Mobil versiya
Azərbaycan Texniki Universitetində yay imtahan sessiyası yüksək səviyyədə keçir
Tarix: 19-06-2019 | Saat: 15:23
Bölmə:Manşet / Təhsil / Seçilənlər-7 | çapa göndər

Azərbaycan Texniki Universitetində yay imtahan sessiyası yüksək səviyyədə keçir




İstər yazılı, istərsə də test imtahanlarının nəticələri “Elektron Universitet Portalı” sistemində qeydə alınır

Bu gün Azərbaycan Texniki Universiteti (AzTU) BMT, YUNESKO, TRASEKA və digər Beynəlxalq Təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Universitetin müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalarında Boloniya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müasir elmin və texnikanın problemlərini həll edə biləcək 9000-dən çox tələbə bakalavriat, 600-dən çox tələbə magistratura səviyyələrində təhsil alır. Universitet ölkəmizin iqtisadi məsələlərinin həllində və ictimai həyatında fəal iştirak edir. Bununla belə Azərbaycan Texniki Universitetini hazırkı məqama gətirib çıxaran yol öz üzərində son üç əsrin izlərini daşıyır.

Bakıda ilk texniki məktəb



Azərbaycanda texniki təhsilin əsası ilk dəfə 1887-ci ilin noyabr ayının 10-da Bakı şəhər Duması tərəfindən Bakıda texniki məktəbin yaradılması ilə qoyulmuşdur. Əvvəlcə bu məktəbin mexanika şöbəsi üzrə 50, inşaat şöbəsi üzrə 55 nəfərdən ibarət buraxılışı olub. 1916-cı ildə məktəbdə artıq 494 tələbə təhsil alırdı. Onlardan cəmi 20 nəfəri azərbaycanlı tələbələr idi. 1918-ci ildə verilən qərara əsasən məktəb Politexnikum adlanır.

Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. 1950-1955-ci illərdə universitetin fakültələri müxtəlif ünvanlarda yerləşən binalarda fəaliyyət göstərirdi. 1955-ci ildən bütün fakültələri əhatə etməklə universitet indiki binasına köçmüşdür. Qərb və şərq memarlığının ən gözəl üslublarını özündə birləşdirən Universitetin yaraşıqlı binasında tələbələrin dərin biliklərə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.



Sovet təhsil sisteminin flaqmanları sırasında

1978-ci ildən başlayaraq AzTU-da SSRİ-nin müxtəlif Respublikaları və bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələri üçün kütləvi mütəxəssis hazırlığına başlanmışdır. Həmin dövrlərdə Universitetdə 12 mindən artıq əcnəbi tələbə təhsil alırdı. Müxtəlif dövrlərdə Universitetdə 40-dan artıq xarici ölkənin vətəndaşları təhsil almış və hazırda təhsil almaqda davam edirlər. 1983-cü ildə tədris-metodiki və elmi-texniki sahələrdə qazandığı nailiyyətlərə görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin keçici bayrağını və birinci dərəcəli pul mükafatını almışdır.

1991-ci ildən universitet indiki Azərbaycan Texniki Universiteti adını daşıyır. Hal-hazırda universitet maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələri əhatə edən 38 ixtisas üzrə bakalavr və 100-dən çox ixtisaslaşma üzrə magistr hazırlanır. Universitetdə “Nəqliyyat”, “Elektrotexnika və energetika”, “Radiotexnika və rabitə”, “Metallurgiya”, “Maşınqayırma”, “Avtomatika və kompüter texnikası”, “Mühəndis biznesi və menecment”, “Xüsusi Texnika və Texnologiya” fakültələri və “Əcnəbi tələbələrin təhsili” şöbəsi fəaliyyət göstərir.



Azərbaycanlı mütəxəssislər dünyanın bir çox ölkələrində sənayenin müxtəlif sahələrini inkişaf etdirirlər

Bu gün AzTU-nun fakültələrinin 35 kafedrasında 600-dən çox professor-müəllim heyəti, o cümlədən 70-dən çox professor, elmlər doktoru, 300-dən çox dosent, elmlər namizədi (PHD) çalışır.150-dək yerli və xarici ölkə mütəxəssisləri fəlsəfə və elmlər doktoru elmi dərəcəsi almaq üçün araşdırmalar aparır. Universitetdə elmi kadrların hazırlanması məqsədilə texniki elmlərin müxtəlif istiqamətlərində alimlik dərəcəsi verən iki İxtisaslaşdırılmış Elmi Şura fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri “Elmi əsərlər” və “Maşınşünaslıq” adlı elmi-texniki jurnallarda çap olunur. 500 mindən artıq kitab fondu olan universitet kitabxanası və oxu zalları, eləcə də 400-dən artıq fərdi kompüteri olan 20-dək tədris və multimedia zalları, ixtisaslaşdırılmış laboratoriyalar tələbələrə və əməkdaşlara xidmət edir. Azərbaycan Texniki Universitetinin məzunları dünyanın bir çox ölkələrində sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsində böyük xidmətlər göstərirlər. Onlar zavodlara, nazirliklərə, nəhəng Sənaye komplekslərinə, Dövlət Komitələrinə, iri müəssisələrə uğurla rəhbərlik edirlər. Universitetin məzunu 1982-1988-ci illərdə Azərbaycan Respublikasına başçılıq etmiş, 2 məzunu isə ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasının Baş Naziri, 5 məzunu Baş Nazirin I müavini vəzifəsində çalışmışlar.



Müdafiə sənayesi kompleksi məzunların hazırlıq səviyyəsindən razıdır

Qeyd etmək lazımdır ki, Azərbaycan Texniki Universitetinə professor Xalıq Yahudovun rəhbərlik etdiyi son üç il ərzində bu ali təhsil müəssisəsinin istər ölkə daxilində dövlət əhəmiyyəti kəsb edən digər müəssisələrlə, istərsə də xarici ölkələrdə yerləşən müxtəlif qurum və təşkilatlarla əlaqələri daha da inkişaf etmişdir. Bu yaxınlarda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində professor Xalıq Yahudov və universitetin professor-müəllim heyəti ilə nazirliyin müəssisələrində çalışan “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunları ilə görüş keçirilib. Görüşdə qeyd olunub ki, respublikanın müdafiə sənayesi kompleksinin yüksəkixtisaslı kadrlara olan təlabatının ödənilməsi məqsədilə 2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə AzTU-da “Xüsusi texnika və texnologiya” fakültəsi və müvafiq kafedralar yaradılıb. Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə yaradılan fakültədən hazırkı dövrə qədər 275 tələbə məzun olub. Məzunlardan böyük əksəriyyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunub və onların hər birinə nazirlik tərəfindən böyük diqqət ayrılıb. Birliyin baş direktoru İlqar Nəzərov fakültənin məzunlarından 58 nəfərin “İqlim” Elmi İstehsalat Müəssisəsində işə götürüldüyünü qeyd edib. O, məzunların hazırlıq səviyyəsindən və fəaliyyətindən razı olduğunu bildirib.




Yay imtahan sessiyası uğurla davam edir

Aydındır ki, yuxarıda sadalağımız uğur və nailiyyətlərə universitetdə təhsilin yüksək səviyyədə təşkili, tədris prosesində və imtahan sessiyaları dövründə tam şəffaflıq və obyektivlik təmin edilmədən nail olmaq olmaz. Məhz bu səbəbdən də bu kimi məsələlər Azərbaycan Texniki Universitetində birbaşa rektor əvəzi, professor Xalıq Yahudovun ciddi nəzarətində saxlanılır.




Qeyd edək ki, iyunun 11-də AzTY-da yay imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturda universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər. İştirakçılar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumatlandırılıblar. Onlara bildirilib ki, universitetdə bütün məsələlər “Elektron Universitet Portalı” vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri həmin sistemdə qeydə alınır. Test imtahanlarında tələbə nəticələrini cavabları təsdiq etdikdən sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. İmtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası təşkil olunub. Bu komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir. AzTU-dan təqdim olunan məlumata görə, yay imtahan sessiyasında 6074 nəfər tələbə iştirak edir. Bunlardan 5100 nəfəri bakalavr əyani, 260 nəfəri bakalavr qiyabi, 320 nəfəri magistr, 93 nəfəri əcnəbi tələbə, 282 nəfəri isə V tədris ilinə qalanlardır. Universitetin SABAH qruplarından builki imtahanlarda 19 tələbə iştirak edəcək. İmtahanların 25%-i yazılı, 75%-i isə test üsulu ilə keçiriləcəkdir.

Biz də bütün tələbələrə uğurlar və yalnız yüksək qiymətlər arzulayırıq.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024