Mobil versiya
Gülər Sultanzadə: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Heydər Əliyev irsinin ölməzliyinin daha bir sübutudur”
Tarix: 10-05-2024 | Saat: 14:06
Bölmə:Gündəm / Özəl | çapa göndər

Gülər Sultanzadə: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Heydər Əliyev irsinin ölməzliyinin daha bir sübutudur”

“Ulu Öndər Heydər Əliyev XX əsrin ən görkəmli siyasi və dövlət xadimlərindən biri olaraq təkcə Azərbaycanın deyil, həmçinin 70 il ərzində dünyanın ən qüdrətli və ən böyük dövləti olan keçmiş SSRİ-nin ictimai-siyasi həyatında yüksək vəzifələri tutmuş, ən mühüm iqtisadi, sosial və mədəni sahələrə rəhbərlik etmiş, bu sahələrin inkişafına misilsiz töhfələr vermişdir. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev faktiki olaraq, SSRİ-nin idarə olunmasını həyata keçirən əsas şəxslərdən biri olmuşdur. Hər zaman prinsipiallığı və qətiyyəti ilə seçilən Ulu Öndər 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün qadağalara rəğmən, hətta özü və ailəsi üçün yaranmış həyati təhlükəni belə gözə alaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş və burdan bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Həmin il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, burada Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir. Ulu Öndər Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışmışdır.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.

Daha sonra müsahibimiz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdığı bir məqamda xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs edib: “1991-1992-ci illər ərzində respublikada sürətlə davam edən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı dövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdən yeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi öz üzərinə götürməsində olduğunu zamanında görərək, Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Bundan sonra ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Ölkənin, xalqın, Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu yolda misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi xaos və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Təsadüfi deyil ki, dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və bu möhtəşəm strategiyanın həyata keçirilməsi üçün mühüm addımlar atdı.”

Fikirlərini davam etdirən G.Sultanzadə Ümummilli Liderimizin dövlət quruculuğu işinin ən mühüm istiqamətlərində böyük uzaqgörənliklə atdığı məqsədyönlü və zəruri addımların ölkəmizin bugünkü inkişaf səviyyəsinə çıxması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini bir daha diqqət mərkəzinə çəkib: “Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Bununla Ümummilli Lider xalqın tarixi yaddaşını özünə qaytarmış, eyni zamanda da müstəqil Azərbaycan respublikasının birbaşa Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulamışdır. Sözsüz ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında olan ən önəmli xidmətlərinın tükənməz sırasında qüdrətli Ordu quruculuğu sahəsində görülən işlər xüsusi yer tutur. Heydər Əliyev bu sahənin müstəsna əhəmiyyətini hələ sovet dönənimdə düzgün qiymətləndirərək, 1969-cu ildə respublikada hakimiyyətə gəlişindən dərhal sonra hərbi kadrların hazırlanması istiqamətində xüsusi səylər göstərməyə başladı. Qeyd olunmalıdır ki, müstəqilliyin ilk illərində mövcud olan, ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr 1993-cü ildən sonra Ali Baş Komandan cənab Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. Məhz Ulu Öndərimizin əsasını qoyduğu qüdrətli Azərbaycan Ordusu 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq 30 illik işğala son qoydu. Keçən ilin sentyabr ayında isə cəmi bir gün davam edən antiterror əməliyyatl nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu il ilk dəfə olaraq Azərbaycan xalqı öz Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü ölkəmizin istisnasız bütün ərazisində böyük təntənə ilə qeyd edəcək. Bu, Azərbaycanda olan xalq-iqtidar birliyinin ən böyük təntənəsi, Heydər Əliyev siyasi irsinin ölməzliyinin bariz nümayişidir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024