Mobil versiya
Azərbaycanda yaxşı sərmayə mühiti var
Tarix: 27-06-2024 | Saat: 10:31
Bölmə:Özəl | çapa göndər

Azərbaycanda yaxşı sərmayə mühiti var

Son illər Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi daha geniş miqyas alıb. Artıq işğaldan azad edilmiş ərazilərimizdə - Şuşa, Cıdır düzü, Suqovuşanda beynəlxalq tədbirlərin, musiqi festivallarının, idman yarışlarının keçirilməsinə ev sahibliyi edir. Həmin tədbirlər daim dünyanın diqqət mərkəzində olur. Tanınmış televiziya kanallarının həmin tədbirlərdən reportajlar hazırlaması, həmçinin Prezident İlham Əliyevdən müsahibə alması dövlətimizin başçısının və ölkəmizin reytinqinin getdikcə artmasının nəticəsidir. Bu günlərdə Prezident İlham Əliyevin də müsahibəsinin yer aldığı “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb.
Azərbaycan daha mötəbər bir tədbirə - COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi naminə müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir. Belə tədbirlər ölkəmizin yaşıl gündəliyini nümayiş etdirir. Bununla yanaşı, Azərbaycanın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu təsdiqləyir. Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Ölkəmizin yaşıl gündəliyi nümayiş etdirməsi də bundan xəbər verir. Dövlətimizin başçısı “Euronews” televiziyasına verdiyi müsahibəsində də belə tədbirlərin xüsusi əhəmiyyətindən söhbət açıb və deyib ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaq. Hazırda ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Prezident, həmçinin qeyd edib ki, Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Milli enerji şəbəkəmizin gücləndirməsini prioritet hesab edən dövlətimizin başçısı deyib ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Qeyd edib ki, Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələlərin tərəfdaşlarımızla həll edilməsini vacib hesab edən Prezident İlham Əliyev bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməsinin zəruriliyini bildirib. Bakı Ekspo Mərkəzində keçirilən tədbirin əhəmiyyətini də diqqətə çatdırıb. Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdu. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Tədbir, öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.
Ev sahibliyi edən ölkə kimi, Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdır. Qarşıya qoyulan prioritet vəzifələrdən biri Azərbaycanın sədrliyi ilə keçirilən bütün tədbirlərdə və ondan sonra da elə bir mühit yaratmaqdır ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsinlər.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2024