qidalar daha Azərbaycana gəlməyəcək. Hökumətin o barədə xüsusi əmir var.
Əvvəllər fiziki işlə məşğul olanların sayı çox idi. Sizin dediyiniz məsələ qadınlardan asılıdır. Qadınlar hamilə olduğu müddətdə çox işləməlidir. Çox təəssüf ki, bizdə hamiləliyə patologiya kimi baxırlar. Qadın hamilə olduğu müddətdə onu fiziki iş görməyə qoymurlar. Qayınanası deyir ki, dəyməyin, ikicanlıdır. O da yedi-yatdı, qanı da xeyli azaldı. Bu da uşağın ana bətnindəki inkişafına ciddi təsir göstərir. Qida, ətraf təsirdən öncə uşaq ilk zədəni ana bətnində alır. Müəyyən çəki həddi var ki, uşaq ondan artıq olanda doğulan zaman başı zədələnir.
Amma bunlar o qədər də narahatedici məsələlər deyil. Kimin fiziki quruluşunun, üz cizgilərinin necə olması, yaşlı, yaxud uşaq kimi görünməsi o qədər də ciddi problem deyil. Əsas olan odur ki, indiki gənclərimiz sısqa olsalar da, o vaxtın gənclərindən xeyli intellektualdırlar. Mən 50 ildir ki, ali məktəbdə dərs deyirəm. İndiki gənclər çox savadlıdılar. Əsas olan da budur”.

Psixoloq Elnur Rüstəmov isə məsələyə psixoloji müstəvidən yanaşıb. Onun sözlərinə görə, fiziki quruluşdakı bu cür çatışmazlıqlar, genlə bağlı olan məsələlər, cılızlaşmalar get-gedə insanların psixologiyasına da mənfi təsir edir:

“Çox aktual bir mövzudu. Burada söhbət həm fiziki sağlamlıqdan, həm də psixoloji məqamlardan gedir. Bu iki amilə görə 1980-ci illərdəki gəncləri indikilərlə müqayisə edəndə xeyli fərqlərin olduğunu görərik. Burada ekologiya, qida, uşaqların böyümə şəraiti, qlobal hadisələr öz təsirini göstərir. 1980-ci illərdəki uşaqlar daha canlı böyüyürdülər. onlar sanki bir-birilərini böyüdür, bir birilərinə ciddi təsir göstərə bilirdilər. 1980-ci illərdən fərqli olaraq bu gün ailədə uşaq sayı da azdır. Bugünkü oyuncaqlar da fərqlidir. Hamısı elektron hədiyyələrdir. Amma o zaman biz özümüz düzəldirdik. İndi uşaqların informasiya baxımından çox yüklənirlər”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024