Mobil versiya
Bakı meriyası paytaxtımızı təmiz şəhərə çevirməkdə tam qərarlıdır
Tarix: 04-07-2019 | Saat: 14:25
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakı meriyası paytaxtımızı təmiz şəhərə çevirməkdə tam qərarlıdır





BŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tullantıların operativ daşınmasını təmin edə bilib

Bu gün paytaxt Bakımızın günü-gündən gözəlləşdiyini və müasirləşdiyini hər birimiz böyük fərəh və sevinc hissi ilə müşahidə edirik. Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, küçə və xiyabanların, parkların yenidən qurulması, yeni yaşıllıq zonalarının salınması, köhnə binaların əsaslı təmiri – bütün bu işlər paytaxtın ümumilikdə simasını dəyişən, doğma Bakımızı daha gözəl, daha möhtəşəm edən və əlbəttə ki, dövlət səviyyəsində həyata keçirilən irimiqyaslı layihələrin tərkib hissələridir.

Ölkə prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində paytaxtımızın bütün infrastrukturlarının yenidən qurulması prosesi son illər xüsusilə yüksək dinamika almışdır. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı yönümündə qəbul edilən uzunmüddətli və əhatəli dövlət proqramlarının icrası nəticəsində illərdən bəri bu ərazilərin sakinlərini narahat edən bir çox problemlər öz həllini tapmışdır. O cümlədən ayrı-ayrı ərazilərdə bir müddət bundan əvvələdək mövcud olmuş içməli su qıtlığı, kanalizasiya xətlərinin olmaması, bərbad yollar və digər bu kimi problemlər artıq bu gün hətta yaddaşlardan belə silinmək üzrədir.

Təcrübə və tələbkarlıq problemlərin həllinə zəmin yaradır



Bu məqamda xüsusi olaraq bir məsələni də vurğulamaq yerinə düşər ki, bu gün paytaxtımızda müşahidə olunan yenidənqurma və abadlaşdırma işlərinin effektivliyi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə cənab Eldar Əzizovun təyin edilməsindən sonra daha da yüksəlmişdir. Qeyd edək ki, Eldar Əzizovun 2003-2011-ci illərdə Gəncədə, 2011-2015-ci illərdə isə Sumqayıtda icra hakimiyyətinə rəhbərlik etdiyi dövrlər də həmin şəhərlərin sosial-iqtisadi inkişafında müşahidə olunan xüsusi dinamika ilə yadda qalmışdır. Belə ki, Eldar müəllim dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasına hər zaman xüsusi diqqət və böyük məsuliyyətlə yanaşmış, ciddilik, tələbkarlıq və əlbəttə ki, öz işində peşəkarlıq kimi xüsusiyyətləri ilə seçilmişdir. Həmçinin Bakı merinin fəaliyyətində diqqəti cəlb edən xüsusiyyətlərdən biri də onun yenilikçiliyə meyilli olmasıdır. Həm də bu anlayışa eyni müvəffəqiyyətlə həm abad məhəllələrin yaradılması zamanı hansısa xırda bir detalın tətbiqini, həm də şəhər infrastrukturunun yenidən qurulmasında müasir texnoloji nailiyyətlərdən səmərəli şəkildə istifadə olunmasını aid etmək olar. Bir qədər aşağıda biz bu yeniliklərdən bəziləri haqda daha ətraflı məlumat verəcəyik. Hələlik isə, istər Bakı sakinlərini, istərsə də paytaxtımızın qonaqlarını uzun illərdən bəri narahat edən və hələ də aktuallığını saxlayan bir problemdən, tullantıların emalı məsələsindən bir qədər bəhs etmək istərdik.

Yeni təmizlik konsepsiyası hazırlanır

Dünyanın bütün böyük şəhərlərində “zibil problemi” hər zaman öz aktuallığı ilə seçilib. Həm də bu problem bir qayda olaraq şəhərlərlə birgə böyüyür və onun həlli istiqamətində qəti və effektiv addımlar atılmadığı halda çox böyük fəsadlara səbəb olur. Buna görə də inkişaf etmiş ölkələrdə bu problemin həlli ilə böyük şirkətlər və xüsusi mərkəzlər məşğul olurlar.



Etiraf etmək lazımdır ki, bu gün Bakının və ətraf qəsəbələrin sanitar-təmizlik vəiyyətinə nəzarət BŞİH rəhbərliyinin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdəndir. Elə bir müddət bundan əvvəl şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar-təmizlik vəziyyətinin yoxlanılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış xüsusi komissiyanın keçirdiyi reydlərin nəticəsi olaraq hamımızın müşahidə etdiyimiz bəzi proseslər də bu məsələyə son dərəcə ciddi yanaşma tərzinin olduğunu göstərir. Belə ki, həmin reydlər nəticəsində şəhər üzrə ümumi vəziyyətin qənaətbəxş olduğu qeyd olunsa da bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatçılıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcud olduğu aşkarlanmışdı. Bu səbəbdən cavabdeh ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün bir neçə vəzifəli şəxsə ciddi xəbərdarlıq olunmuş, töhmət verilmiş və bir nəfər işdən azad edilmişdi. Həqiqətən də bu güm Bakını sözün əsil mənasında təmiz şəhərə çevirmək üçün böyük işlər görülür. Məlum olduğu kimi, artıq bir neçə aydır ki, Bakı Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış “Mott Mac Donald” şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır. Bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya şirkətinin rəhbərliyinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi əsasən qənaətbəxş səviyyədədir. Lakin bu vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini tam qane etmədiyindən bu sahəyə diqqət və nəzarətin daha da artırılacağı bildirilib.

“Gəl apar!”

Yeni konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə artıq pilot layihə formatında paytaxtın Nərimanov rayonunda start verilib. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır. Quraşdırılan konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdə olacaq. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür, yaşıl və narıncı çeşidləyici paketlər paylanır. Bu aksiya həm də insanlarımızın maarifləndirilməsi məqsədini güdür. Etiraf edək ki, bir çox hallarda kortəbii zibilliklərin yaranmasına məhz biz özümüz səbəb oluruq. Buna yol verməmək üçün də tullantıların ilkin çeşidlənməsi, zibilin hara gəldi atılmaması kimi məsələlərdə son dərəcə diqqətli olmaq lazımdır. Bu yolla biz şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına öz tövhəmizi vermiş olarıq.



İndi isə, bir qədər əvvəl söz verdiyimiz kimi, BŞİH rəhbərliyinin təşəbbüsü ilə tətbiq olunan bəzi maraqlı yeniliklərdən bəhs etməyin əsil məqamıdır. Əldə etdiyimiz məlumata görə, Nərimanov rayonu ərazisində pilot layihə formatında quraşdırılan yeni zibil konteynerləri həm də xüsusi GPS cihazları ilə təchiz olunublar. Bu cihazlar zibil konteyneri müəyyən edilmiş həddə qədər dolduğu zaman avtomatik olaraq tullantıların daşınması ilə məşğul olan struktur bölməsinə siqnal ötürürlər. Çox qısa müddət sonra isə xüsusi daşıyıcı avtomobil gələrək konteyneri boşaldır və tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna aparılır. Sadə dildə desək, sanki dolmuş konteyner özü daşıyıcı maşını çağıraraq “gəl apar” deyir.

Tətbiq olunan digər bir yenilik isə, zibil konteynerlərinin yerləşdiyi ərazinin və yaxın ətrafın kamera nəzarətinə götürülməsi ilə bağlıdır. Bizə verilən açıqlamaya görə, bunda məqsəd zibili kənara atan sakinləri müəyyən etmək və onlara qarşı ictimai qınaq üsulunu tətbiq etməklə bu kimi halların qarşısını almaqdır.

Tullantıların daşınmasında problem yaşanmır



Aydındır ki, şəhərin ümumi sanitar-təmizlik vəziyyətinin yüksək səviyyədə təmin olunması baxımından ərazilərdə quraşdırılmış zibil konteynerlərinin vaxtlı-vaxtında boşaldılması və tullantıların daşınaraq müvafiq müəssisəyə aparılması müstəsna əhəmiyyət kəsb edir. Belə ki, məhz bu prosesin operativliyində və davamlılığında hər hansı problemin yaranması kortəbii zibilliklərin yaranmasına və ərazidə epidemioloji risklərin kəskin yüksəlməsinə yol aça bilər. Etiraf edək ki, hələ bu yaxınlara qədər yaşadığımız həyət və məhəllələrdə quraşdırılmış zibil konteynerlərinin ətrafında formalaşmış “mini-zibilliklər”, buradan qalxan üfunət qoxusu əksəriyyətimiz tərəfindən az qala adiləşmiş bir hal kimi qəbul edilirdi. İnsanlar artıq bu halla barışmaq məcburiyyətində idilər. Lakin bu gün vəziyyət tamamilə dəyişib. Qeyd edək ki, hazırda tullantıların daşınması məsələsilə BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi məşğul olur. Əldə etdiyimiz məlumatlara, ən əsası da şəhərimizin küçələrində aparılan müşahidələrə əsaslanaraq əminliklə deyə bilərik ki, bu gün Mübariz Hüseynovun rəhbərlik etdiyi Sanitariya və Texniki Təmizlik İdarəsi öz funksiyaların yüksək səmərəliliklə icra edə bilir. Hiss olunur ki, idarənin həm rəhbərliyi, həm də işçi heyəti BŞİH-nin rəhbərliyi tərəfindən qarşıya qoyulmuş tələb və vəzifələrin uğurlu icrasını təmin etmək üçün bütün imkanlardan effektiv şəkildə istifadə edir. Bu isə, paytaxt Bakımızın getdikcə daha təmiz və daha gözəl bir şəhərə çevrilməsi baxımından çox böyük önəm kəsb edən bir məqamdır.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024