Mobil versiya
Naxçıvanın regional nəqliyyat sistemində strateji rolu güclənir
Tarix: 13-08-2026 | Saat: 15:28
Bölmə:Siyasət | çapa göndər

Naxçıvanın regional nəqliyyat sistemində strateji rolu güclənir

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana budəfəki səfəri bir daha nümayiş etdirdi ki, qədim diyarın inkişafı ayrı-ayrı layihələrin həyata keçirilməsi ilə yekunlaşan proses deyil. Burada təhlükəsizlik, enerji, iqtisadi inkişaf, sosial rifah və şəhərsalmanı vahid və uzunmüddətli strategiya çərçivəsində birləşdirən kompleks yanaşma formalaşır. Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər də bu sistemli inkişaf modelinin əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu.

Naxçıvanın gələcəyi baxımından ilk və əsas prioritet, şübhəsiz ki, təhlükəsizlikdir. Dövlət başçısının vurğuladığı kimi, muxtar respublikanın mürəkkəb coğrafi mövqeyi burada təhlükəsizlik məsələlərinə xüsusi yanaşmanı zəruri edir. Əlahiddə Ümumqoşun Ordunun müasir silah və texnika ilə təmin edilməsi, yeni komando hərbi hissələrinin yaradılması Naxçıvanın müdafiə imkanlarının daim gücləndirildiyini və təhlükəsizliyin dövlət siyasətində xüsusi yer tutduğunu göstərir.

Naxçıvan Sənaye Parkının təməlinin qoyulması isə iqtisadi inkişafın yeni mərhələsinin mühüm başlanğıcı kimi qiymətləndirilə bilər. Parkın yaradılması yeni istehsal müəssisələrinin fəaliyyətə başlamasına, əlavə iş yerlərinin açılmasına və investisiyaların cəlb olunmasına geniş imkanlar yaradacaq. Burada 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının planlaşdırılması isə sənaye inkişafı ilə enerji siyasətinin paralel və qarşılıqlı şəkildə həyata keçirildiyini göstərir.

Naxçıvanın enerji sektorunda da yeni perspektivlər formalaşır. Qarşıya qoyulan məqsəd yalnız muxtar respublikanın daxili enerji tələbatını qarşılamaqdan ibarət deyil. Əsas hədəflərdən biri gələcəkdə Naxçıvanın enerji ixrac edən mühüm mərkəzə çevrilməsidir. Günəş və su elektrik stansiyalarının inkişaf etdirilməsi, günəş enerjisi istehsalının minimum 500 meqavat, potensial olaraq isə 1000 meqavat həddinə çatdırılması imkanları, eləcə də enerji saxlanc sistemlərinin qurulması bu hədəfin kifayət qədər real əsaslara malik olduğunu göstərir. Beləliklə, Naxçıvan yalnız enerji təhlükəsizliyini təmin edən ərazi deyil, eyni zamanda regional enerji əməkdaşlığında öz rolunu genişləndirən mühüm mərkəzə çevrilə bilər.

Səfər zamanı sosial və nəqliyyat sahəsində nəzərdə tutulan layihələrin də diqqət mərkəzində olması inkişaf prosesinin əsas hədəfində insan amilinin dayandığını göstərdi. Regional DOST Mərkəzinin fəaliyyətə başlaması sosial xidmətlərin vətəndaşlar üçün daha əlçatan olmasına imkan verəcək. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi isə şəhər nəqliyyatında müasir və ekoloji tələblərə uyğun yanaşmanın gücləndirilməsinə xidmət edir. 217 müasir avtobusun alınması, 420 kilometr uzunluğunda yolların tikintisi və təmiri ilə bağlı planlar yenilənmə prosesinin yalnız şəhər mərkəzi ilə məhdudlaşmayacağını, yaşayış məntəqələrini də əhatə edəcəyini göstərir.

Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafını müəyyənləşdirəcək Baş Planın hazırlanması da xüsusi strateji əhəmiyyət daşıyır. Bu sənəd şəhərsalma və urbanizasiya proseslərinin gələcəyə hesablanmış vahid konsepsiya əsasında həyata keçirilməsinə imkan verəcək. Beşulduzlu mehmanxana kompleksinin təməlinin qoyulması isə Naxçıvanın zəngin tarixi-mədəni irsi və təbii imkanları əsasında turizm potensialının daha geniş şəkildə istifadəsinə yeni imkanlar açacaq.

Cənab Prezident İlham Əliyevin səfərinin əsas mesajlarından biri ondan ibarətdir ki, artıq Naxçıvanla bağlı yanaşma yalnız mövcud çətinliklərin aradan qaldırılması ilə məhdudlaşmır. Əsas məqsəd muxtar respublikanın malik olduğu böyük imkanları tam şəkildə üzə çıxarmaq və onun inkişaf potensialını daha yüksək səviyyəyə çatdırmaqdır. Təhlükəsizlik sistemi möhkəmləndirilən, enerji imkanları genişləndirilən, sənaye potensialı artırılan, müasir şəhərsalma və sosial layihələrlə yenilənən Naxçıvan Azərbaycanın ümumi inkişaf strategiyasında getdikcə daha mühüm mövqeyə sahib olur. Bütün bunlar dövlət siyasətinin ardıcıl xarakter daşıdığını və Naxçıvanın gələcək inkişafına yüksək inamın olduğunu aydın şəkildə nümayiş etdirir.

Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2026