Mobil versiya
Rövşən Əliyev: "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan, onun hüquqları, rifahı, təhlükəsizliyi və gələcəyə olan inamı dayanır"
Tarix: 18-08-2026 | Saat: 09:28
Bölmə:Manşet / Özəl | çapa göndər

Rövşən Əliyev: "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan, onun hüquqları, rifahı, təhlükəsizliyi və gələcəyə olan inamı dayanır"

aia.az-ın suallarını Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Rövşən Əliyev cavablandırır.

Rövşən müəllim, uzun müddət humanitar sahədə çalışan şəxs kimi Azərbaycanda həyata keçirilən humanitar siyasət barədə nə deyə bilərsiz?

Azərbaycanda həyata keçirilən humanitar siyasətin əsas fəlsəfəsi insan amilinin ön plana çəkilməsidir. Həmçinin vətəndaşların sosial rifahının yüksəldilməsi və onların layiqli həyat şəraitinin təmin olunmasıda əsas prioritetdir. Bu siyasətin formalaşmasında və ardıcıl şəkildə həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən sosial-humanitar prioritetlər mühüm rol oynayır. Dövlət başçısının çıxışlarında və həyata keçirilən dövlət proqramlarında insan amili, sosial ədalət, vətəndaşların rifahının yüksəldilməsi və sosial müdafiənin gücləndirilməsi daim əsas istiqamətlərdən biri kimi önə çəkilir.
Son illərdə dövlət siyasətində sosial müdafiə mexanizmlərinin daha da gücləndirilməsi, sosial həssas əhali qruplarına dövlət dəstəyinin artırılması, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqətin genişləndirilməsi mühüm istiqamətlər kimi xüsusi əhəmiyyət kəsb edir.
Bu siyasətin humanitar məzmununun zənginləşdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial, humanitar, səhiyyə, təhsil, mədəniyyət və xeyriyyəçilik layihələri cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərilməsi, insanların sosial və mənəvi ehtiyaclarına həssas yanaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Mehriban xanım Əliyevanın fəaliyyətində xüsusilə uşaqların, ailələrin, sosial həssas qrupların və ehtiyacı olan insanların problemlərinə diqqət mühüm yer tutur. Bu fəaliyyət dövlətin sosial-humanitar siyasətinin cəmiyyətə daha geniş şəkildə çatdırılmasına və humanizm dəyərlərinin təşviqinə də xidmət edir.

Burada xüsusilə qeyd etmək lazımdır ki, humanitar siyasət yalnız maddi yardım göstərilməsi ilə məhdudlaşmır. Onun mahiyyətində insan ləyaqətinin qorunması, sosial ədalətin və bərabər imkanların təmin edilməsi, insanların cəmiyyətin inkişaf prosesində fəal iştirakına şərait yaradılması kimi mühüm prinsiplər dayanır.

Bu baxımdan humanitar siyasəti yalnız sosial yardım mexanizmi kimi qəbul etmək düzgün olmaz. Onun məramı insan kapitalının inkişafına, sosial həmrəyliyin gücləndirilməsinə və cəmiyyətdə qarşılıqlı məsuliyyət hissinin formalaşmasına xidmət edən kompleks dövlət siyasətidir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar təşəbbüsləri bir-birini tamamlayaraq Azərbaycanda insan amilinə əsaslanan sosial dövlət modelinin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, dövlət siyasətinin mərkəzində insan, onun hüquqları, rifahı, təhlükəsizliyi və gələcəyə olan inamı dayanır.

Dövlətin sosial siyasətində son illərdə hansı istiqamətləri xüsusi qeyd etmək olar?

İlk növbədə, sosial müdafiə sisteminin davamlı şəkildə genişləndirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması xüsusi diqqət çəkir. Əhalinin müxtəlif sosial qruplarına dövlət dəstəyinin gücləndirilməsi, sosial xidmətlərin daha əlçatan və keyfiyyətli olması, məşğulluq imkanlarının genişləndirilməsi, aztəminatlı ailələrin və sosial həssas qrupların müdafiəsinin təmin edilməsi, eləcə də sosial infrastrukturun inkişaf etdirilməsi bu siyasətin əsas istiqamətlərindəndir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın humanitar və sosial siyasətinin ən mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. İnsanların uzun illərdən sonra öz doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və dayanıqlı şəraitdə qayıtmasının təmin edilməsi yalnız yaşayış məntəqələrinin bərpası, yolların, məktəblərin, tibb müəssisələrinin və digər infrastrukturun yaradılması ilə məhdudlaşmır. Böyük Qayıdış, ilk növbədə, insanların öz doğma yurdları ilə yenidən bağlarının bərpa olunması, normal həyat şəraitinin yaradılması və gələcəyə inamın möhkəmləndirilməsi baxımından böyük humanitar missiyadır. Burada dövlətin sosial siyasəti ilə yanaşı, vətəndaş cəmiyyətinin, QHT-lərin və humanitar təşkilatların da mühüm rolu vardır.

Bu prosesdə əsas məqsəd yalnız insanların öz torpaqlarına qaytarılması deyil, onların həmin ərazilərdə təhlükəsiz, sağlam, sosial baxımdan təmin olunmuş və layiqli həyat şəraitində yaşamalarının təmin edilməsidir. Məhz bu baxımdan Böyük Qayıdış Azərbaycanın humanitar siyasətinin uzunmüddətli və strateji xarakter daşıyan mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.

QHT-lərin inkişafı üçün Azərbaycanda hansı şərait yaradılıb?

Vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkəmizdə qeyri-hökumət təşkilatlarının sosial, humanitar, ekoloji, təhsil, gənclər, könüllülük və digər ictimai əhəmiyyətli sahələrdə fəaliyyət göstərməsi üçün zəruri hüquqi və institusional imkanlar formalaşdırılıb.

Son illərdə dövlət–QHT əməkdaşlığının daha da genişləndirilməsi, vətəndaş təşəbbüslərinin dəstəklənməsi, müxtəlif sosial və humanitar layihələrin həyata keçirilməsi, qrant mexanizmlərindən istifadə imkanlarının yaradılması, eləcə də beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi vətəndaş cəmiyyətinin institusional potensialının güclənməsinə mühüm töhfə verib.
Hesab edirəm ki, müasir dövrdə dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq yalnız sosial problemlərin həlli baxımından deyil, həm də cəmiyyətin həmrəyliyinin, ictimai fəallığınn və sosial məsuliyyətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət–QHT tərəfdaşlığı nə qədər sistemli və səmərəli qurularsa, cəmiyyətin ehtiyaclarının müəyyənləşdirilməsi və həmin ehtiyaclara çevik, ünvanlı və effektiv cavab verilməsi də bir o qədər mümkün olar.

Bu baxımdan QHT-lərin dövlətin sosial siyasətinə dəstək verən, ictimai təşəbbüsləri səfərbər edən və cəmiyyətin müxtəlif təbəqələri ilə dövlət qurumları arasında əlaqələndirici rol oynayan mühüm institut kimi fəaliyyət göstərməsi çox vacibdir.

Rövşən müəllim, QHT-lərin sosial problemlərin həllində rolu nədən ibarətdir?

QHT-lər cəmiyyətin müxtəlif təbəqələri ilə birbaşa işləyirlər. Onlar insanların ehtiyaclarını yerində görür, problemləri daha çevik müəyyənləşdirir və müəyyən hallarda operativ müdaxilə edə bilirlər.
Xüsusilə humanitar sahədə QHT-lərin fəaliyyəti dövlət siyasətini tamamlayan mühüm mexanizm rolunu oynayır. Burada əsas məsələ dövlət və vətəndaş cəmiyyəti institutlarının rəqabəti deyil, əməkdaşlığıdır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu sahədə fəaliyyətini necə qiymətləndirirsiniz?

106 yaşı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ölkəmizin ən qədim və ən böyük humanitar təşkilatlarından biri kimi fəaliyyətini davam etdirir, cəmiyyətin ehtiyaclarına humanitar dəyərlər və insanpərvərlik prinsipləri əsasında cavab verməyə çalışır. AzQAC-ın fəaliyyətinin əsas fəlsəfəsi ehtiyacı olan insana yardım göstərmək, çətin vəziyyətə düşmüş insanların yanında olmaq, onların problemlərinin həllinə dəstək vermək və cəmiyyətdə həmrəylik, mərhəmət və qarşılıqlı hörmət dəyərlərini təşviq etməkdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlətin sosial və humanitar siyasətinin həyata keçirilməsində yardımçı qismində şıxış edir. Özünün humanitar prinsiplərinə, qanunvericiliyə və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə əsaslanan bir yanaşma ilə çalışır. Cəmiyyət dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının digər komponentləri, biznes strukturları, donor təşkilatlar və ən əsası, könüllülərlə sıx əməkdaşlıq edərək müxtəlif sosial və humanitar layihələr həyata keçirir.

AzQAC-ın fəaliyyət istiqamətləri sırasında sosial həssas əhali qruplarına dəstək göstərilməsi, təbii və digər fövqəladə hallarda humanitar layihələrin təşkili, sağlamlığın təşviqi, könüllülük fəaliyyətinin inkişaf etdirilməsi, humanitar maarifləndirmə, icmaların dayanıqlılığının artırılması və müxtəlif sosial layihələrin həyata keçirilməsi xüsusi yer tutur.
Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının mühüm nümunələrini görmək mümkündür. Dövlətin yaratdığı imkanlar, cəmiyyətin öz humanitar potensialı və könüllülərin fəallığı bir araya gəldikdə, insanların ehtiyaclarına daha çevik və ünvanlı şəkildə cavab vermək mümkün olur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mühüm üstünlüklərindən biri də onun ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən bölmələri və könüllü şəbəkəsi vasitəsilə insanların ehtiyaclarını yerində müəyyənləşdirə bilməsidir. Bu, humanitar fəaliyyətin yalnız yardımın çatdırılması ilə məhdudlaşmamasına, eyni zamanda insanların real ehtiyaclarının öyrənilməsinə və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin hazırlanmasına imkan yaradır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 106 illik təcrübəsi, geniş könüllü potensialı, beynəlxalq əlaqələri və yerli icmalarla sıx əməkdaşlığı gələcəkdə də ölkəmizdə humanitar və sosial layihələrin daha səmərəli həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.

Humanitar fəaliyyətdə dövlət və QHT əməkdaşlığının konkret əhəmiyyəti nədən ibarətdir?

Dövlət–QHT əməkdaşlığının mühüm üstünlüklərindən biri resursların, imkanların və insan potensialının daha səmərəli şəkildə səfərbər edilməsidir. Dövlət geniş institusional imkanlara, maliyyə və inzibati resurslara, hüquqi və təşkilati mexanizmlərə malikdir. QHT-lər isə, öz növbəsində, yerli icmalarla birbaşa işləmək, insanların real ehtiyaclarını daha yaxından müəyyənləşdirmək, könüllüləri səfərbər etmək və dəyişən vəziyyətlərə çevik reaksiya vermək imkanına sahibdir.

Bu iki potensialın bir araya gəlməsi humanitar fəaliyyətin həm əhatə dairəsini, həm də effektivliyini əhəmiyyətli dərəcədə artırır. Dövlətin yaratdığı imkanlarla QHT-lərin bu sahədəki təcrübəsi və çevik fəaliyyəti bir-birini tamamladıqda, dəstəyin daha düzgün ünvanlandırılması və insanlara daha operativ çatdırılması mümkün olur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində də bu əməkdaşlığın praktik nümunələrini görmək mümkündür. Dövlət qurumları ilə koordinasiya, yerli icmalarla əməkdaşlıq, könüllülərin fəal iştirakı və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının imkanlarından istifadə edilməsi humanitar fəaliyyətin daha sistemli və səmərəli təşkilinə şərait yaradır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin rolunu necə qiymətləndirirsiniz?

Könüllülər bizim fəaliyyətimizin əsas dayaqlarından biridir. Humanitar təşkilatın yalnız əməkdaşlarla böyük həcmli işləri həyata keçirməsi mümkün deyil. Könüllülərimiz müxtəlif sosial və humanitar aksiyalarda, maarifləndirmə tədbirlərində, fövqəladə hallara hazırlıq proqramlarında və digər layihələrdə fəal iştirak edirlər.

Könüllülük həm də cəmiyyətdə həmrəylik, qarşılıqlı yardım və humanizm dəyərlərinin gücləndirilməsinə xidmət edir.

Rövşən müəllim, humanitar dəstək göstərərkən əsas prinsipiniz nədir?

Əsas prinsipimiz insanı mərkəzə qoymaqdır. Humanitar fəaliyyətin mahiyyətində, ilk növbədə, ehtiyacları düzgün qiymətləndirmək, ehtiyacı olana obyektiv və ədalətli yanaşmaq dayanır. Dəstəyə ehtiyacı olan insanın sosial statusundan, maddi vəziyyətindən və digər fərqlərindən asılı olmayaraq, onun ehtiyaclarına həssas və qərəzsiz münasibət göstərilməsi bizim üçün əsas prinsiplərdəndir.
Humanitar yardım yalnız maddi dəstəyin göstərilməsi demək deyil. Bu yardım insan ləyaqətinə hörmət, mərhəmət, diqqət və mənəvi dəstəklə müşayiət olunmalıdır. Biz çalışırıq ki, yardım alan şəxs özünü yalnız yardımın ünvanı kimi deyil, cəmiyyətin tamhüquqlu və dəyərli üzvü kimi hiss etsin.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində də bu yanaşma xüsusi əhəmiyyət daşıyır. Bizim məqsədimiz yalnız insanların müəyyən bir problemini qısa müddət ərzində aradan qaldırmaq deyil, eyni zamanda onların özünəinamını və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.
Hesab edirəm ki, həqiqi humanizm insanın ehtiyacını görməklə yanaşı, onun ləyaqətini qorumağı bacarmaqdır. Məhz bu yanaşma humanitar fəaliyyəti sadəcə yardım prosesindən daha yüksək bir dəyərə – insan həmrəyliyinə və sosial məsuliyyətə çevirir.

Sonda, humanizm və həmrəylik dəyərlərinin cəmiyyətimizin gələcəyindəki rolunu necə görürsünüz?

Məncə, cəmiyyətin gücü yalnız onun iqtisadi imkanları və maddi resursları ilə ölçülməməlidir, əsas insanına verdiyi dəyərlə ölçülməlidir. Humanizm və həmrəylik bizi bir cəmiyyət kimi birləşdirən mənəvi dayaqlardır. Xüsusilə çətin anlarda bir-birimizin yanında olmaq, ehtiyacı olan insana dəstək göstərmək və heç kimi kənarda qoymamaq bizim milli dəyərlərimizin mühüm tərkib hissəsidir.

Bir-birimizə qayğı göstərməyi yalnız vəzifə deyil, mənəvi məsuliyyət kimi qəbul etməliyik. Çünki həmrəylik bir insanın digərinə uzatdığı əldən başlayır və zamanla bütöv bir cəmiyyətin gücünə çevrilir.

Rövşən müəllim, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun,

Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi:
Aysel Elnur
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-08-2026