Mobil versiya
MTN generalı özünü təqsirli bilmir - YENİLƏNİB
Tarix: 28-02-2017 | Saat: 18:34
Bölmə:Cəmiyyət | çapa göndər

MTN generalı özünü təqsirli bilmir - YENİLƏNİB





Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

AİA.Az-ın APA-ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə S.Qurbanovun vəkilləri tərəfindən verilən vəsatətlə bağlı məhkəmə qərarı elan edilib. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra istintaqının başlandığı elan edilib.

Dövlət ittihamçısı ittiham aktının S.Qurbanovla bağlı hissəsini elan edib. S.Qurbanov isə özünü təqsirli bilməyib

Proses martın 2-də davam edəcək.

----------

14:54

Bu gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə davam edib.

AİA.Az lent.az-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Məhkəmə haqqında təqsirləndirilən general Sübahir Qurbanovun vəkili Azər Tağıyev məlumat verib.

Vəkil bildirib ki, prosesdə 25 nəfər zərərçəkən şəxs mülki iddia ilə bağlı vəsatət qaldırıb.

Hakimlər kollegiyası vəsatəti təmin edib.

Həmçinin məhkəmədə Sübahir Qurbanovun səhhəti ilə bağlı vəkilləri vəsatətlə çıxış edib. Onlar Sübahir Qurbanov barəsində tibbi ekspertizanın keçirilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmə günün ikinci yarısında davam edəcək.

-------

14:13

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbər vəzifəli şəxsləri - general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə 25 zərərçəkmiş mülki iddianın icraata götürülməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Təqsirləndirilən S.Qurbanovun vəkili Azər Tağıyev jurnalistlərə açıqlamasında deyib ki, müvəkkili vəsatət qaldıraraq səhhətinin ağır olduğunu bildirib və müayinə olunması üçün tibbi ekspertizanın keçirilməsini istəyib. Hakim vəsatəti baxılmamış saxlayıb. Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri S.Qurbanov, T.Quliyev, N.Mürvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri F.Əliyev, Z.Məmmədov, N.Alıyev, F.Atayev, A.Şirəliyev, E.Əliyev, E.Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib.

Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər S.Qurbanov, F.Əliyev, Z.Məmmədov, N.Alıyev, T.Quliyev, N.Mrvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.

İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycanın baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024