Mobil versiya
Putindən yeni təhlükə xəbərdarlığı: Rusiya üç istiqamətdə artan təzyiq görür
Tarix: 13-08-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Putindən yeni təhlükə xəbərdarlığı: Rusiya üç istiqamətdə artan təzyiq görür




Rusiya Prezidenti Vladimir Putin NATO-nun Asiya-Sakit Okean regionunda fəallığının artmasını və bölgədə yeni silah sistemlərinin yerləşdirilməsi perspektivini ölkəsinin təhlükəsizliyi üçün potensial təhdid adlandırıb. Rusiya liderinin açıqlamaları Moskvanın Qərblə qarşıdurmanı artıq yalnız Avropa istiqamətində deyil, Arktika və Sakit okean hövzəsində də qiymətləndirdiyini göstərir.

Putin bildirib ki, təhlükəsizlik baxımından gərginlik Asiya-Sakit Okean regionu ilə məhdudlaşmır və Arktikada da oxşar proseslər müşahidə olunur. O, xüsusilə Yaponiyanın siyasətini tənqid edərək Moskvanın Tokioya qarşı ərazi iddiasının olmadığını, əksinə, Kuril adaları ilə bağlı iddiaların Yaponiya tərəfindən irəli sürüldüyünü vurğulayıb. Rusiya lideri keçmişdə iki ölkə arasında daha konstruktiv münasibətlərin olduğunu, son illərdə isə Tokionun mövqeyinin dəyişdiyini bildirib.

Putin Qərb ölkələrinin Rusiya ticarət gəmilərinin hərəkətini məhdudlaşdırmaq istiqamətində mümkün addımlarına da toxunub. O xəbərdarlıq edib ki, Rusiya gəmilərinin harada baş verməsindən asılı olmayaraq ələ keçirilməsinə Moskva cavabsız qalmayacaq. Rusiya Prezidenti belə addımları beynəlxalq dənizçilik prinsiplərinə zidd hesab etdiyini bildirib.

Siyasi şərhçi Qulamhüseyn Əlibəylinin fikrincə, Putinin açıqlamalarının arxasında son illərdə regionda sürətlənən real geosiyasi proseslər dayanır. NATO Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya ilə əməkdaşlığı genişləndirərək Avro-Atlantik və Hind-Sakit okean təhlükəsizliyini bir-biri ilə əlaqəli istiqamətlər kimi nəzərdən keçirir. Bu əməkdaşlıq artıq yalnız siyasi dialoqla məhdudlaşmır, müdafiə sənayesi, yeni texnologiyalar, birgə istehsal və hərbi standartların uyğunlaşdırılması kimi sahələri də əhatə edir.

Ekspert hesab edir ki, NATO Asiyada klassik mənada yeni üzvlük sistemi yaratmasa da, regiondakı tərəfdaşları ilə hərbi-siyasi əlaqələrinin dərinləşməsi Moskvanı ciddi şəkildə narahat edir. Xüsusilə Yaponiya ilə əməkdaşlığın genişlənməsi Rusiya üçün əlavə strateji əhəmiyyət daşıyır. Bunun səbəblərindən biri də uzun illərdir Moskva və Tokio arasında mübahisə predmeti olan Kuril adalarıdır.

Kuril adalarının əhəmiyyəti yalnız ərazi mübahisəsi ilə məhdudlaşmır. Onların yerləşdiyi coğrafiya Rusiyanın Oxot dənizinə və Sakit okeanın şimal hissəsinə çıxışı, eləcə də bölgədəki hərbi imkanları baxımından mühüm rol oynayır. Buna görə Moskva Yaponiyanın ərazi iddialarını getdikcə daha çox strateji təhlükəsizlik prizmasından qiymətləndirir.

Putinin Arktika və Sakit okean istiqamətlərini eyni çıxışda qabartması da diqqət çəkir. Şimal Dəniz Yolu Rusiyanın həm iqtisadi maraqları, həm beynəlxalq ticarət imkanları, həm də Arktikadakı hərbi-strateji mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır. Moskva bu regiondakı təsir imkanlarının zəifləməsini istəmir.

Beləliklə, Rusiyanın təhlükəsizlik yanaşmasında Avropa, Arktika və Sakit okean istiqamətləri getdikcə vahid geosiyasi xəttə çevrilir. Ukrayna müharibəsi fonunda Qərblə münasibətlərin kəskinləşməsi Moskvanın digər regionlarda baş verən proseslərə münasibətini də dəyişdirib. Rusiya rəhbərliyi NATO-nun Asiyadakı tərəfdaşları ilə yaxınlaşmasını Avropadakı qarşıdurmanın coğrafiyasının genişlənməsi kimi qiymətləndirir.

Putinin Sakit Okean Donanmasının imkanlarının artırılması ilə bağlı yeni tapşırıqlar veriləcəyini açıqlaması Moskvanın yalnız siyasi bəyanatlarla kifayətlənmək niyyətində olmadığını göstərir. Qarşıdakı dövrdə Rusiyanın regiondakı hərbi mövcudluğunu gücləndirməsi, NATO-nun isə Yaponiya və digər tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməsi Sakit okean və Arktikanı qlobal rəqabətin əsas istiqamətlərindən birinə çevirə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2026