Mobil versiya
Türk dünyasının möhtəşəm bayramı
Tarix: 18-03-2024 | Saat: 18:12
Bölmə:Siyasət / Özəl | çapa göndər

Türk dünyasının möhtəşəm bayramı

Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir ümumxalq bayramı təsəvvür etmək belə çətindir. Xalqımız Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı adlandırılan çərşənbələrin keçirilməsinə belə xüsusi həssaslıqla yanaşır və onların hər birini sevinclə qeyd edir. Tarixi min illərlə ölçülən, özündə milli adət-ənənələrimizi yaşadan Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəmliyi ilə seçilir.
Dahi şəxsiyyət Heydər Əliyev çıxışlarında bayram barədə belə söyləyirdi: “Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdr...”
Sevindirici haldır ki, ümummilli liderin qoyduğu bu ənənə onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiət bayramı sayılan Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayramın gəlişi ilə bağlı xalqa ünvanladığı təbriklər, bayram şənliklərinə qatılması, Bakının qədim meydanındakı tonqalı alovlandırması, əhali ilə bayramlaşması bayram ovqatını daha da artırmaqla yanaşı, onun özünün söylədiyi kimi, hər bir Azərbaycan vətəndaşının yanında olduğunu bir daha göstərir.
Novruz bayramı həm də Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür.
Novruz təbiətin oyanışı ilə ürəklərdə həm də xoş arzuların yarandığı və bu arzuların gerçəkləşməsinə ümid bəslənilən bir bayramdır. Xalqımız bu bayramı keçirərkən niyyət edir, yaxınlarına, doğmalarına sağlam olmalarını arzulayır, ən xoş diləklərini çatdırır.
Novruz təkcə məişətdə deyil, siyasətdə bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Novruz bayramını bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev deyib: ‘‘Hәmin gün gәldi..Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә azad edilmiş bütün torpaqları bərpa edəcəyik.” O gün gəldi. Özü də Zəfərlə, Qalibiyyətlə gəldi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz, qalib xalqımız öz dəyərlərinə sahibləndi. Bu gün ölkəmizin hər yerində Novruz tonqalının alovları göylərə ucalır, Qarabağ, Zəngəzur abadlaşan, gözəlləşən bir diyara çevrilir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024