Mobil versiya
20 oktyabr Zəngilan şəhəri günü-quruculuq və tərəqqinin yeni mərhələsi
Tarix: 19-10-2026 | Saat: 10:58
Bölmə:Siyasət | çapa göndər

20 oktyabr Zəngilan şəhəri günü-quruculuq və tərəqqinin yeni mərhələsi

1993-cü ildə Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan əhalisi 67 gün ərzində tam mühasirə şəraitində qalaraq erməni silahlı qüvvələrinə qarşı mübarizə aparmışdı. 1993-cü il oktyabrın 25-dən 29-dək davam edən qeyri-bərabər döyüşlər zamanı rayon sakinləri 235 nəfər şəhid və itkin vermiş, daha sonra Araz çayını keçərək İran İslam Respublikasının ərazisinə sığınmaqla xilas ola bilmişdilər. Əhalisinin sayı 45 mindən çox olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğaldan sonra rayon sakinləri məcburi köçkün vəziyyətinə düşərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdılar.

İşğal dövründə Zəngilanın zəngin tarixi və mədəni irsi də ciddi dağıntılara məruz qaldı. Rayon ərazisində yerləşən XVII əsrə aid İmam Hüseyn məscidi, XIX əsrə aid Malatkeşin, Qırıq Muşlan və Muşlan kənd məscidləri, Rəzdərə kənd məscidi, Xanazor və Yeməzli kəndlərindəki Alban kilsələri, Məmmədbəyli kəndində yerləşən XIV əsrə aid Səkkizguşəli türbə, Ağkənd kəndindəki Ziya Baba ocağı, Bartaz kəndindəki Xanazur türbəsi, Xanazor, Soltan Heydər, Günqışlaq və İzzə pirləri, eləcə də çoxsaylı digər türbələr, ziyarətgahlar və tarixi abidələr erməni vandalizminin hədəfinə çevrildi. Tarixi keçmişi qədim dövrlərə, bəzi abidələrin tarixi isə eramızdan əvvəl VI əsrə qədər uzanan bu mədəni irs nümunələri talan edildi, dağıdıldı və bir çoxu tamamilə məhv olundu.

Zəngilanın işğaldan azad edilməsinin Vətən müharibəsi zamanı qazanılmış mühüm hərbi uğurlardan biridir.2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu növbəti əhəmiyyətli qələbəsini əldə edib.Azərbaycan Silahlı Qüvvələrinin oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi istiqamətində başlatdığı hərbi əməliyyat cəmi iki gün sonra düşmən qüvvələrinin həmin ərazidə məğlub edilməsi ilə nəticələnib.

Vətən müharibəsinin ilk günlərində Zəngilanın şərqində yerləşən Cəbrayıl rayonunda Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirilən uğurlu əməliyyatlar və 30-dan artıq yaşayış məntəqəsinin azad olunması Azərbaycan Ordusunun Zəngilan rayonunun inzibati sərhədlərinə çatmasına imkan yaratmışdı. Zəngilan istiqamətində döyüş əməliyyatları Sərhəd Qoşunlarının Komandanlığının rəhbərliyi altında həyata keçirilirdi. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciətində Zəngilan şəhərinin və rayonun yeddi kəndinin işğaldan azad edildiyini bəyan etdi.

Ümumilikdə, Zəngilan uğrunda aparılan döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri rayonun mərkəzi olan Zəngilan şəhərini, dörd qəsəbəsini və 49 kəndini işğaldan azad etdi. Bu qələbə nəticəsində Azərbaycan ilə İran arasında dövlət sərhədinin bütövlüyü tam bərpa olundu. Zəngilanın azad edilməsinin tarixi əhəmiyyətini əbədiləşdirmək məqsədilə 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamlarına əsasən, rayonun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən, şəxsi igidlik və qəhrəmanlıq göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu həmin medalla təltif olundu.

Zəngilanın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmaqla yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş rayon sakinlərinin öz torpaqlarına qayıdışına da yol açdı. Bu qələbə Zəngilanın yenidən qurulması, tarixi irsinin bərpası və sosial-iqtisadi inkişafının təmin edilməsi üçün yeni imkanlar yaratdı.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə