Mobil versiya
Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI
Tarix: 5-07-2015, 16:05 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI

Məzarlar arasında doğulub-böyüyən Fatimə, Zəhra və Zeynəbin qan donduran hekayəti Lent.az-da...

Fatimənin 6, Zəhranın 4 yaşı var. Zeynəb isə hələ 9 aylıqdır. Bu bacılar ailəsiylə birgə Yasamal qəbiristanlığında yaşayırlar. İnanmaq çətin olsa da, bu körpələrin evi qəbirlərin arasındadır. Gündüz qəbirlərlə oynayıb, axşam qəbirlərlə yatırlar. Arada başdaşının üstündəki mərmərdə güzgülənir, yorulanda qəbirlərin üstündə əyləşib dincəlirlər.


Ailə başçısı Eyvaz Qoçiyev Balakənin Qabaqçöl kəndindəndir. Evlənməzdən əvvəl də burada yaşayıb. Qəbiristanlığın içindəki sexdə fəhləlik edirmiş. 2007-ci ildə hər iki ailənin məsləhəti ilə xalası qızı Afətlə evlənib. Onda Eyvazın 20, Afətin isə 19 yaşı olub. İşlədiyi illər ərzində müdirin yanında hörmət qazanmış Eyvaza evləndikdən sonra da bu evdə qalmağa icazə verirlər. O vaxtdan bəri Eyvaz və Afət qəbiristanlıqdakı bu balaca evdə yaşayır.


“Ev” dediyimiz bu sığınacaq, mətbəxi və sanitar qovşağı olmayan, bir çarpayı, masa və divanın güclə yerləşdiyi balaca otaqdan ibarətdir. Otaqda 6 nəfər yaşayır. Eyvaz, arvadı Afət, 3 uşağı və Afətin anası Asya xala. Ayaqyolu evdən xeyli aralıdır. Hamam isə ümumiyyətlə, yoxdur, onu daşdan tikilmiş balaca dam əvəz edir. Yaxınlıqdakı sexdə işləyənlər mişar daşı, sement, qum veriblər. Evdəki bəzi əşyaları isə Eyvazın müdiri verib. Deyib, nə qədər burda qalacaqsınız, işlədin. İndi onların içi boş böyük soyuducusu və gündə min cür dadlı nemətlər göstərib uşaqları tamarzı qoyan televizorları var.


Eyvaz qəbiristanlıqda fəhləlik edir. Afət isə şirkətlərin birində xadimədir. Uşaqlara pis-yaxşı Asya xala baxır. Bu gün Afət evdəydi. İşdən öz hesabına 15 günlük məzuniyyət veriblər. Asya xala isə nəvələri üçün ərzaq toplamağa getmişdi. Qəbirlərin üstündən...


Pəncərəsi olmayan bu dar otaq qışda soyuq, yayda isə havasız olur deyə, günü həyətdə, ətrafı dəmir məhəccərə alınmış qəbirlərin arasında keçirirlər. Körpənin beşiyi də qəbirlərin arasına qoyulub. Burda Zeynəb dünyadan xəbərsiz mışıl-mışıl yatırdı. Səhər çağı bura sərin olurmuş. Günortaya yaxın günəş tam zirvəyə qalxanda beşiyin yerini dəyişəcəklər. Onda da gün düşməyən digər qəbirlərin arasına.


- Afət, necə dolanırsınız?


- Şükür, ac qalmırıq. Uşaqlara hər gün nəsə tapıb verirəm. Hərdən ət də bişirirəm. Bayramlarda. Yoldaşım fəhləlik edir, mən xadiməyəm. Anam da pensiya alır. Qəpiyi qəpiyin üstünə qoyub, pis-yaxşı dolanırıq.


- Əlavə gəlir yeriniz var? Qohum-əqrəbadan.


- Yox, bacı, yoxdu. Allah qeybətə yazmasın, qayınatam içən adamdı. Gediş-gəliş var. Amma ondan bizə kömək yoxdu.


Gözlərini açandan qəbir gördüklərindən uşaqlar burda heç nədən qorxmurlar. Amma Afət bura təzə gələndə qorxurmuş. Ölülərdən yox, dirilərdən. Əri gec saatlara qədər işlədiyindən, bəzən də işi səhərə qədər uzandığından bəzən Eyvaz evə gələ bilmirmiş. O zaman Afət işıqları söndürüb oturarmış. Kimsə burada yaşayanın olduğunu bilməsin deyə. Axı gecə qəbiristanlıq elə də güvənli yer deyil...


- İlk dəfə bura gələndə çəkindim bir az. Sonra uşaq oldu. Zamanla alışdım. Zarafat deyil, səkkiz ildi burda yaşayırıq. Uşaqların boğazından kəsib Hökməlidə balaca torpaq sahəsi almışıq. Anam xəstədi. Özünü müalicə etdirmir, pensiyasını bizə verir ki, yığıb ev tikdirək. Orda bir balaca ev də qaraltmışıq. Üstünü də basdırmışıq. Vəssalam. Bundan o yana bir şey edə bilmədik. 15 gündü məzuniyyətdəyəm. Evdə tək yoldaşım işləyir. Boğazımızı ancaq çatdırır. Döşəməsi, tavanı, qapı-pəncərəsi yoxdu. Ora baxanda bu ev min şükürlüdür. Baxmayaraq ki, bura nəmişlikdi. Fatiməyə burda qalmaq olmaz.


Bizim söhbət elədiyimiz vaxtda qızlar qəbirlərin arasında sağa-sola hoppanırlar, arada başdaşlarına söykənir, sinədaşının üstündə əyləşib dincəlirlər.


- Fatimə, ən xoşladığın yemək hansıdı?


Xeyli fikrə gedir. Əlacsız halda gah bacısına baxır, gah anasına. Birdən itmiş ən əziz əşyasını tapan adam kimi sevincək:


- Kolbasa! Atam hərdən kolbasa alır bizə. Zəhra çörəksiz yeyir deyə, doymur. Amma mən əvvəlcə çörəkdən dişləyirəm, sonra kolbasadan. Sup! Babam (avarca nənə deməkdir), tez-tez bişirir. O da qəşəngdir!


Kolbasadan dadlı yemək tanımayan bu balaca qızcığaz böyüyəndə həkim olmaq istəyir. Bacıları xəstələnərsə, sağaldacaqmış.


Kənardan çox sağlam görünən, hətta bacılarını sağaltmaq arzusunda olan Fatimənin özü isə... vərəm xəstəsidir. Vəziyyəti hər gün ağırlaşır. Fatimənin yaşadığı “ev”dəki şərait xəstəliyi hər gün daha da gücləndirir. Rütubət balacanın ciyərlərini tədricən məhv edir.


Afət:

- Bu haqda danışmaq mənə çox çətindir (ağlayır). Müalicə etdirirəm. Həkim deyir ki, nəmişlik və zəif qidalanmadan belə olub. Fatimə balaca olanda vəziyyətimiz çox ağır idi. Bu gün uşaqlara yedizdirməyə nəsə tapıram. Özüm də işləyirəm. İşdə bizə günorta yeməyi verirlər. Özüm yemirəm, payımı uşaqlarıma gətirərəm. Amma o vaxtlar...


Sonra uşaqlarının nigaran baxışlarını görüb, tez özünü toplayır.


- “Qurd qapısı”nın yanında qoyun kəsirdilər. Uşağı da qoltuğuma alıb, gedirdim ordan baş-ayaq götürürdüm. Onsuz da yığıb atacaqdılar. Gətirib ütürdüm. Yoldaşım işdən gələnə kimi bişirirdim. Başı o yeyirdi, suyunu mən içirdim ki, uşağa süd olsun. Amma südüm yetmirdi. Uşaq yeməyi almağa pul olmurdu. Uşağa umac çalıb verirdik. Bu da körpə uşağa heç olmazmış. Həzm edə bilmirmiş. Həm də evimizin döşəməsi yoxdu. İllərdir betonun üstündə yaşayırıq. Rütubət, nəmişlik. Yazıq körpəm... Vərəm dispanserində müalicə etdirirəm. Sentyabrda təzədən mantu qoyulacaq. Keçən il mantunun reaksiyası altı idi, bu il on dördə qalxıb. Getdikcə yüksəlir. Bəzi dərmanlar var, həkimlər özləri verir, sağ olsunlar. Yanıma salıb aparanda hamı deyir, nə gözəl uşaqdı. Uşağa baxan deməz ki xəstədi. Daim öskürür, tez-tez tərləyir, əsasən də gecələr. Bir az oynayan kimi təngnəfəs olur, halı qalmır. “Ana, yoruldum” - deyir. İçim dağılır onda.


- O biri uşaqlar bəs?


- Zəhranın qan azlığı var. O da düzələn şeydi. Yaxşı yesə, düzələcək. Zeynəb də öskürür. Aparmışdım həkimə. Deyir, soyuqlayıb bir az. Ağzının içi də yara töküb. Stomatit olub. Ona da maz almışam. Fatimə uşaq olduğu üçün xəstəliyini o biriləri yoluxdurmur. Min şükür, bunlarda hələ elə bir şey yoxdu. Bircə Fatiməm də sağalsaydı... Ən böyük arzum qızımın sağlığıdır. Sonra evim olaydı. Balalarımı orda böyüdərdim. Daha qəbirlərin arasında yox...


- Ən çox nə istəyirlər?


- Televizorda gördüklərini. Hər dəfə yeməli nəsə göstərəndə “ondan bizə al” deyirlər. Çatdıra biləndə kanalı tez dəyişirəm ki, görməsinlər. Görəndə deyirlər, ana, bax, nə gözəl şeylər göstərirlər! Anayam, ürəyim paralanır. Hər dəfə bir yalan uydururam. Gah dərmandı deyirəm, gah qurdludu, olmaz yemək, deyirəm. Ən çox yumurta istəyirlər. “Ozmo” yumurta. Sonra parka getmək istəyirlər. Uşaq üzü görmürlər. Hərdən burdan uşaqlar keçir. Nəbatat bağına aparırlar. Onları görəndə görəsiniz nə həşir çıxarırlar?! Uşaqlar tini dönənə qədər arxasınca baxırlar. Bir dəfə bir qız keçirdi atasıyla. Qızın ayağında “vyetnamka” vardı. Görüb mənə dedilər ki, bizə də ondan al. Bunu da kişi eşitdi. Geri dönüb nənələrinə 30 manat pul verdi ki, o “vyetnamka”dan bu qızlara da al. Belə insanlar da var. Qurban, Ramazan bayramlarında, Pasxada bizə də gəlirlər. Uşaqların əlinə pul da verirlər. Pal-paltar da gətirən var. Cırıq-söküyünü tikib, geyindirirəm.


Bir anlıq düşünüb, əlavə edir:


- Yoldaşım yaxşı adamdı. Namaz qılan, oruc tutan. Nə qazanırsa, qəpiyinə qədər ailəsinə xərcləyir. Neynəsin? Onun gücü də buna çatır. Balacanı dünyaya gətirmək istəmirdim. Yoldaşım dedi, günahdı. Canı verən, ruzisini da verəcək. Nə bilim...


Susur və gözü lap uzaqdakı başdaşına zillənir. Başdaşındakı şəkil də ona baxırdı. Hərdən mənə elə gəlirdi ki, qəbiristanlıqdakı bütün ölülər bu dəqiqə bizi dinləyirlər. Biz susan kimi ətrafa ölü bir sükut çökür. Uşaqlar da dinmir. Gah analarına baxırlar, gah mənə. Nə baş verdiyini anlaya bilmirlər.


Bir də onu bilmirlər ki, harada yaşayırlar... Yaxşı ki, bilmirlər.

Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI
Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI
Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI
Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI
Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI
Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI
Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI
Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI
Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI
Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI



5616 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-09-2019
12-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30