Mobil versiya
Müharibə vəziyyətində olan dövlətlərlə dostluq – Bakı nümunəsi
Tarix: 07-08-2026 | Saat: 17:47
Bölmə:Siyasət | çapa göndər

Müharibə vəziyyətində olan dövlətlərlə dostluq – Bakı nümunəsi


Rusiya-Ukrayna müharibəsi Avropa və postsovet məkanında siyasi xətləri kəskin şəkildə ayırıb. Bir çox dövlətlər ya Qərb koalisiyasının, ya da Moskvanın mövqeyinə yaxınlaşmağa üstünlük veriblər. Azərbaycan isə bu bölgüdən kənarda qalmağa və hər iki tərəflə siyasi dialoqu davam etdirməyə çalışır.

Bu, milli maraqlar baxımından ən düzgün strategiyadırmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Azərbaycan öz xarici siyasətində milli maraqlara, beynəlxalq hüquq normalarına arxalanan mövqeyini davam etdirir. Bu, ən düzgün strategiyadır və siyasət Azərbaycana uğur gətirir:

“Bu siyasət eyni zamanda ölkənin regional əhəmiyyətini artırır. Çünki müxtəlif siyasi mərkəzlərlə eyni vaxtda işləyə bilən dövlətlər beynəlxalq münasibətlərdə daha geniş manevr imkanlarına malik olurlar. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun şəkildə, hər iki ölkənin suveren hüquqlarına hörmət edilməklə həllinin tərəfdarı olduğunu bəyan edib. Bu mövqeyində bu gün də qalır. Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə 2022-ci ildən bəri münasibətlərini davam etdirib, hətta inkişaf etdirmək üçün səylər göstərib. Xarici işlər nazirinin Moskvadan sonra Kiyevə səfəri Azərbaycanın hansısa tərəfə yaxınlaşmasının deyil, məhz heç bir tərəflə əlaqələri qoparmamaq və hər iki tərəflə əlaqələri dərinləşdirmək strategiyasının növbəti nümayişidir. Hər iki paytaxtın Bakı ilə əməkdaşlığa maraqlı olduğu ortadadır. Çünki Azərbaycanın etibarlı tərəfdaş imici formalaşıb. Azərbaycanın bir dövlətlə əlaqələrinin möhkəmlənməsi qarşı tərəfdəki dövlətə qarşı olmayıb. Azərbaycanın hətta bir-biri ilə müharibə vəziyyətində olan dövlətlərlə əlaqələrini eyni vaxtda uğurla davam və inkişaf etdirməsi dünya ölkələri üçün bir yaxşı nümunədir. Bu düzgün siyasət Azərbaycanın müxtəlif istiqamətlərdə imkanlarını genişləndirir”.

Ekspert qeyd edib ki, Azərbaycan artıq yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, enerji və logistika mərkəzlərindən biridir:

“Azərbaycan regionda baş verən əsas siyasi proseslərdən kənarda qalan deyil, onların formalaşmasında söz sahibi olan aktorlardan biridir. Bu isə ölkənin yalnız hərbi və iqtisadi deyil, diplomatik gücünün də artdığını göstərən mühüm göstəricilərdən hesab oluna bilər. Bu reallığı Rusiya da qəbul edir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-08-2026