Mobil versiya
Gülər Sultanzadə: “Zərifə xanım Əliyevanın ömür yolu müasir Azərbaycan gəncliyi üçün əvəzsiz bir örnəkdir”
Tarix: 09-04-2024 | Saat: 12:36
Bölmə:Siyasət | çapa göndər

Gülər Sultanzadə: “Zərifə xanım Əliyevanın ömür yolu müasir Azərbaycan gəncliyi üçün əvəzsiz bir örnəkdir”

“Artıq otuz doqquz ildir ki, Azərbaycanın elm ictimaiyyəti, bütün xalqımız 15 aprel tarixini görkəmli akademik Zərifə xanım Əliyevanın anım günü kimi sonsuz ehtiramla qeyd edir. Zərifə Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə böyük əmək sərf etmiş, xəstəliklərin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Zərifə xanım 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb və bir müddət sonra ailəsi ilə birlikdə Bakıya köçüb. Hələ çox gənc yaşlarından gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Həmin il Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik təkmilləşmə kursu keçib. 1949-cu ildə göz xəstəlikləri üzrə təkmilləşmə kursunu müvəffəqiyyətlə başa çatdıran Zərifə xanım Əliyeva vətənə dönüb, 1950-ci ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aspiranturaya daxil olub və burada elmi işçi vəzifəsinə qəbul edilibdir.”

Bu sözləri akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar fikirlərini paylaşan Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə aia.az-a verdiyi müsabəsində deyib.

Daha sonra partiya fəalı həmin illərdə respublikamızda çox geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizəyə Zərifə xanım Əliyevanın verdiyi misilsiz töhfələrdən bəhs edərək bunları deyib: “Görkəmli oftalmoloq həmin illərdə Azərbaycanda çox geniş yayılmış traxoma xəstəliyi ilə bağlı dərin tədqiqatlar aparıb və özünün tərtib etdiyi mütərəqqi müalicə üsullarını uğurla həyata keçirib. 1960-cı ildə Zərifə xanım “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Dissertasiya müdafiəsindən sonra müsabiqə yolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilib, 1963-cü ildə isə SSRİ Ali Attestasiya Komissiyası onun oftalmologiya ixtisası üzrə böyük elmi işçi adını təsdiq edibdir. 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım Əliyeva oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparıb, qlaukoma xəstəliyinin öyrənilməsi ilə əlaqədar geniş elmi axtarışlara başlayıb. Görkəmli akademikin elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də gözün yod və şin sənayesinin zərərli təsirlərindən zədələnməsinin öyrənilməsi olubdur. Zərifə Əliyeva dünya praktikasında ilk dəfə olaraq istehsalat şəraitində - Bakı Məişət Kondisionerləri Zavodunun sexlərində elmi-tədqiqat laboratoriyasını yaratmaqla elmi axtarışlar aparıbdır. Dünya şöhrətli alimin çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə əksini tapıbdır. Aparılmış fundamental elmi işlərin nəticələri isə dəyərli alimin 1976-cı ildə Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edibdir.”

Fikirlərini davam etdirən G.Sultanzadə akademik Zərifə Əliyevanın praktiki fəaliyyətinin və elmi tədqiqatlarının SSRİ miqyasında da çox yüksək qiymətləndirildiyini qeyd edib: “1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülübdür. O, belə yüksək mükafata layiq görülən ilk qadın olubdur. 1970-1985-ci illərdə oftalmologiya sahəsində aparılan birgə yaradıcılıq axtarışlarının əsası da məhz Zərifə xanım Əliyeva tərəfindən qoyulubdur. Böyük alimin təşəbbüsü ilə 1977-ci ildə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin ilk dəfə olaraq Ümumittifaq miqyaslı plenumu keçirilibdir. Bununla da Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib. Görkəmli alim Zərifə Əliyeva 1983-cü ildə elmi və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilibdir. O, həm də Azərbaycan oftalmoloqları arasında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk qadın oftalmoloqdur. Həmçinin Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub. Görkəmli alimin nümunəvi həkim-xəstə münasibətləri mövzusuna dair baxışları “Yüksək etimad”, “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyalarında, özünün mənəvi zənginliyi, vəzifə borcu, tibbi etika və deontologiyaya dair elmi mülahizələri “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində dolğun əksini tapıbdır.”

Sonda müsahibimiz bunu da deyib ki, Zərifə xanım Əliyeva gözəl həkim, görkəmli alim olmaqla yanaşı həm də qayğıkeş azərbaycanlı ana obrazının ən bariz təcəssümü idi: “Doğmalarının, onu tanıyan bütün insanların xatirəsində Zərifə xanım görkəmli alim-oftalmoloq olmaqla yanaşı, həm də əsl Azərbaycan qadını kimi gözəl ana, qayğıkeş bacı, fədakar ömür-gün yoldaşı və etibarlı dost, təvazökar insan olaraq yaşayır. Zərifə xanım Əliyeva çox sədaqətli həyat yoldaşı idi. Ümumilli Liderimizin xalqı üçün gördüyü bütün işlərdə, bir yaxşı ömür-gün yoldaşı kimi Zərifə xanımın əməyinin, istedadının, qəlbinin də bir zərrəsi var idi. Ulu Öndər Heydər Əliyev öz xatirələrində Zərifə xanım haqqında belə demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib” Zərifə xanım Əliyeva özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün əvəzsiz bir örnəkdir. O, xalqımızın qəlbində nəinki alim kimi, həm də əsl Azərbaycan qadını kimi dərin izlər buraxıb. Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024