Mobil versiya
Tovuz Döyüşləri – Milli Birliyin, Güclü Ordunun və Böyük Zəfərə Aparan Yolun Tarixi Sınağı
Tarix: 10-07-2026 | Saat: 11:35
Bölmə:Özəl | çapa göndər

Tovuz Döyüşləri – Milli Birliyin, Güclü Ordunun və Böyük Zəfərə Aparan Yolun Tarixi Sınağı

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərini iriçaplı silahlar və artilleriya qurğularından intensiv atəşə tutdu. Nəticədə mülki əhali arasında ölən və yaralananlar oldu, yaşayış evlərinə və mülki infrastruktura ciddi ziyan dəydi. Azərbaycan Ordusu dərhal cavab tədbirləri həyata keçirərək düşmənin hücumunun qarşısını aldı. Qısa müddətdə Ermənistan ordusunun dayaq məntəqələri, hərbi texnikası, artilleriya qurğuları və canlı qüvvəsi dəqiq zərbələrlə məhv edildi. Beş gün davam edən döyüşlər Azərbaycanın hərbi üstünlüyünü və ordumuzun yüksək hazırlıq səviyyəsini bir daha nümayiş etdirdi.
2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri Azərbaycanın müasir hərb tarixində xüsusi yer tutur. Bu döyüşlər təkcə Ermənistanın növbəti hərbi təxribatının qarşısının alınması ilə yadda qalmadı, həm də Azərbaycan xalqının milli birliyini, Ordumuzun peşəkarlığını və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Tovuz istiqamətində qazanılan uğur sonradan baş verəcək 44 günlük Vətən müharibəsinin mənəvi, siyasi və hərbi əsaslarını formalaşdıran mühüm mərhələ oldu. Tovuz rayonu Qarabağ bölgəsindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycanın strateji baxımdan ən mühüm ərazilərindən biridir. Məhz bu istiqamətdən ölkəmizin enerji və nəqliyyat layihələri – Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və digər beynəlxalq kommunikasiya xətləri keçir. Ermənistanın məhz bu istiqamətdə təxribat törətməsi təsadüfi deyildi. Məqsəd Azərbaycanın strateji layihələrinə təhlükə yaratmaq, regionda sabitliyi pozmaq və beynəlxalq ictimaiyyətin diqqətini başqa istiqamətə yönəltmək idi.
Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri misilsiz şücaət göstərdilər. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və digər igid hərbçilər Vətən uğrunda döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Onların qəhrəmanlığı Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. General-mayor Polad Həşimovun şəhid olması cəmiyyətimizdə dərin hüzn doğurmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da gücləndirdi. Azərbaycanın müxtəlif şəhərlərində minlərlə insan şəhidlərimizi son mənzilə yola salmaq üçün küçələrə çıxdı, Ordumuza dəstəyini nümayiş etdirdi və Vətən uğrunda mübarizəyə hazır olduğunu bəyan etdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Tovuz döyüşləri ilə bağlı bildirmişdir:
"Mən göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır. Onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxartmasınlar."
Bu qətiyyətli mövqe Azərbaycan dövlətinin öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq əzmindən irəli gəlirdi. Tovuz döyüşlərinin ən mühüm nəticələrindən biri Azərbaycan cəmiyyətində misilsiz milli birlik və vətənpərvərlik ruhunun formalaşması oldu. Minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək cəbhəyə yollanmaq istədiyini bildirdi. Bu, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini və dövlətinə sonsuz sədaqətini nümayiş etdirirdi. Tovuz hadisələri beynəlxalq ictimaiyyət tərəfindən də diqqətlə izlənildi. Bir çox dövlətlər tərəfləri gərginliyi azaltmağa çağırdı. Qardaş Türkiyə isə ilk gündən Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstəyini ifadə etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərini açıq şəkildə bəyan etdilər. Bu dəstək Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin və "Bir millət, iki dövlət" prinsipinin növbəti təzahürü oldu. Hərbi ekspertlərin də qeyd etdiyi kimi, Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinin sınaq mərhələsi idi. Bu döyüşlər zamanı Azərbaycan Ordusu həm taktiki üstünlüyünü nümayiş etdirdi, həm də düşmənin zəif tərəflərini öyrənmək imkanı qazandı. Ordumuzun peşəkarlığı, müasir silah sistemlərindən istifadə bacarığı və komandanlığın düzgün qərarları sonrakı böyük Zəfərin əsasını təşkil etdi.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi. Şuşanın azad edilməsi ilə nəticələnən tarixi Zəfər məhz Tovuz döyüşlərində formalaşan milli ruhun və döyüş əzminin davamı idi. Daha sonra 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz silahlı birləşmələrin mövcudluğuna tamamilə son qoyuldu və Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Beləliklə, Tovuz döyüşləri ilə başlayan qətiyyət yolu Azərbaycanın tam Qələbəsi ilə yekunlaşdı. Bu gün Tovuz döyüşləri yalnız hərbi hadisə kimi deyil, həm də milli birliyin, güclü dövlətin və peşəkar ordunun rəmzi kimi qiymətləndirilir. Həmin günlərdə şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi daim ehtiramla anılır. Onların göstərdiyi şücaət Azərbaycan gəncliyi üçün vətənpərvərlik məktəbi, gələcək nəsillər üçün isə əbədi örnəkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordularından birinə çevrilmişdir. Müasir silahlanma, peşəkar hazırlıq, yüksək döyüş ruhu və xalq-ordu birliyi ölkəmizin təhlükəsizliyinin əsas təminatıdır.
Tovuz döyüşləri sübut etdi ki, Azərbaycan heç vaxt öz torpaqlarına qarşı yönəlmiş təxribatlarla barışmayacaq. Dövlətimizin siyasi iradəsi, Ordumuzun gücü və xalqımızın həmrəyliyi istənilən təhlükənin qarşısını almağa qadirdir. Məhz buna görə də Tovuz döyüşləri müasir Azərbaycan tarixində Böyük Zəfərə aparan yolun başlanğıcı, milli qürurumuzun və dövlətçilik iradəmizin parlaq təcəssümü kimi əbədi yaşayacaq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-07-2026