Mobil versiya
Bəlkə imkan verək işləsinlər?
Tarix: 16-01-2020 | Saat: 14:54
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bəlkə imkan verək işləsinlər?



Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il oktyabr ayının 15-də keçirilmiş iqtisadi müşavirədəki nitqindən: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir.”

Həqiqətən də bu gün son dərəcə qəribə bir vəziyyətin şahidi oluruq. Bir tərəfdən hər kəs dövlət başçısı tərəfindən həyata keçirilən və ölkənin ictimai-siyasi həyatının bütün sahələrini əhatə edən irimiqyaslı islahatları dəstəkləyir və alqışlayır. Digər tərəfdən isə, məxsusi olaraq kadr islahatları ilə bağlı bəzi insanlar son dərəcə böyük narahatlıq nümayiş etdirməkdədirlər. Həm də KİV-də dərc olunan materiallarda öz əksini tapan bu narahatlıqlar əksər kadr dəyişikliklərinə şamil edilir. Yəni bu narahat insanlar dövlət başçısı tərəfindən istənilən bir vəzifəyə təyin edilmiş istənilən kadrın yeni vəzifədə işini ən azından bir qədər izləmədən və qiymətləndirmədən belə, artıq bəri başdan ona öz etirazlarını bildirirlər. Belə təəssürat yaranır ki, məsələ həmin vəzifəyə kimin təyin edildiyində deyil, məhz etirazçıların arzu etdikləri konkret birinin təyin edilmədiyindədir.



O cümlədən, dövlət başçısının 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Rafiq Quluyev də bu təyinatdan dərhal sonra “tənqid hədəfi”nə çevrilib. Həm də bəzi saytlarda dərc olunan materiallarda yeni RİH başçısına qarşı elə absurd ittihamlar irəli sürülür ki, müəllifin hansı məntiqə əsaslandığını da başa düşmək olmur. Halbuki, Rafiq Quluyevin istər son bir ildə Xətai RİH-nin başçısının səlahiyyətlərini icra etdiyi dövrdə, istərsə də yeni vəzifədə ötən iki ay ərzində göstərdiyi fəaliyyətini kifayət qədər dinamik və effektiv kimi qiymətləndirmək olar.

Abadlıq işləri vüsətlənir, yaşıllıqlar artır

Bu gün rayonun simasının daha da gözəlləşdirilməsi, təbiətə qayğı və yaşıllıqların artırılması, abadlıq- təmizlik sahəsində Xətai rayonunda ardıcıl tədbirlər davam etdirilir. Bu məqsədlə rayon rəhbərliyi tərəfindən vətəndaş məmnunluğunu əldə rəhbər tutularaq, sakinlərin istək və arzularına uyğun olaraq rayonun bütün ərazilərində müvafiq tədbirlər həyata keçirilir. O cümlədən son vaxtlar görülən işlər çərçivəsində rayonun Məzahir Rüstəmov küçəsində yerləşən məişət obyektlərinin qarşısındakı qeyri-qanuni, yöndəmsiz artırmalar sökülərək ərazilər abadlaşdırılıb, səkilərə daş düzülüb, ağaclarda budama işləri aparılıb, yaşıllıq sahələri salınaraq sakinlərin rahat gediş-gəlişi təmin edilib. Həmçinin küçəboyu mövcud olan məişət obyektlərinin fasadları da təmir edilərək küçənin daha müasir və estetik görkəm alması üçün müvafiq tədbirlər görülüb.



Rayonun Məhəmməd Hadi və Seyid Əzim Şirvani küçələrində, məhəllədaxili ərazilərdə irimiqyaslı yenidənqurma və abadlıq işləri görülüb. Ötən ilin son günlərində isə rayonun N.Tusi küçəsi 9,11, 19 ünvanlarında, İ.İsmayılov küçəsi 5 ünvanında, Çingizxan Kərimov küçəsi 4 ünvanında irimiqyaslı yenidənqurma və abadlıq işlərinə həyata keçirilib. Sadıqcan küçəsi 4 ünvanında yeni abad məhəllənin salınmasına start verilib. Görülən işlər çərçivəsində 3 binanın qarşısında yerin relyefinə uyğun olaraq 4 ədəd beton pilləkən yığılıb, uşaqlar üçün 100 kv.m. sahəsi olan əyləncə meydançası, idman elementlərinin quraşdırılması, səkilərə daş döşənməsi, sakinlərin istirahəti üçün skamyalar və 4 ədəd söhbətgahın quraşdırılması, yaşıllıq örtüyünün salınması, ətraf binalarda təmir işləri həyata keçirilib. Bütün bu ərazilər qanunsuz hasarlanmalardan və yöndəmsiz tikililərdən təmizlənib. İşıqlandırma sistemləri qurulub, yollar abadlaşdırılıb, səkilərə daş düzülüb, uşaqların və böyüklərin istirahətini təmin etmək üçün istirahət guşələri yaradılıb, söhbətgahlar, müxtəlif əyləncə və idman qurğuları quraşdırılıb.

Uşaqlara qayğı hər zaman xüsusi diqqət mərkəzindədir

31.12.2019-cu il tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyətinin nümayəndələri Dünya Azərbaycanlılarını Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 3 saylı uşaq evində olublar. Uşaq evinin sakinlərini bayram münasibətilə təbrik edən rayon İcra Hakimiyyəti Başçısı Rafiq Quluyev bidirib ki, artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında Prezident İlham Əliyevin böyük xidmətləri var. Yeni il ərəfəsində Heydər Əliyev Fondu tərəfindən müxtəlif orta məktəblərdə, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum uşaqlar üçün şənliklər təşkil edilir.



Uşaq evinin direktoru Məhbubə Hüseynova bildirib ki, uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Daha sonra körpələr evinin sakinlərinin hazırladıqları müsiqilər, şeirlər, bir-birindən gözəl rəqs ifaları nümayiş olunub. Sonda balacalara bayram sovqatları paylanılıb.

Vətəndaşların qəbulu yüksək səviyyədə həyata keçirilir

Xüsusi olaraq bu məqamı da qeyd etmək lazımdır ki, Rafiq Quluyevin fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə mütəmadi olaraq sakinlərlə qəbul-görüşlərin keçirilməsidir. Təkcə bu ilin yanvar ayında artıq iki belə qəbul keçirilib. Belə ki, Yanvarın 10-da Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyevin 254 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, rayon sakinləri iştirak ediblər. Rafiq Quluyev prezidentin ötən il keçirilmiş seçkilərdən dərhal sonra bəyan etdiyi çağırışlara uyğun olaraq imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək vətəndaşların rifahının yaxşılaşdırlması istiqamətində aparılan iqtisadi və sosial islahatları, onların əhəmiyyətini sakinlərin diqqətinə çatdırıb. Rafiq Quluyev Prezident İlham Əliyevin yeni təyin olunmuş İcra Hakimiyyəti başçılarını qəbul edərkən verdiyi tapşırıq və tövsiyyələrin tam həcmdə və yüksək keyfiyyətlə icra olunacağını, Xətai rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin və əsaslı sosial infrastruktur layihələrin icrasının bundan sonra da davam etdiriləciyini bildirib. Çıxış edən rayon sakinləri onları narahat edən suallarla bağlı Xətai rayon İcra Hakimiyyətinin başçısına müraciətlər ediblər. Yeni başçı sakinlərin çoxsaylı müraciətlərini, təklif və iradlarını dinlədikdən sonra bu müraciətlərin rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanlarının həlli istiqamətində tədbirlərin həyata keçiriləcəyini, digər müraciətlərin onlara baxılmasının təmin olunması məqsədi ilə aidiyyəti üzrə istiqamətləndiriləcəyini bildirib. Eyni zamanda sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıqlar verilib.



13 yanvar 2020-ci il tarixdə isə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Qeyd edək ki, ümumilikdə 52 vətəndaşın iştirak etdiyi qəbulda sakinlər tərəfindən əsasən, sosial və kommunal məsələlər ilə bağlı müraciətlər olunmuşdur. Vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, və onlara qaldırdıqları məsələ ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur.

Bütün bu deyilənlər bir daha əyani şəkildə göstərir ki, dövlət başçısı tərəfindən yeni vəzifələrə təyin olunmuş şəxslər onların qarşısında qoyulmuş tələb və tapşırıqları kifayət qədər düzgün qiymətləndirir və həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası üçün səylə çalışırlar. İndi mən də üzümü bəzi həmkarlarımıza tutub demək istəyirəm, bəlkə imkan verək işləsinlər?


aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024