Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 25-01-2020 | Saat: 10:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ən layiqli namizədlərə səs verək




“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə Bakının Yasamal və Sahil qəsəbələrində, həmçinin 7-ci və 9-cu mikrorayon ərazilərində olmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu olduğumuz qəsəbələrin müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 138 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 9 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 129 respondentdən 102 nəfəri isə sualımızı “mən Elman müəllimə səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 79,09 faizi Milli Məclisə deputatlığa namizəd Elman Camal oğlu Məmmədova etimad göstərəcəklərini bildirmişlər.

Elman Məmmədov 1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus və erməni dillərini bilir.
1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləmişdir. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri, 1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005-ci il noyabrın 6-da 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Fransa, Azərbaycan-İsveçrə, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
“Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Evlidir, 7 övladı var.

Hər dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Ağdam rayonundan olan məcburi köçkün: “Siz jurnalistsiniz. Deməli bu məsələdən də mütləq xəbəriniz olmalıdır. Keçən ilin may ayında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərləri ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçirilmişdi. O vaxt ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də bu görüşə qatılmışdı. Məhz həmin görüşə Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü kimi, deputat Elman Məmmədov da dəvət olunmuşdu. Lakin Elman müəllim bu dəvətdən imtina edərək, həmin toplantıya qatılmadı. Bununla Elman müəllim həmsədrlər tərəfindən yürüdülən ikili siyasətə aşkar etirazını bildirmişdi. O zaman Elman müəllim mətbuata verdiyi açıqlamasında da qəti olaraq bildirmişdi ki, uzun illər ərzində Minsk qrupunun fəaliyyəti bir məqsədə yönəldilib. Torpaqlar işğal altında qalsın, müharibə olmasın, status-kvo isə saxlansın. Ermənilərin isə yeri rahatdır. Sanki həmsədrlərə diktə edirlər ki, “torpaqları işğal edib, burada rahat oturmuşuq, Azərbaycanın bizimlə müharibə etməsinə imkan verməyin”. Əlbəttə ki, dünyanın aparıcı dövlətlərinin təmsilçilərinə qarşı bu cür aşkar ittihamları yalnız xalqını və dövlətini öz canından artıq sevən insan dilinə gətirə bilər. Elə bilirəm ki, Milli Məclisdə də biz köçkün ailələrinin maraqlarını Elman müəllimdən yaxşı heç kim təmsil edə bilməz...”
Xocavənd rayonundan olan məcburi köçkün: “Milli Məclisin deputatı əlbəttə ki, ilk növbədə qanunvericiliklə məşğul olan bir dövlət xadimi, bir siyasətçidir. Lakin hər bir deputatın daha bir vəzifəsi də onun təmsil etdiyi seçicilərinin sosial-məişət qayğılarından tutmuş bütün digər problemlərilə maraqlanmaq, onların rifah yüksəlişləri üçün çalışmaqdır. Elman müəllim hər iki istiqamətdə öz vəzifələrinin öhdəsindən indiyədək ləyaqətlə gəlib. Gərək insan düzünü deyə. Bizim deputatımız hər zaman yanımızda olub. Xeyir-şərimizdə iştirak edib, imkansızlara yardım göstərib, ehtiyacı olana əl uzadıb. Həm də bunları nümayişkaranə, özünüreklam xətrinə etməyib. Əksinə həmişə çalışıb ki, yardım alan insanın qüruruna xələl gəlməsin. Bir sözlə, Elman müəllim sözün əsil mənasında elə bizim adamdır. Kasıbın, fağırın dostu, zalımın düşmənidir. Şəxsən mən özüm də, ailəm də səsimizi Elman Məmmədova verəcəyik...”

Qarabağ müharibəsi veteranı: “Elman Məmmədovu yaxından tanıyanlar bu insanda bir çox dəyərli insani keyfiyyətlərin cəmləşdiyini inkar edə bilməzlər. Elman müəllim eyni zamanda həm dövlətini sevən müdrik bir siyasətçi, həm elin-obanın təəssübünü çəkən xeyirxah bir insan, həm də Vətəni və xalqı üçün hər an canından keçməyə hazır olan bir döyüşçüdür. Bizim kimi Elman müəllim də Qarabağ müharibəsinin iştirakçısı olub. Hətta mənim bildiyimə görə, Elman Məmmədov ermənilərin Xocalıya ilk dəfə 1988-ci ildə təşkil olunmuş hücumlarının qarşısının alınmasında xüsusi rol oynayıb. Həmin hadisənin şahidlərindən eşitmişəm ki, həmin döyüşdə, o zaman Xocalı kənd sovetinin sədri olan Elman müəllim özünün əsil komandirlik keyfiyyətlərini nümayiş etdirib. İki saata yaxın davam edən həmin döyüşdə ermənilər həm sayca, həm də silah baxımından böyük üstünlüyə malik olsalar da, 20 nəfər adamlarını itirmişdilər. Xocalılardan isə yalnız yaralananlar olmuşdu. Deməyim odur ki, Elman müəllim həm qaçqın və məcburi köçkünlərə, həm də müharibə iştirakçılarına ruhən də çox yaxın bir insandır. Bizim nə istədiyimizi, hansı hisslərlə yaşadığımızı, qayğı və ehtiyaclarımızı Elman müəllim hər zaman bizim özümüz qədər bilib. Şübhə etmirəm ki, bizim seçki dairəsindən parlamentə seçkilərdə yenə də Elman Məmmədov qalib gələcək. Çünki ən azından bu, bizə lazımdır...”

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz dördüncü sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024