Mobil versiya
Novruzəli Aslanov: “Heydər Əliyevə Sovet dövlətinin idarəçiliyində ən ağır istiqamətlər tapşırılırdı”
Tarix: 24-04-2024 | Saat: 09:13
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Heydər Əliyevə Sovet dövlətinin idarəçiliyində ən ağır istiqamətlər tapşırılırdı”

“Bu günlərdə Rusiyada dünyanın ən böyük logistika layihələrindən biri olan Baykal-Amur Magistralının (BAM) tikintisinə başlanmasının 50 illiyi dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə keçirilən mötəbər tədbirdə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvətilə Moskvada rəsmi səfərdə olub. Qeyd etmək lazımdır ki, coğrafi baxımdan respublikamızdan çox uzaqda yerləşən bu dəmiryolu marşrutunun tikintisində azərbaycanlıların da böyük əməyi olub.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Ötən əsrin ən irimiqyaslı tikintilərindən biri olan BAM layihəsi barədə fikirlərini səsləndirən deputat bu layihənin reallaşmasında Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri olduğunu vurğulayıb: “BAM-ın reallaşmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məxsusi xidmətlərinin olması bu gün hər kəs tərəfindən, o cümlədən bu nəhəng tikintinin bilavasitə iştirakçıları tərəfindən etiraf olunur. Bu tarixi fakt Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə keçirdikləri görüşdə səsləndirilən fikirlərdə də bariz şəkildə öx əksini tapıb. Həmin görüşdə çıxış edən cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan inşaatçıları və mütəxəssisləri BAM üzərində iki dəmir yolu stansiyasını inşa ediblər. Bu dəmityolu magistralının tikintisinə ilk dəfə 1975-ci ildə gəlmiş azərbaycnlılardan ibarət inşaat dəstəsinin iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılır. Həmin dövrdə bu işlər Azərbaycana rəhbərlik edən Heydər Əliyevin daimi nəzarəti altında idi. Diqqətəlayiq haldır ki, azərbaycanlılar tərəfindən reallaşdırılan inşaatda məhz Ulu Öndərin tapşırıq və tövsiyələri ilə binaların, xüsusilə dəmiryolu vağzalının bəzədilməsində Azərbaycan ornamentlərindən geniş istifadə olunmuşdur. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsindən sonra Heydər Əliyevə ictimai və iqtisadi sahələrdə böhran yaşayan Sovet dövlətinin ən ağır istiqamətləri tapşırılırdı. O cümlədən məhz Heydər Əliyevin ciddi səyləri sayəsində 1984-cü ildə BAM-ın fəaliyyətə başlaması mümkün olmuşdu. Təsadüfi deyil ki, 2008-ci ilin iyulun 18-də Baykal-Amur magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib.”

N.Aslanov daha sonra Azərbaycan və Rusiya Prezidentlərinin aprelin 22-də keçirdikləri təkbətək görüşün ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə növbəti böyük töhvə olacağını qeyd edərək bunları deyib: “Məlum olduğu kimi, 2022-ci ilin fevral ayında Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanmışdır. Öz çıxışında bu önəmli məqama toxunan dövlət bşçımızın qeyd etdiyi kimi, həmin vaxtdan etibarən ölkələrimizin arasında əməkdaşlıq əlaqələri də məhz bu siyasi sənəd əsasında inkişaf etdirilir. Hazırda kifayət qədər geniş olan Azərbaycan-Rusiya gündəliyi özündə bir çox sahələrlə yanaşı nəqliyyat komponentini də əks etdirir. İki ölkəni və tərəfdaşlarını birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyət kəsb edir. Eyni zamanda Azərbaycan və Rusiya Prezidentləri arasında keçirilən görüşün gündəliyinə daxil olan ən vacib məsələlərdən biri əlbəttə ki, regional təhlükəsizliklə bağlıdır. Sevindirici haldır ki, bu məsələlər getdikcə öz həllini tapır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Rusiya istər Qafqazda və istərsə də daha geniş coğrafiyada regional təhlükəsizlik baxımından əsas ölkədir. Buna görə də ölkələrimiz arasında qarşılıqlı maraqlar əsasında əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi son dərəcə vacibdir və iki ölkənin dövlət başçıları arasında keçirilmiş növbəti görüş münasibətlərin dərinləşməsinə böyük töhfə olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024