Mobil versiya
Bakıda keçirilən WUF13 Azərbaycanın Yeni İnkişaf Mərhələsini Dünyaya Təqdim Edir
Tarix: 19-05-2026 | Saat: 19:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bakıda keçirilən WUF13 Azərbaycanın Yeni İnkişaf Mərhələsini Dünyaya Təqdim Edir

Prezident İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinin beynəlxalq təqdimatı kimi xüsusi əhəmiyyət daşıyır. Bu gün WUF13 platforması vasitəsilə Azərbaycan bir tərəfdən özünün müasir şəhərsalma və bərpa təcrübəsini beynəlxalq ictimaiyyətə nümayiş etdirir, digər tərəfdən isə yeni investisiya və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm mesajlar verir. Dövlət başçısının çıxışında dayanıqlı şəhərsalma, ekoloji təhlükəsizlik, innovativ idarəetmə və insan amilinin ön plana çəkilməsi Azərbaycanın gələcəyə hesablanmış dövlət siyasətinin əsas prioritetlərini bir daha nümayiş etdirir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçının olması tədbirin beynəlxalq miqyasını və Azərbaycana olan böyük marağı aydın şəkildə göstərir. Dövlət başçısının WUF13-ü COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi qiymətləndirməsi Azərbaycanın artıq qlobal səviyyəli siyasi, iqtisadi və humanitar platformaların əsas ünvanlarından birinə çevrildiyini təsdiqləyir. Bu fakt eyni zamanda ölkəmizin beynəlxalq etimad mühitində artan nüfuzunun, təhlükəsizlik və sabitlik modelinin göstəricisi kimi də xüsusi önəm daşıyır.

Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Dövlət başçısının “Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub” sözləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq prosesinin miqyasını və sürətini nümayiş etdirir. Bu çıxış bir daha göstərir ki, Azərbaycan postmünaqişə dövründə yalnız dağıdılmış infrastrukturun bərpasını deyil, eyni zamanda tamamilə yeni, müasir və dayanıqlı yaşayış modelinin formalaşdırılmasını qarşıya məqsəd qoyub.

Prezidentin “Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir” fikirləri isə Böyük Qayıdış prosesinin ilk növbədə sosial-humanitar məzmun daşıdığını göstərir. Bu gün azad edilmiş torpaqlarda insanların yenidən öz doğma yurdlarında yaşaması, işləməsi və təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Həyata keçirilən layihələr insanların rifahına, sosial təminatına və uzunmüddətli dayanıqlı məskunlaşmaya xidmət edir.

Bu gün Azərbaycan yalnız regionun deyil, bütövlükdə daha geniş coğrafiyanın inkişaf və əməkdaşlıq platformalarından birinə çevrilib. Belə mötəbər beynəlxalq forumun məhz Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, siyasi sabitliyinin və qlobal təşəbbüslərdə fəal iştirakının göstəricisidir. Dövlət başçısının forumdakı çıxışı bir daha göstərir ki, Azərbaycan dayanıqlı inkişaf, sosial rifah və müasir şəhər idarəçiliyi sahəsində beynəlxalq təcrübəni uğurla tətbiq etməklə yanaşı, özünün nümunəvi inkişaf modelini də formalaşdırır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2026