Mobil versiya
Azər Kərimli: “Mərkəzi Asiya ilə Avropa arasında enerji əlaqələrinin gücləndirilməsi həm Azərbaycan, həm də tərəfdaş ölkələr üçün əlavə iqtisadi dividendlər yaradır”
Tarix: 08-10-2026 | Saat: 18:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Mərkəzi Asiya ilə Avropa arasında enerji əlaqələrinin gücləndirilməsi həm Azərbaycan, həm də tərəfdaş ölkələr üçün əlavə iqtisadi dividendlər yaradır”

“Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin sürətlə inkişaf etməsi son illərin diqqətçəkən geosiyasi reallıqlarından biridir. Bu münasibətlər artıq yalnız tarixi-mədəni yaxınlıq və siyasi dialoq çərçivəsində deyil, konkret iqtisadi layihələr, nəqliyyat əlaqələri və enerji əməkdaşlığı üzərindən də yeni məzmun qazanır. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışı bu reallığı bir daha nümayiş etdirdi. Mərkəzi Asiyanın dünya iqtisadiyyatında artan rolu Azərbaycanın qarşısında yeni imkanlar açır. Xüsusilə Şərq-Qərb istiqamətində yükdaşımaların genişlənməsi region ölkələrinin maraqlarını Azərbaycanın nəqliyyat infrastrukturu ilə daha sıx əlaqələndirir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir yol və dəmir yolu infrastrukturu, Bakı Limanı və Xəzər üzərindən formalaşan imkanlar Azərbaycanın bu prosesdə rolunu daha da artırır. Bu baxımdan Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil, müxtəlif dövlətləri bir-birinə bağlayan iqtisadi əməkdaşlıq platforması kimi qiymətləndirilə bilər. Mərkəzi Asiya ölkələrinin öz məhsullarını dünya bazarlarına çıxarmaq, yeni logistika imkanları əldə etmək marağı Azərbaycanın tranzit potensialı ilə üst-üstə düşür. Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində Azərbaycan bu prosesə əvvəlcədən hazırlaşaraq nəqliyyat infrastrukturunu məqsədyönlü şəkildə inkişaf etdirib.”

Bu fikirlər Milli Məclisin deputatı Azər Kərimlinin aia.az-a açıqlamasında yer alıb.


Parlament üzvü bildirib ki, əlaqələrin digər mühüm istiqaməti enerji sahəsidir: “Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi tanınır. İndi isə əməkdaşlığın gündəliyinə ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji də daxil olur. Mərkəzi Asiyanın bərpaolunan enerji potensialı ilə Azərbaycanın enerji infrastrukturu və ixrac imkanlarının bir araya gətirilməsi gələcəkdə daha geniş regional enerji əməkdaşlığının əsasını formalaşdıra bilər. Burada Azərbaycanın üstünlüyü yalnız enerji resurslarına malik olması ilə ölçülmür. Ölkəmiz enerji istehsalı, ötürülməsi və ixracı üzrə formalaşdırdığı infrastrukturu yeni dövrün tələblərinə uyğun şəkildə genişləndirir. Xəzər hövzəsinin potensialından istifadə etməklə Mərkəzi Asiya ilə Avropa arasında enerji əlaqələrinin gücləndirilməsi həm Azərbaycan, həm də tərəfdaş ölkələr üçün əlavə iqtisadi dividendlər yarada bilər. Prezident İlham Əliyevin Türkmənbaşı görüşündəki çıxışı göstərir ki, Bakı regional əməkdaşlığa yalnız milli maraqlar prizmasından yanaşmır. Azərbaycanın təşəbbüsləri tərəfdaş ölkələrin də iqtisadi potensialını üzə çıxarmağa, qarşılıqlı fayda əsasında yeni layihələr yaratmağa hesablanıb. Bu yanaşma ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Mərkəzi Asiya ilə əlaqələrin inkişafında siyasi etimad da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu dövlətlərlə münasibətlərində qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsas götürülür. Məhz belə siyasi mühit iqtisadi layihələrin reallaşması üçün daha əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin fəal diplomatik fəaliyyəti də bu etimadın möhkəmləndirilməsində mühüm amildir. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşləri formatında tamhüquqlu iştirakı da bu baxımdan təsadüfi deyil. Bu addım ölkəmizin region dövlətləri ilə münasibətlərinin artıq yeni səviyyəyə yüksəldiyini göstərir. Azərbaycan burada həm mövcud əməkdaşlıq imkanlarından yararlanan, həm də yeni təşəbbüslərlə çıxış edən tərəf kimi öz mövqeyini möhkəmləndirir. Əslində, Azərbaycanın Mərkəzi Asiya siyasətinin uğuru müxtəlif istiqamətlərin vahid strategiya daxilində birləşdirilməsindədir. Nəqliyyat yolları iqtisadi əlaqələri genişləndirir, enerji layihələri qarşılıqlı asılılığı artırır, siyasi dialoq isə bütün bu proseslərin davamlılığını təmin edir. Beləliklə, Xəzərin iki sahilində yerləşən ölkələr arasında əməkdaşlıq getdikcə daha sıx və çoxşaxəli xarakter alır” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2026