Mobil versiya
Moskvanın Ankaraya sərt silah mesajı: Türkiyə geri addım atacaqmı?
Tarix: 17-08-2026 | Saat: 20:33
Bölmə:Özəl | çapa göndər

Moskvanın Ankaraya sərt silah mesajı: Türkiyə geri addım atacaqmı?



Rusiya ilə Türkiyə arasında Ukraynaya silah tədarükü məsələsi yenidən gərginlik yaradıb. Moskva Ankara və Vaşinqtondan Kiyevə böyük həcmdə silahların ötürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilməsini istəyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Konqresində açıqlanan sənədlərə istinad edərək söhbətin kifayət qədər böyük hərbi arsenaldan getdiyini bildirib. Onun sözlərinə görə, paketdə 12 çoxməqsədli raket sistemi, 2500-dən artıq kasetli sursat, 47 min ədəd 203 millimetrlik artilleriya mərmisi və 70 ATACMS əməliyyat-taktiki raketi qeyd olunur.
Moskvanın əsas narahatlığı Ukraynanın uzaq məsafələrdə yerləşən hədəflərə zərbə imkanlarının genişlənməsidir. Zaxarova belə böyük həcmdə silah transferinin Rusiya ilə həm Türkiyə, həm də ABŞ arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyini iddia edib.
Rusiya XİN rəsmisi Ankaranın müharibənin dayandırılması istiqamətində vasitəçilik təşəbbüsləri ilə paralel olaraq Ukraynaya silah ötürməsini də tənqid edib. Moskvanın mövqeyinə görə, belə bir siyasət qarşılıqlı etimada zərər verə bilər. Zaxarova Türkiyə və ABŞ-ın silah tədarükü ilə bağlı planlarına yenidən baxmasının məqsədəuyğun olduğunu bildirib.
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə Zaxarovanın açıqlamalarında Ankaraya yönəlmiş təzyiq elementlərinin olduğunu düşünür. Onun fikrincə, Moskva mümkün silah transferinin qarşısını almaq üçün Türkiyəyə siyasi mesaj göndərməyə çalışır.
Ekspert xatırladır ki, Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı yeni məsələ deyil. Ankaranın bundan əvvəl də Kiyevə müxtəlif hərbi məhsullar verdiyini bildirən Məhərrəmov hesab edir ki, Moskvanı hazırda daha çox narahat edən mümkün tədarükün miqyası və silahların döyüş imkanlarıdır.
Onun fikrincə, Türkiyə xarici və müdafiə siyasətində qərarlarını öz maraqlarına uyğun müəyyənləşdirir və Moskvanın bəyanatlarının Ankaranı avtomatik olaraq mövqeyindən çəkindirəcəyini gözləmək doğru olmaz.
Rövşən Məhərrəmov Rusiya-Türkiyə münasibətlərinin ciddi şəkildə pisləşməsinin Moskva üçün də böyük iqtisadi və geosiyasi nəticələr yarada biləcəyini düşünür. İki ölkə enerji, ticarət, turizm və regional təhlükəsizlik daxil olmaqla bir sıra mühüm sahələrdə geniş əlaqələrə malikdir.
Ekspert Türkiyə boğazlarının strateji əhəmiyyətinə də diqqət çəkərək Qara dənizdə hərbi gəmilərin keçidinin Montrö Konvensiyası ilə tənzimləndiyini vurğulayıb. Buna görə Ankara-Moskva münasibətlərində mümkün gərginliyin Qara dəniz təhlükəsizliyi baxımından da xüsusi əhəmiyyəti var.
Hazırda əsas sual Türkiyənin Ukraynaya nəzərdə tutulan silah paketinin reallaşdırılması istiqamətində hansı qərarı verəcəyidir. Ankara planı davam etdirərsə, məsələ Rusiya-Türkiyə münasibətlərində yeni siyasi gərginlik mövzusuna çevrilə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-08-2026