Mobil versiya
"Şagird üçün birləşən 47 saylı məktəb" - REPORTAJ
Tarix: 19-04-2019 | Saat: 12:26
Bölmə:Təhsil | çapa göndər

"Şagird üçün birləşən 47 saylı məktəb"


Bu məktəb olayları bizi necə sarsıtdı, ilahi. Məktəb sözü ilə bərabər bir əndişə doldu hamımızın canına. Bu qaragüruhun ağuşunda bir xəbər çatdı qulağıma. Ki, məktəblərimizin birində ürəkaçan hadisə baş verib. Ağır xəstə olan bir şagirdi sinifyoldaşları, dostları, müəllimləri əl-ələ verib, pul yığıb ayağa qaldırıblar. Bu xəbər məni arxasınca aparıb 47 saylı məktəbə gətirib çıxartdı.

Narın yağışlı, bir azca da küləkli səhəri açıb yol aldım məktəbə. Yol boyu başıma gələnləri bundan qabaqkı yazıda nəql eləmişəm. Yəni heç də rahat gedib çıxmadım məktəbə.

Pəncərələr...

Mənə Elinanı xatırlatdı. Canıma üşütmə düşdü. Elə bil bu dəqiqə kimsə özünü atacaqdı pəncərədən aşağı. Bu qarabasmanı ötürüb qapıdan içəri daxil oldum. Məni məktəbə dəvət edən Aybəniz xanımla məktəbin direktoru Aytən xanım qarşıladı. Salamlaşdıq. Aybəniz xanım bilirdi ki, işə gecikməməkçün hər şey tez cərəyan etməlidir.

- Aybəniz xanım, idman zalı daha genişdir, daha işıqlıdır. Tədbir orada baş tutsun ki, çəkəcəyim fotolar da aydın görünsün.



O üzdən səbəbkar Telmanı və onun sağalmasında adı keçən bütün uşaqları idman zalına yığdılar.

Tədbirin rejissoru mən idim.

- Uşaqlar bir az qabağa gəlin... Bir az sıxlaşın...

Bu qələbəliyin tən ortası isə bomboş idi. Qəfildən Telman, anası Oksana xanım, Aytən xanım, Aybəniz xanım bu boşluğa zühur etdilər. Mən Telefonumu işə salıb şəkil çəkməyimdə olum, sözü verim Aytən xanıma.

- Piroq satan balaca balalara, onların valideynlərinə, Telmanın sinifyoldaşlarına təşəkkür edirəm ki, məktəbi ayağa qaldırdılar. Telmanın bu gün ayaq üstə dayanmağı onların sayəsindədir. Azadın, Kəkliyin, Əsmərin, o biri uşaqların sayəsində.



Tempi qaldırmaqçun deyirəm:

- İndi özünüzü yaxşıca alqışlayın.

Aytən xanım davam edir:

- Uşaqlar otağıma gəlib deyəndə ki, gəlin Telmana görə birləşək, dedim ki, bacarmaram. Bunu sizinlə birgə bacardıq, uşaqlar.

Uşaqların üzündə sevinc Günəş kimi bayırda yağan yağışa, əsən küləyə meydan oxuyur.



Aybəniz xanım dözməyib meydanı əlinə alır:

- Son vaxtlar mətbuatda məktəblər haqqında xoşagəlməyən xəbərlər yayılır. Filan məktəbdə filan şey oldu. Biz də fəxrlə deyirik ki, bizim məktəbdə də bu cür xoş bir hadisə oldu.

Alqış səsləri zala yağış səsi kimi səpələnir.

Həm Telman ayaq üstə çox əziyyət çəkməsin deyə, həm də uşaqlar dərslərinə getsin deyə çıxışlar bitir, hamı dağılıışır. Telman, Aybəniz xanım, Oksana xanım üz tuturuq Aytən xanımın otağına.




- Oksana xanım, yəqin ki, ürəyiniz doludur. Danışmaq istəyirsiniz?

- Balam böyrək çatışmazlığından əziyyət çəkirdi, gününün 4 saatını aparata bağlı qalırdı. Məktəbə də gedə bilmirdi. Mən bir ana kimi buna dözə bilmirdim. Qərara gəldim ki, Telmanın sinif rəhbəri Aybəniz müəllimlə dərdimi bölüşüm ki, balama dəstək olsunlar. Aybəniz xanım müəllim olmağından əlavə həm də anadır. Məni başa düşdü. Direktor Aytən xanıma yaxınlaşdıq, dedik, o da dəstək olacağını dedi. Telmanın sinif yoldaşları da, məktəbin digər şagirdləri də əl-ələ verib aksiyala keçirtdilər, hətta analarına piroq bişirtdirib məktəblərin qarşısında satmaqla pul yığırdılar. Mən bu yaxşılığı necə dəyərlənmdirməyə bilərəm? Aytən xanıma da, şagirdlərə də, onların analarına da təşəkkür edirəm. Mənim balama ikinci həyat bəxş etdilər. Fəxr edirəm ki, azərbaycanlıyam, dövlətimiz belə müəllimlər yetişdirir. Hamının əllərindən öpürəm.



- Doğrudan da indiki dövrdə belə insanları görmək adamı kövrəldir.

- Xaricdə Telmanı əməliyyat edən həkimə danışdım ki, pulu qəpiyinə kimi necə yığıblar. Həkimin gözləri doldu, dedi, necə gözəl dövlətdə yaşayırsınız, deməli, hələ insanlıq ölməyib.



Söhbətləşib qurtarandan sonra məktəbin bufetində bir izdiham yaşanır. Telman üçün tort hazırlanıb, onun tortu kəsməyini gözləyir uşaqlar. Telman öz utancaqlağını ağzını, burnunu örtən maska ilə gizlətsə də, onu tort kəsməyə çağıranda "yox” deyən əlləri utancaqlığını ələ verir. Amma birtəhər razı salırıq. Dostları Əsmərlə, Azadla birgə tortu kəsirlər.



Necə ki, xeyirlə şər qardaşdır, necə ki, dünən Elina üçün üzülürük, bu gün Telman üçün sevinirik, bu uşaqlarda bir-birlərinə o cür qardaşdırlar. Uşaqlıq hay-həşiri bufeti götürür, tort dəhşətli bir hücuma məruz qalır. Bu şengamlığı mütləq ciyərlərimə qədər hiss etməliyəm, çıxıb bir siqaret çəksəm pis olmaz.

Qayıdan baş Oksana xanım əlində iki nimçə tort gülə-gülə Aytən xanımın otağına daxil olur. Tortdan sağ qalmış dilimlər baxıb köks ötürürəm. Səhərlə şirniyyat yeyə bilmirəm deyə dada bilməyəcəyim məni heyfsləndirir. Amma əsas içimə bir şirinlik çöksün, ağzım şirin olmasa da olar.

Koridora çıxıb bir az gəzişirəm. Öz məktəb illərim yadıma düşür. İndi məndən neçə köynək uzaq olduğunu bilmədiyim möhkəm dost olduğum uşaqlar yadıma düşür. Ayaqlarım məni yuxarı mərtəbəyə aparır. Koridor boyu işıq səpələyən pəncərələr mənə rus dili dərsində səs-küy salıb, koridorda bu pəncərələrin önündə tək ayaq üstündə dayandığım vaxtları xatırladır. Zamanın tələsi məni yavaş-yavaş özünə dartır. Gəlib pəncərələrin birinin önündə tək ayaq üstündə dayanıram. Amma o vaxtlarkı kimi ləzzət ala bilmirəm. Və qəfil pəncərədən üzü aşağı baxıram. Saat Elinaya işləyir. Bu dəqiqə o, dizləri ağrımasın deyə corabını dizinə qədər qaldıracaq, sonra dizlərini sürahiyə qoyub özünü qəfil aşağı atacaq.

Dik atılıb tez aşağı qaçdım. Aytən xanımın otağına girib hamıyla sağollaşdım. Telmanı bərk-bərk qucaqladım. Şükür ki, belə məktəblər var, nə yaxşı ki, belə müəllimlər, şagirdlər var. Şükür ki, Telmanı ölümün caynağından qurtardıq.

Məktəbin qapısından çıxıb pəncərələri də, uşaqları da Allaha tapşırıb gedirəm.

Adalet.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024