Mobil versiya
Səttar Möhbalıyev: "İslam İnkişaf Bankının Bakı toplantısı Azərbaycanın yeni inkişaf mərhələsinin və qlobal nüfuzunun təsdiqi oldu"
Tarix: 19-06-2026 | Saat: 10:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: "İslam İnkişaf Bankının Bakı toplantısı Azərbaycanın yeni inkişaf mərhələsinin və qlobal nüfuzunun təsdiqi oldu"

2026-cı il iyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları təkcə beynəlxalq maliyyə tədbiri deyil, həm də Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolunun, qazandığı siyasi nüfuzun və formalaşdırdığı yeni geosiyasi reallıqların təqdimatı oldu. Cənab Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında Azərbaycanın iqtisadi inkişaf modelini, xarici siyasət fəlsəfəsini, enerji və nəqliyyat strategiyasını, Qarabağ həqiqətlərini və gələcək prioritetlərini geniş şəkildə beynəlxalq auditoriyanın diqqətinə çatdırdı.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, bu çıxış əslində müasir Azərbaycanın son 35 illik inkişaf tarixinin siyasi hesabatı və gələcəyə baxış konsepsiyası kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan ilə İslam İnkişaf Bankı arasında formalaşmış strateji əməkdaşlığın vurğulanması oldu. Dövlət başçısı xatırlatdı ki, Azərbaycan ikinci dəfədir Bankın İllik Toplantısına ev sahibliyi edir. İlk toplantı 2010-cu ildə keçirilmişdi. Həmin dövr Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişləndirilməsi baxımından mühüm mərhələ olmuşdu. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan artıq yalnız maliyyə dəstəyi alan ölkə deyil, regional layihələrin təşəbbüskarı, maliyyələşdiricisi və icraçısı kimi çıxış edir. Bu isə ölkənin iqtisadi potensialının və beynəlxalq etimadının artmasının göstəricisidir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri siyasi sabitlik məsələsi oldu. Müasir dünyada geosiyasi böhranların, müharibələrin və iqtisadi təlatümlərin artdığı bir şəraitdə Azərbaycan sabit inkişaf modelini qoruyub saxlaya bilib. Dövlət başçısının qeyd etdiyi kimi, müstəqilliyin ilk illərində yaşanan müharibə, işğal və daxili siyasi böhranlardan sonra ölkədə formalaşan sabitlik bütün uğurların təməlini təşkil edib. Bu gün Azərbaycanın siyasi sabitliyi, sosial təhlükəsizliyi, iqtisadi dayanıqlılığı və maliyyə müstəqilliyi ölkəni regionun aparıcı dövlətlərindən birinə çevirib. Əslində cənab Prezidentin çıxışında verilən əsas mesajlardan biri də budur ki, inkişafın alternativi sabitlikdir və Azərbaycan bu sabitliyi milli maraqlara söykənən siyasət hesabına təmin edib. Çıxışın mühüm hissələrindən biri Azərbaycanın beynəlxalq nüfuzuna həsr olundu. Cəna Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilməsini, 120 üzvlü Qoşulmama Hərəkatı-na yekdilliklə sədr seçilməsini və sədrlik müddətinin yenidən uzadılmasını ölkəyə göstərilən beynəlxalq etimadın təzahürü kimi qiymətləndirdi. Bu fikirlər əslində Azərbaycanın son illərdə formalaşdırdığı xarici siyasət modelinin uğurunu göstərir. Azərbaycan heç bir siyasi blokun tərkibində olmadan, milli maraqlara əsaslanan müstəqil siyasət yürüdərək həm Şərqdə, həm Qərbdə, həm də İslam dünyasında etibarlı tərəfdaş statusu qazanıb. Cənab Prezident İlham Əliyevin çıxışında enerji siyasəti xüsusi yer tutdu. Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və beynəlxalq enerji dəhlizlərinin əsas iştirakçılarından biridir. Əslində son illər ərzində Azərbaycanın həyata keçirdiyi enerji layihələri yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi, Trans-Anadolu və Trans-Adriatik marşrutları vasitəsilə Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirən ölkələrdən birinə çevrilib. Cənab Prezidentin çıxışında səsləndirilən “enerji təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsidir” fikri bugünkü beynəlxalq münasibətlər sisteminin reallığını tam əks etdirir.

Millət vəkili onu da bildirib ki, Dövlət başçısı Azərbaycanın nəqliyyat-logistika potensialından da geniş bəhs etdi. Ölkənin coğrafi mövqeyi Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı Avrasiyanın mühüm tranzit mərkəzinə çevirib. Bu gün Bakı yalnız enerji deyil, həm də logistika və nəqliyyat mərkəzi kimi çıxış edir. Cənab Prezidentin qeyd etdiyi kimi, məqsəd Azərbaycan ərazisindən keçən yüklərin həcmini iki dəfə artırmaqdır. Bu isə ölkənin gələcək iqtisadi inkişaf strategiyasında nəqliyyat sektorunun əsas istiqamətlərdən biri olacağını göstərir. Çıxışın iqtisadi hissəsində səslənən rəqəmlər Azərbaycanın uğurlu inkişaf modelini bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin məlumatına görə ÜDM-də qeyri-neft sektorunun payı artıq 70 faizdən çoxdur, xarici borc ÜDM-in cəmi 6 faizini təşkil edir, valyuta ehtiyatları xarici borcu təxminən 20 dəfə üstələyir, yoxsulluq və işsizlik təxminən 5 faiz səviyyəsinə enib. Bu göstəricilər Azərbaycanın iqtisadi müstəqilliyinin və maliyyə dayanıqlığının mühüm göstəricisidir. Dünyada borc yükü altında qalan dövlətlərin sayının artdığı bir dövrdə Azərbaycanın maliyyə siyasəti beynəlxalq maliyyə institutları tərəfindən nümunəvi model kimi qiymətləndirilir. Cənab Prezident İlham Əliyevin çıxışının ən mühüm siyasi hissəsi Qarabağ mövzusu ilə bağlı oldu. Dövlət başçısı Ermənistanın işğal siyasətini, beynəlxalq təşkilatların ikili standartlarını və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan 30 illik işğala son qoyub, 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb, 2023-cü ildə suverenliyini tam bərpa edib. Bu gün isə artıq regionda yeni reallıq yaranıb. Ən mühüm məqamlardan biri Azərbaycanın qalib dövlət kimi sülh təşəbbüsü ilə çıxış etməsi barədə verilən mesaj oldu. Bu, Azərbaycanın regional təhlükəsizlik və əməkdaşlıq platformasının əsas müəllifi olduğunu göstərir.
Cənab Prezident İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə də geniş məlumat verdi. Dedi ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda 90 minə yaxın insan yaşayır, bölgəyə 17 milyard dollara yaxın investisiya yönəldilib, beynəlxalq hava limanları istifadəyə verilib, yollar, tunellər, körpülər və enerji infrastrukturu qurulub. Bu rəqəmlər göstərir ki, Qarabağ artıq postmünaqişə bölgəsi deyil, Azərbaycanın yeni iqtisadi inkişaf məkanına çevrilməkdədir. Cənab Prezidentin çıxışında diqqət çəkən digər istiqamət yaşıl enerji siyasəti oldu. 2032-ci ilə qədər Azərbaycanda 8 giqavat həcmində günəş və külək enerjisi istehsalı planlaşdırılır. Bu, ölkənin enerji siyasətində yeni mərhələnin başlandığını göstərir.

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantısında cənab Prezident İlham Əliyevin çıxışı müasir Azərbaycanın inkişaf fəlsəfəsinin ümumiləşdirilmiş ifadəsi kimi qiymətləndirilə bilər. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan siyasi sabitliyi qoruyan, iqtisadi müstəqilliyini təmin edən, beynəlxalq nüfuzunu artıran, enerji və nəqliyyat sahəsində qlobal oyunçuya çevrilən, Qarabağda yeni inkişaf modeli yaradan, yaşıl enerji dövrünə hazırlanan güclü dövlətdir. Bakıda keçirilən bu mötəbər toplantı isə Azərbaycanın İslam dünyasında, beynəlxalq maliyyə sistemində və qlobal siyasi-iqtisadi məkanında artan rolunun növbəti təsdiqi kimi tarixə düşdü-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2026