Mobil versiya
Cəbhə bölgəsi kəndinin 700 ballı prezident təqaüdçüsü
Tarix: 25-10-2015, 12:46 | Saat: 15:47:00
Bölmə:Təhsil / Manşet2 / Karusel | çapa göndər

Cəbhə bölgəsi kəndinin 700 ballı prezident təqaüdçüsü
Bu gün Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi sahələrdən biri gənclər siyasətidir. Gənclərin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirakına şərait yaratmaq, mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini təmin etmək məqsədini daşıyan bu siyasət dövlət proqramları səviyyəsində davam etdirilir.

Hər il ölkədə minlərlə gənc həm Azərbaycanın, həm də xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunur. Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü verilir. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edirlər. İmtahanlarda ən yüksək nəticə göstərərək 700 bal toplayan gənclər seçim etdikləri təhsil ocaqlarında "Prezident təqaüdçüsü" adını doğrultmağa çalışırlar.

Aia.az "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, belə tələbələrdən biri də Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi İlkin Məmmədzadədir. Redaksiyamızın qonağı olan "Prezident təqaüdçüsü" ilə söhbətdə onun təhsili və yeni həyatı ilə maraqlandıq. İlkin 1996-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. Düşmənlə həmsərhəd olan Çəmənli kəndinin Ziyəddin İsmayılov adına tam orta məktəbini bitirib. Orta məktəbdə əlaçı olan İlkin nənə və babasının yanında böyüyüb. Atası Rəfail Məmmədzadə hərbçidir və Azərbaycanın müxtəlif hərbi hissələrində çalışdığı üçün oğlunun tez-tez mühit və məktəb dəyişməsini istəməyib. Həm də bu prosesin İlkinin təhsilinə təsir edə biləcəyini düşünən valideynləri onun kənddə qalmasını məqsədəuyğun biliblər. Adətən, baba-nənə yanında qalan uşaqlar ərköyün böyüsələr də, İlkin bir qədər fərqlənib. Oxumağa marağının olması, həm də baba və nənəsinin məktəbdə müəllim işləməsi məsuliyyətini daha da artırıb. Bir sözlə, üzərində ciddi nəzarət olub. Orta məktəbi əla qiymətlərlə başa vurub. Seçimi isə tibb sahəsi olub. Səbəbini isə belə izah edir: "Uşaq vaxtından içimdə belə bir hiss olurdu ki, insanlara kömək etmək, əl tutmaq xoş bir niyyətdir. Xüsusən də xəstə insanlara yardım göstərmək, dərdlərinə şəfa tapmaq gözəl duyğudur. Bu səbəbdən də həkim olmağı qərara aldım. Məqsədim bu sahədə yüksək biliyə sahib olaraq Azərbaycan tibbinə töhfə vermək və savadlı bir həkim kimi xalqıma, dövlətimə xidmət etməkdir. Arzum isə odur ki, Ağdam düşmən işğalından azad olunsun və mən öz elimdə insanların qulluğunda durum. Düzdür, bu, o qədər də asan iş deyil, ancaq məqsədə nail olmaq üçün çox çalışıb istəyimi reallaşdıra bilərəm".

İlkin deyir ki, orta məktəbdə oxuyarkən az müddətdə repetitor yanına da gedib. İmtahanlara hazırlıq müddətində isə Bakıya gələrək hazırlıq kurslarında biliyini yoxlayıb. Eyni zamanda, sınaq imtahanlarında iştirak edib. Bu zaman 680, 685 bal toplayıb. Amma qəbul imtahanlarında 700 bal toplayacağına o qədər də inamı olmayıb. Əvvəllər hər gün dərsdən sonra hazırlıq üçün 3-4 saat vaxt ayırsa da, son ildə daha ciddi hazırlaşmağa başlayıb. Gündə 8-9 saat mütaliə ilə məşğul olub. Onun sözlərinə görə, özünə güvənən abituriyent imtahanda bütün sualların cavabını bilər. Ancaq bir qədər həyəcan, kiçik çaşqınlıq vəziyyəti dəyişər və bildiyin doğru cavabı belə, səhv qeyd edə bilərsən. Ona görə də tez-tez sınaq imtahanlarında iştirak etmək bu həyəcanı aradan qaldırır, insanda sərbəstlik yaradır.

TQDK-nın IV qrup üzrə keçirdiyi imtahanda 700 bal toplayan İlkin bir neçə ilklərə də imza atıb. İlk növbədə Çəmənli kəndi və ümumilikdə Ağdam üzrə ilk 700 bal toplayan tələbə kimi adını təhsildə rayon tarixinə yazdırıb. O həm də 2014-cü ildə 700 bal toplayıb Tibb Universitetinə qəbul olunan cəmi 2 nəfərdən biri olub. Onun qazandığı qələbə Ağdam rayonunda böyük sevinclə qarşılanıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov onu ictimaiyyət nümayəndələri qarşısında təbrik edərək mükafatlandırıb.

İlkin qazandığı qələbənin uğur formulunu orta məktəbdə yaxşı oxumaq, müntəzəm mütaliə ilə məşğul olmaqda və ən əsası, özünə inam hissində görür. Onun fikrincə, ali məktəbə qəbul olunanadək əziyyət çəkən hər bir şagird sonradan peşman olmadığını anlayır. Amma İ.Məmmədzadə hesab edir ki, 700 bal toplayaraq hər hansı bir universitetə qəbul olmaq hələ böyük uğur deyil: "Əgər özünə inanıb qarşına məqsəd qoyursansa, mütləq yüksək nəticə əldə edəcəksən. Bunun bəhrəsini görəndə anlayırsan ki, haradasa səhv bir hərəkət etsəydin, vaxtını boş yerə keçirsəydin çəkdiyin əziyyət hədər gedəcəkdi. Mən özümə inandım və məqsədimə çatmaq üçün çalışdım. Etiraf edim ki, 700 bal toplayanda elə bildim artıq böyük bir işin öhdəsindən gəldim və daha mənim üçün hər şey asan olacaq. Universitet təhsilinə başlayanda isə gördüm ki, mən hələ kiçik bir təpəni aşmışam. Məqsədimə, hədəflərimə çatmaq üçün qarşımda böyük sədlər varmış və uğurlar o sədləri aşmaqla başlayacaq. Ona görə də həm yüksəkliyə çıxmaq, həm də "Prezident təqaüdçüsü" adını sonadək doğrultmaq üçün çalışıram. İmtahanlara yaxşı hazırlaşıb qiymətləndirmədə ən yüksək nəticə olan "a" qiyməti alıram. Universitetdə təhsilin səviyyəsindən razıyam və yüksək nəticəni əldə etdikcə çox sevinirəm. İnanıram ki, orta məktəbdə aldığım yüksək qiymətləri ali məktəbdə də doğruldacağam. "Prezident təqaüdçüsü" adımı sonuncu kursa kimi özümün yüksək biliyim və bacarığımla qoruyacağam".

İlkin deyir ki, Tibb Universitetini bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək istəyir. Amma məqsədi gedəcəyi ölkədə biliyini daha da mükəmməlləşdirib, təcrübə toplayaraq Azərbaycana qayıtmaqdır. Onun sözlərinə görə, hazırda ölkəmizdə savadlı, təcrübəli həkimlərə ehtiyac var. Düzdür, Avropada təhsil alıb ölkəmizdə çalışan həkimlərin sayı artsa da, insanlar hələ də bəzi xəstəliklərin müalicəsi üçün xarici ölkələrə üz tuturlar. Ona görə də istənilən sahədə təcrübəli həkimlərin sayı çoxalmalı və insanlarda öz həkimlərimizə inam hissi formalaşmalıdır. Bunun üçün müəyyən qədər vaxt tələb olunur. İlkin Məmmədzadə inanır ki, yaxın gələcəkdə Azərbaycan tibb sahəsində də inkişaf etmiş ölkələr sırasında olacaq.

ATU-nun müalicə-profilaktika fakültəsinin II kurs tələbəsinin şagirdlərə, İmtahanlara hazırlaşanlara məsləhəti də oldu: "Bəzən deyirlər ki, yaxşı təhsil almaq üçün yaxşı imkanın, şəraitin olmalıdır. Bunlar olmasa gəncin oxumağa marağı olmur. Amma mən cəbhə bölgəsində düşmənlə üz-üzə dayanan bir kəndin yetirməsiyəm. Əgər mən Ağdamın Çəmənli kəndinin orta məktəbini bitirib ali məktəbə 700 balla qəbul olunuramsa, demək, istənilən kənd, rayon məktəbində özünə inamı olan şagird bunu reallaşdıra bilər. Sadəcə, həvəs, istək, məqsəd olmalıdır. Mən demirəm ki, bütün gününü dərsliklə keçirmək, oxumaq vacibdir. Hərdən idmanla məşğul olmaq, musiqi dinləmək də insanda müsbət enerji yaradır. Ona görə də gənclər biliklərə sahib olmaqla yanaşı, istirahətlərinə də fikir verməlidirlər. Amma müəyyən hədd çərçivəsində. Eyni zamanda, iradəli olmalıdırlar ki, hər hansısa xoşagəlməz vərdişdən uzaq düşsünlər. Bunları həyata keçirə bilsələr, uğur onlardan yan keçməyəcək"



5483 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031